“Kimlərsə gecə yatıb səhər ayılaraq fikirləşir ki, görəsən nədən pul çıxara bilər?
Sonra da qanuna özü istədiyi formada düzəlişlər edir, nəticədə də kimlərsə, oturduğu yerdə korrupsiya yolu ilə milyonlarla manat pul qazanır, kimlərinsə isə hüquqları pozulur. İnsan övladı halal pulla qurulan daxmanın, haram pulla qurulmuş və üstəlik hasara alınmış imarətdən fəlakətlərə qarşı daha davamlı olduğunu düşünürmü?”
Rüşvətin müasir və daha təkmilləşmiş forması olan korrupsiya bizlərdə adi hal alıb. Nə də olsa “pulu verib, canımı qurtaracağam” anlayışı formalaşıb cəmiyyətimizdə. Dəyərlər çoxdan dəyişib. Kim daha çox rüşvət alırsa, bir o qədər camaatın gözündə güclü görünür. Hər şey rüşvətin yazılmamış, amma yazılandan qat-qat artıq işlək qanunları ilə həyata keçirilir. Bəs bu əməllərin, onu alan günahkar əllərin axırı nə olacaq? Yəqin cavabı ilə əzabı o dünyadadır.
“Salam verdim, rüşvət deyildir deyə almadılar” Yəqin ki, bu ifadə sizə tanışdır. Bax həmən bu ifadə XVI əsrdə yaşamış, mənsub olduğu xalqın ən başlıca xüsusiyyətini önə çəkən dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə məxsusdur. Di gəl indi de ki, Azərbaycana rüşvəti əcnəbilər gətirib. Deməli hələ XVI əsrdə kiminsə cibin doldurmasa idin, nəyəsə nail ola bilməzdin. Bunu bəndəniz deyil, Məhəmməd Füzuli deyirdi.
Bu insan ki, var çox problemli varlıqdır. Yaşadığımız cəmiyyətdə bir reallığı nəzərdən qaçırmaq olmaz. Müşahidə etsək insan həyatının rüşvət üzərində qurulduğunu şahidi olarıq. İnsan dünyaya gələndə rüşvətlə doğulur. Ağ xalatlılar dünyaya körpə gətirən ananın, eləcə də yaxın qohum-əqrəbanın ətrafını kəsdirərək ciblərini soyaraq sonuncu qəpiyi belə orda qoymurlar. Elə ki, uşaq ki, böyüyür, bağçaya, məktəbə gedir, bax əsas problemlər elə bundan sonra başlayır. Təhsil aldıqları məktəbdə uşaqlardan min bir üsul ilə müəllim və direktorlar pul qoparırlar. Elə ki, bir dövlət orqanından nəsə lazım olur, bürokratik əngəllər, süründürməçilik və sonra da rüşvət verirsən. Beləcə də ömrün rüşvətlə keçir. Ömrünü başa vuranda da rüşvətlə başa vurursan. Dünyadan köçəndə qəbir üçün yer almağa rüşvət, qəbir qazmağa rüşvət, baş daşına rüşvət. Hara gedirsən RÜŞVƏT, RÜŞVƏT YENƏ DƏ RÜŞVƏT….
Bəlkə də bu insanların bir çoxu “rüşvət almasam dolana bilmərəm” fikrilə bu əməli törədirlər. Görəsən o, pullu insanların, rüşvətxorların haram pullarla yaratdığı imarət fəlakətin qarşısında tab gətirə biləcəkmi? Fəlakət sözü təbii fəlakətləri ifadə etmir. İnsan övladının başına gələ biləcək bütün fəlakətləri nəzərdə tuturam. Yəqin öz cibini düşünmək Allahı da unutdurub onlara.
Elmini, təhsilini rüşvətlə başa vuran bir vətəndaşımızın gələcəkdə Azərbaycana xeyri nə olacaq? Və ya vərdiş halını alan bu “sənət yolunu” onların davam etdirməyəcəyinə kim zəmanət verə bilər? Hazırda bu əməli törədənlər bəlkə də bir vaxt, “mən əsla rüşvət almaram” fikrində olublar. Amma daha sonra oturduqları yumşaq və komfortlu kreslolar onlara öz sözlərini unutdurub.
Rüşvətin alınması onu alanlara sərf etdiyi kimi, rüşvətin verilməsi də bir çox vətəndaşımıza sərf edir. Kimlərdir o insanlar? Tutduğu əməldən peşman olmayıb davamlı olaraq onu təkrar edənlər, bir çox qayda qanunu pozanlar! Hətta bilərəkdən pozanlar da var qayda qanunları. Bir çoxlarımızda belə bir sual yarana bilər. Verən razı, alan razı! Sənə nə? Bəs bu sualı verən insan rüşvətin əzdiyi kasıb, rəzil xalqı görə bilirmi? Söhbət hansı xalqdan gedir? Pulu olmadığına görə xəstəxanalarda ən son sırada müayinədən keçmək haqqına sahib insanlar, pulun gücünə əllərindən mal varlıqları alınan insanlar və digərləri. Yəqin ki, bu iki misalla kimlərin nəzərdə tutulduğunu anladınız. Bizlər o xalqın yerində özümüzü hələ bir canlandıraq. Əl çirki hesab edilən pula görə bizlərə bu haqsızlıqlar edilsə, bir çoxumuzda əsəb göz yaşları axar hətta. Amma bütün bu haqsızlıqlara dözən xalqımız var. Axı Azərbaycan xalqı dözümlü xalqdır! Rüşvət olan yerdə hər şey əndazəsindən çıxır, insanlıq unudulur. Pulun varsa, “daydayı”n varsa işlərin yağ kimi (“Yağ kimi” verilişin nəzərdə tutmuram) gedəcək.
P.S. Siz siz olun, nə rüşvət verin nə də alın !!! Pulun gücünə oturulan oturacağınızı bir gün ağıl, bilik gücünə uduzacaqsınız! İndi hamı qanunu əyirsə, bir gün qanun hamını əyəcək!
RAMİL ZEYNALLI
Oyresmisik e biz.Adice hekime gedirsen.Dovlet xestexanasi da bildiyimiz kimi pulsuz xidmet gosterir.Amma hekim muayine edenden sonra ozumuz cibine pul qoyuruq.”lazim deyildi,neynirsiz”-deyenleride olur.Ele deyirik yoxx ee bu pulu gturmwelisen.Sonra da deyirik her yer rusvetdi.