Publika.az-ın özəl qonağı xalqımızın böyük oğlu, müstəqil Azərbaycan mübarizəsinin yorulmaz əsgəri, Azərbaycan diasporunun ağsaqqallarından olan Məhəmməd Kəngərlinin qızı Sevil Kəngərlidir.
– Sevil xanım, sizcə atanızın vətən eşqini qürbət daha çox alovlandırmışdı?
– Atam bütün həyatını Azərbaycan və onun rifahına həsr edib. Lap uşaqlığımdan bəri Azərbaycan Türkiyəyə təhsil almağa, çalışmağa gələn insanlara var gücü ilə yardım etdiyinin şahidi olmuşam. Mühacir soydaşlarımız Türkiyəyə daha rahat alışıb, həyatları öz axınına düşənədək atam əlindən gələni edirdi. Özümü xatırladığım gündən bəri evimizdə böyük süfrələr açılar, vətəndən gələn azərbaycanlılarımız da bu süfrə ətrafında cəm olardılar. Məhəmməd Kəngərli də digər məsləkdaşları kimi qonapərvərliyini özünə müqəddəs borc bilirdi. Həmişə deyirdi ki, övladımız, valideynimiz qarşısında borclu olduğumuz kimi, xalqımızın qarşısında da mənəvi öhdəliyimiz var. Təhsil almağa gələn tələbələrimizə həm şəxsi, həm də üzv olduğu dərnəklərin hesabından maddi dəstək göstərirdi. Ömrü boyu dərin mücadilədən keçmişdi. Həyatında ilk amalı insanlara qayğı, şəfqət, sevgi vermək idi. Bu xüsusiyyətini bizə, anama, Türkiyədən olan ətrafına da aşılamışdı. Qafqaz rəqslərini, Azərbaycan folklorunu əcnəbilərə mənimsətməyə çalışırdı. O, dünyanın hansı nöqtəsində yaşasaydı da, yenə vətən torpağına ayaq basardı.
– Bəs Türkiyəyə köçəndən sonra hansı qurumda çalışırdı?
– Uzun illər Türkiyə “Qızıl aypara” dərnəyi mərkəzinin müdir müavini olaraq fəaliyyət göstərdi. Mütəmadi olaraq xaricə ezamiyyətə də gedirdi. Həmişə sinəsini ən çətin yollarda savaşlara sipər edib. Hətta Hindistan Pakistan arasındakı Kəşmir savaşı dövründə “Qızıl aypara” dərnəyi adından müharibə bölgəsinə ezam olundu. Oradakı cəfakar fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edildi.
– Məhəmməd Kəngərli haqda materialları vərəqləyərkən, Kiprdəki şücaətli fəaliyyəti haqda bir sıra məqamla tanış oldum. Bunları sizin dilinizdən eşitmək istərdim…
– 1963-cü ildə yunanların Kipr türklərinin tarixinə qanla yazdığı qətliamlardan birində “Mayor Nihat” kimi tanınan hərbçi həkimimizin üç övladı və həyat yoldaşı evin hamamında gizlənərkən vəhşicəsinə öldürülür. Bu hadisə baş verəndə atam “Qızıl aypara” təşkilatının komandası ilə orada idi. Həm ailə üzvlərinin nəşinin Türkiyəyə gətirilməsində, həm də bu genosidin üstünü ört-basdır edən ingilislərdən, hakim qüvvələrdən gizlin fotoşəkillərin yayılmasında atamın böyük əməyi var. Aeroportda qurbanların cəsədini və mayor Nihatı Türkiyəyə çatdırarakən, Kipr rəsmiləri çəkilən fotoşəkillərin məhv edilməsini tələb edir. O zamanlarsa, şəkillər çəkilən fotolentlər cihazdan çıxaran kimi hava ilə təmas edib, tərkibini itirirdi. Atam çətinliklə də olsa bir neçə fotonu gələcəkdə türk xalqının başına gətirilən müsibəti sübut etmək üçün qoruyub saxlaya bilir. Bu gün həmin fotoşəkillər Kiprin genosid muzeyində qətliamın ən acı xatirəsi kimi saxlanılır.
– Məhəmməd Kəngərli əslən qarabağlı idi…
– 1914-cü ildə Qarabağda dünyaya gəlib. Cəmi 14 yaşında siyasətlə tanış olur. 1928-ci ildə Milli Müsavat xalq partiyasının Gənc Azər hərəkatına qoşulur. Hətta kiçik yaşlarından etibarən Qarabağın Ağdam, Tərtər, Bərdə, Ağdərə rayonlarında gizli fəaliyyət göstərən Müsavat Partiyasının qrupları arasında məktub daşıyan işində də çalışmışdı. Özü də bunu qürurla xatırlayırdı. 1939-cu ildə rus-fin savaşının qızğın vaxtında cəbhəyə yollanır. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır. Adətən ona sual verirdilər ki, necə əsir düşdün? Zarafatla deyərdi ki, təbii tutularaq.
– Demokratik Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə doktor Kəngərlinin illərə dayanan dərin dostluğu, qardaşlığı olub…
– Atam sovet ordusunun tərkibində bir sıra savaşlarda olmuşdu. İkinci Dünya Müharibəsi dövründə alman ordusuna əsir düşmüşdü. 1942-ci ildə Berlində Azərbaycanın Milli Mərkəzi Başqanı Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmaq imkanı qazanır. Müharibə bitəndən sonra atam Münhendə Ceyhun Hacıbəyli, Xəlil Xasməmmədli, Məhəmməd Əmircan, Doktor Baycan kimi şəxsiyyətləri də tanımaq imkanı qazanır. Savaş sonrası işğalçı sovet ordularına qarşı vuruşan 65 min silahlı Milli Azərbaycan Könüllü Birliklərinin üzvləri Qərbi Avropada səfil həyat sürürdülər. Gələcəkləri də qaranlığa bürünmüşdü. Məhəmməd Əminin uzaqgörənliyi ölüm karvanının qarşısını alır. Gənc azərbaycanlıları bir araya toplamaq məqsədilə 1946-cı ildə Rəsulzadənin təlimatı ilə Münhendə “Azərbaycan Demokrat Birliyi” adlı cəmiyyət yaradılır. Atam isə başqan seçilir. Beləcə mühacirətdə olan soydaşlarımız Almaniya, Argentina, Avstraliya, Avstriya, Amerika, Belçika, Fransa, İran və təbii ki Türkiyəyə köçüb yaşamaq hüququ qazanırlar. Atamla Məhəmməd Əminin qardaşlığı, birliyi Rəsulzadə dünyasını dəyişən günədək davam edir.
– Bu doğmalıq qan qohumluğundan da yüksək zirvə idi, elə deyil?
– Daha möhkəm bağ idi. Məhəmməd Əmin Rəsulzadənin ailəsi ilə çox doğma idik. Valideynlərimin nişan mərasimində barmaqlarına üzüyü Rəsulzadə özü taxmışdı. Toylarında isə xaricdə olduğu üçün iştirak edə bilməmişdi. Amma həyat yoldaşı Leyla xanım gəlmişdi. Mən özümü xatırlayanda artıq Məhəmməd Əmin bəy dünyasını dəyişmişdi. Lakin Leyla xanım ailəmizin ən sevimli insanı idi. Leyla xanım tez-tez bizim evə təşrif buyururdu. Mənə görə o mükəmməl qadın idi. Bizə gələn günlər dərsdən qaçıb evə gedərdim, saatlarla söhbətlərini dinləyə bilərdim. Artıq sarı saçları bəyazlamışdı. Amma yenə də çox səliqəli düzüm verərdi. Ya dəri, yaxud da tül əlcək taxardı. O qədər əsilzadə davranışları vardı ki, sanki saraydan çıxmışdı. Bilirsiniz, Rəsulzadə kimi uca dağın ayaqları altında əzilmədən, zirvəsinə də qalxmadan ağırlığına tab gətirmək hər adama nəsib olmur.
– Məhəmməd Kəngərli ilə eyni acı taleyi yaşayan, bir amal uğrunda mübarizə aparan ziyalılarımızdan biri də Əhməd Yaşat olub…
– Atam Türkiyədə Azərbaycan Kültür Dərnəyinin qurucularından biri idi. Bilirsiniz, onun kimi ziyalılarımız çox çətin həyat yolu keçmişdilər. Müharibə, əsirlik, vətən həsrəti dadmışdılar. Hamısı ikinci vətən kimi Türkiyəyə sığınmışdılar. Türk qızları ilə ailə qurmuşdular. Sanki Azərbaycanı Türkiyədə yaşayırdılar. Amma eyni zamand,a yeni vətənlərinə, onun adətlərinə də təmas edib, etnik, dini fərq qoymayan şəxsiyyətlər idilər. Atamın yaxın dostlarından biri də doktor Əhməd Yaşat idi. O da atamla birgə rus-fin müharibəsinin iştirakçısı olmuşdu. Almanlara əsir düşmüşdü. Əsirlikdən qurtulandan sonra isə arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna əlindən gələn qədər yardım etmişdi. Əhməd Yaşat fasilələrlə Azərbaycan Kültür Dərnəyinin idarə heyətinə sədr seçilmişdi. Bəzən onun yanıqlı söhbətlərini xatırlayıram. Əhməd əmi deyərdi ki, şübhəsiz Allah var, mən onun varlığını təkzib etmirəm. Ancaq əgər o varsa bu qədər insanın məhvinə niyə göz yumur? Mən savaşlarda insanların ot biçimi kimi qırılıb yerə səpələndiyini görmüşəm. Niyə dünya bu ədalətsizlik sütunu üzərində durub?! İndi onun sözlərini xatırlayıram, həqiqətən qəlbimizi yaralayan bu faciələr hələ də səngimir.
– Sevil xanım, Vətənimizi ən az bizim qədər sevdiyinizdən əminəm. Çünki Azərbaycan eşqi sizin xəmirinizdədir. Amma maraqlıdır bu hiss qəlbinizlə ilk dəfə nə vaxt tam hakim kəsildi?
– Türkiyədə 1992-ci ildə ilk dəfə Azərbaycan səfirliyi açıldığı zaman təntənəli tədbirə Cümhuriyyətin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının qəlb ağrısı ilə qoruyub saxladıqları müqəddəs bayrağımız gətirildi. Üçrəngli bayrağımız atam və onun tərəfdaşları tərəfindən yenidən dövlətə təqdim olundu. Süleyman Dəmirəl, Hikmət Çətin, Turqut Özal, Əbülfəz Elçibəy kimi siyası xadimlərin də qatıldığı böyük tədbirdə Məhəmməd Kəngərli və onunla bir amal uğrunda mübarizə aparan dostları Azərbaycan bayrağını səfirliyin binasında yenidən dalğalandırdılar. Bu, hamımız üçün çox böyük qürur və gecikmiş vüsal idi.
Leyla Sarabi