Ruslan Poladov: “Başda bizə sürpriz kimi baxanlar, indi “Simurq”a azarkeşlik edir”

993

Sumqayıt futbol məktəbinin yetirməsi  olan və  hazırda “Simurq”un formasını geyən Ruslan Poladov Sportinfo.Az-a müsahibəsində öz karyerasından və bundan başqa bir çox maraqlı məqamlara aydınlıq gətirib.

 

– Ruslan, ilk “altılığ”a düşdünüz. Komandanızın bundan sonrakı hədəfləri nədən ibarət olacaq?

– Biz yenə hər oyuna qələbə əzmi ilə çıxacağıq. Azərbaycan kubokunda da öz yolumuza davam edirik. Premyer Liqada isə maksimum gedə biləcəyimiz yerə qədər getmək istəiyirik. Başda bizə sürpriz kimi baxanlar, indi “Simurq”a azarkeşlik edir. Öz oyunlarımızla sübut etdik ki, bu təsadüfü olan bir şey deyil.

– “İnter” komandasında çıxış edərkən tez-tez ehtiyatda qalırdın və artıq karyeranda eniş hiss olunurdu. Lakin “Simurq”a keçdikdən sonra hər şey düzəldi və səndə yenidən artım oldu, bu nə ilə bağlı idi?

– Ola bilsin “İnter” Kaxaber Sxadadzenin oyun üslubuna uyğun gəlmirdim, lakin məşqlərdə normal səviyyədə çıxış edirdim. Hazırda “Simurq”da da eyni səviyyədə çıxış edirəm, sadəcə olaraq məşqçilər korpusu burda mənə güvənir və etibar edirlər. Amma bununla kifayətlənmirəm, arxayınlaşmamaq üçün məşqlərdə daha çox işləyirəm.

– Həftə sonu “Neftçi” ilə çətin oyuna çıxacaqsınız…

– Baxmayaraq ki, ilk “altılığ”ıı özümüz üçün təmin etmişik, b matça da qələbə üçün çıxacağıq. Çünki final mərhələsinə kimi xal ehtiyatımızı artırmaq istəyirik. Üstəlik biz elə bir komandayıq ki, rəqibin kimliyinə baxmırıq. Meydançaya yalnız və yalnız qələbə üçün çıxırıq.

– Bildiyin kimi, “Simurq” və “Neftçi” azarkeşləri arasında son illər ərzində xüsusi rəqabət yaranıb. Zaqatalalıları yalnız qələbə maraqlandırır. Əgər “Simurq” həmin matçda istədiyi nəticəni qazana bilməsə, olacaqları düşünə bilirsənmi?

– Mən istəyirəm ki, həm “Neftçi” həm də “Simurq” azarkeşləri stadiona komandalarını dəstəkləmək üçün gəlsinlər. Azarkeşlərin stadionlarda qeyri-etik sözlər işlətmələri, lazımsız hərəkətlər etmələri yolverilməzdir. Futbol 3 nəticədən ibarətdir, bunun qələbəsi də var, heç-heçəsi də, məğlubiyyəti də. İnşallah, oyun günü kim yaxşı oynasa o da qələbə qazanacaq. Azarkeşlərimizin bizi dəstəkləməyini istəyirik.

– Rasim Ramaldanov AZAL-la keçirilən matçda qırmızı vərəqə alaraq, 1 matç cəzalı duruma düşdü. Necə düşünürsən, “Neftçi” ilə matçda Rasimin yeri görsənəcək?

– Əlbəttə, Rasimin olmaması komandada boşluqlar yaradacaq. Rasim həm kapitanımız həm də əsas heyət oyunçumuzdur. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək.

Hidayət QURBANOV

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər