Rus kəşfiyyatçı “fəlakət ssenarisi”ni açıqladı: Rusiya təslim olacaq, çünki…

773

Ukrayna savaşı ilə bağlı önəmli həqiqətlərin prezident Vladimir Putindən gizlədildiyi və Kreml sahibinə reallıqdan uzaq məlumatlar verildiyi iddia olunur… Əgər, Rusiya cəmiyyəti üçün məxfi hesab olunan bu məlumatlar doğrudursa, deməli, Ukrayna savaşı hələ də ABŞ və Qərbin ssenarisi üzrə davam edir…  

Ukrayna savaşının nə vaxt sona çatacağı ilə bağlı ehtimallar özünü doğrultmur. Bu məsələ ilə bağlı durum əslində, müəyyən qədər savaşın başlama ərəfəsindəki situasiyaya bənzəyir. Belə ki, ötən ilin sonlarından Ukrayna savaşının başlandığı günə qədər dəfələrlə müxtəlif proqnozlar verildi, konkret tarixlər göstərildi. Ancaq onların heç birisi doğru çıxmadı.

İndi də Ukrayna savaşının sona çatacağı vaxtı proqnozlaşdırmağa çalışırlar. Yenə də, proqnozlar reallıqdan uzaq qalır. Çünki, Ukrayna savaşının yalnız iki iştirakçısı olduğunu iddia etmək mümkün deyil. Hazırda Ukrayna poliqonunda bir çox nəhəng dövlətin maraqları savaşır. Və belə qəliz situasiyada sülh prosesinə start vermək asan məsələ deyil.

Təbii ki, həm Rusiya, həm də Ukrayna kənar müdaxilələr olmazsa, sülh danışıqları prosesinə dərhal başlayardı. Ancaq ABŞ və Qərb Ukrayna savaşı ilə bağlı planlarının hamısını reallaşdırmağa hələ imkan tapmayıb. Ona görə də, bu savaş istənilən halda, sülh prosesini bloklayan Ağ Ev və rəsmi Londonun ortaq şəkildə “dayandırın” təlimatı verdiyi vaxt sona çata bilər.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Belə vəziyyətdəsə, Ukrayna savaşının daha uzun müddət davam edə biləcəyi ilə bağlı ehtimallar üzərində dayanmaq lazım gəlir. Hətta rəsmi Kiyev gələcək hərbi hədəflərini açıqlayarkən, ilin sonuna yönəlik planlar qurduğunu da qətiyyən gizlətmir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu ilin sonuna qədər Rusiyanın ilhaq etdiyi Krım yarımadasına daxil olmağı planlaşdırır. Və bu müharibənin məhz Krım yarımadası da daxil olmaqla, işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcəyinə əmin olduğunu vurğulayır.

Digər tərəfdən, Baş Kəşfiyyat İdarəsi Ukrayna savaşının Rusiya üçün hansı ssenari üzrə bitəcəyini proqnozlaşdırmağa çalışıb: “Rusiyanın ərazi bütövlüyü formal olaraq, saxlanılmaqla, bu ölkə siyasi rəhbərlik dəyişdiriləcək. Rusiyanın siyasi rəhbərliyində hər kəs Ukrayna savaşına görə prezident Vladimir Putini və onun yaxın çevrəsini günahlandıracaq. Rusiyanın bu savaşda heç bir strateji marağının olmadığını bəyan edəcəklər. Nəhayət, son nəticə olaraq, Rusiya öz qoşunlarını dünyanın bütün işğal olunmuş bölgələrindən çıxartmaq məcburiyyətində qalacaq”.

Şübhəsiz ki, bütün bunlar rəsmi Kiyevin və Ukraynanı himayə edən beynəlxalq hərbi-siyasi mərkəzlərin ümid bəslədiyi ən məqbul ssenaridir. Ancaq bu ssenarinin birmənalı şəkildə doğrulacağına inanmaq hələ çox tezdir. Çünki Kremldə də Ukrayna savaşının yekunları ilə bağlı müəyyən planlar qurulur. Rusiyanın indiyə qədər öhdəsindən gələ bilmədiyi hədəflər yeniləri ilə əvəzlənir.

Qərb mətbuatının kəşfiyyat servislərinə istinadən verdiyi məlumata görə, Rusiya Ukrayna savaşında üzləşdiyi vəziyyətdən qətiyyən məmnun deyil. Ona görə də, Kreml vəziyyəti öz xeyrinə dəyişmək üçün savaşın üçüncü fazasına hazırlaşır. İddia olunur ki, Kreml də Ukrayna savaşının bu ilin sonuna qədər uzadılması məqsədilə Rusiyanın maliyyə-iqtisadi və hərbi-texniki resurslarını hesablamağa başlayıb. Yəni, sülh danışıqları ilə bağlı bütün cəhdləri uğursuz olan Kreml ABŞ və Qərbin istəklərinin əksinə olaraq, Rusiyanı indiki mərhələdə məğlubiyyətdən yayındırmaq niyyətində ciddidir.

5937898f-81b6-40ba-aca3-555654803559.jpg (265 KB)

Qərb ölkələrinin kəşfiyyat servisləri hesab edirlər ki, Kreml Rusiyanın bu ilin sonuna qədər tab gətirəcəyi təqdirdə, dünyada böhranın dözülməz həddə çatacağına ümid bəsləyir. Yəni, hesab olunur ki, qış ayları yaxınlaşdıqca, həm Ukraynada, həm də Avropada maliyyə-iqtisadi və enerji böhranı ən yüksək həddə çatacaq, əhalini istiliklə təmin etmək problemə çevriləcək. Enerji resurslarının qiyməti bəzi ölkələr üçün əlçatmaz səviyyədə bahalanacaq və bu, iqtisadiyyatın bütün sahələrinə sarsıdıcı zərbələr vuracaq. Və nəticədə ilin sonuna doğru Qərbdə Kremlin tələbləri çərçivəsində Rusiya ilə anlaşmağın qaçılmaz olduğunu anlayacaqlar.

Əlbəttə ki, Kreml həqiqətən də belə hesablamalar üzərindən planlar qurursa, bu, qətiyyən məntiqsiz görünmür. Sadəcə, problem ondadır ki, Rusiyaya qarşı tətbiq olunan total sanksiyalar şəraitində Kremlin də ilin sonuna qədər Ukrayna savaşının mənfi təsirlərinə tab gətirməsi asan məsələ kimi görünmür. Və bu baxımdan, Rusiyanın şanslarının ümidverici olduğunu düşünmək sadəlövlük olardı.

Məsələ ondadır ki, Ukrayna savaşının davam etdiyi cəmisi üç ay ərzində Rusiyanın başlanğıc hərbi kampaniyası tamamilə iflasa uğrayıb. Donbas separatçılarının keçmiş hərbi lideri, Rusiya kəşfiyyatının polkovniki İqor Strelkov bildirib ki, Kreml Ukraynanı işğal etmək planı ilə savaşa başlasa da, hazırda hədəflərini yalnız DXR və LXR-in müdafiəsi ilə məhdudlaşdırmaq məcburiyyətində qalıb.

073816c1b650bc3d945af75d161df8f9.jpg (404 KB)

Rus kəşfiyyatçının fikrincə, Rusiya hazırda elə vəziyyətdədir ki, Kreml hətta Ukrayna prezidenti Volodimir Zelenskini və onun komandasını “hörmətli tərəfdaş” elan etməyə belə, hazırdır: “Kreml savaş öncəsi devirməyi planlaşdırdığı Zelenski hakimiyyətinə doğru addım atmaq imkanları axtarır. Ancaq belə şansın olacağı o qədər də inandırıcı deyil. Çünki Zelenski hakimiyyəti Kremlə doğru addım atmaq niyyətindən çox uzaqdır və savaşmağa üstünlük verir. Üstəlik, Ukrayna lovğa Rusiya siyasi dairələri kimi ötən əsrdən qalma yararsız hərbi texnika ilə deyil, məhz Qərbin güclü və real dəstəyinə arxalanaraq, vuruşur”.

Polkovnik İ.Strelkov əmindir ki, situasiyanın Rusiya üçün olduqca neqativ ssenari üzrə unkişaf etdiyini Kremldə bir çoxları anlayır, ancaq bu barədə prezident V.Putinə məruzə etməyə hazır deyillər: “Savaşın uzadılması Rusiyanın əleyhinədir. Rusiya siyasi, maliyyə-iqtisadi, sosial və s. səbəblərdən uzunmüddətli savaşa tab gətirə bilməz. Bu, tam kapitulyasiya ilə nəticələnə bilər”.

Göründüyü kimi, rus kəşfiyyatçı Kremli gözləyən “fəlakət ssenarisi”ni açıqlayarkən, savaşın uzanacağı təqdirdə, Rusiyanın tam məğlubiyyətinin qaşılmaz olduğunu iddia edir. Üstəlik, bəzi önəmli həqiqətlərin prezident V.Putindən gizlədildiyinə və Kreml sahibinə reallıqdan uzaq məlumatlar verildiyinə eyham vurur. Əgər, onun Rusiya cəmiyyəti üçün məxfi hesab olunan məlumatları doğrudursa, deməli, Ukrayna savaşı hələ də ABŞ və Qərbin ssenarisi üzrə davam edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər