Əslində onunla saqqalla bağlı araşdırmam çərçivəsində söhbətləşməyi düşünürdüm. Ancaq sonra fikirləşdim ki, düşüncələri bir neçə sətrə sığmayacaq. Ən yaxşısı, ayrıca söhbət edim.
Beləliklə, həmsöhbətim ölkənin ən qlamur bərbəri, Corc Kuninin “əkizi”, model Fuad Hacıyevdir.
– Fuad, necə düşünürsünüz, saçın materialına, keyfiyyətinə görə insan xarakterini müəyyən etmək olar?
– 23 ildir bu sahədə çalışıram. Təcrübəmə əsasən deyə bilərəm ki, bəli, saçın keyfiyyəti insanın xasiyyəti haqda çox şey deyə bilər.
– Məsələn…
– Məsələn, götürək mənim anamı. Onun çox yumşaq və sözəbaxan saçları var. Eynən xarakteri kimi. Bir də çox sərt saçlar olur ki, ələ yatmır. Belə insanlar daha sərt və qaba olurlar. Bir də var cod, amma bir o qədər də sözəbaxan saçlar. Belə insanlar adətən möhkəm iradəli, bir o qədər də mehriban olurlar. Seyrək saçlar da bir çox şeydən xəbər verə bilər. Bu əsasən sahibinin zəif xarakterinin göstəricisidir. Zərif saçlılarsa, qəlbən də hər şeyə eyni incəliklə yanaşırlar.
– Bir sözlə peşənizin dərin fəlsəfəsi var…
– Əlbəttə. Bərbərlik bütöv bir incəsənətdir. Səmimi etiraf edim, mən peşəmə gəlir mənbəyi kimi baxmıram. Doğrudur, yaxşı yaşamağımız üçün pul da əsas şərtdir, amma hər bir müştərimə individual yanaşmağa çalışıram. Bizim işimizdə mütləq bir az filosof, bir az da psixoloq olmağı bacarmalısan. Hər müştəri ilə onun dilində danışmalısan. Uşaqla uşaq olmalısan, böyüklə böyük…
– Yəqin ki, ən tələbkar müştəriləriniz uşaqlardır.
– Mən balacaları çox sevirəm. Çox vaxt valideynlər əvvəlcədən xəbərdarlıq edirlər ki, bizim uşağımız çox kaprizlidir. Öncədən hazırlıqlara başlayıram. Yəni ortaq maraqlar tapıb, o mövzulardan danışıram ki, inamını qazanım. Sonra isə işimi görürəm. Bilirsiniz, uşaqlar da böyüklər kimidir. Onlara şəxsiyyət kimi yanaşıb, hörmətlərini qazanmalısan.
– Müştərilərinizlə nə dərəcədə səmimiyyət qurursunuz?
– Hər biri ilə gözəl münasibətim var. Lakin çox yaxınlaşmamağa çalışıram.
– Niyə?
– Mən yaxın dostlarımdan göstərdiyim xidmətə görə ödəniş tələb etmirəm. Özü də kifayət qədər dostum var. Ona görə aradakı pərdəni qoruyuram. Axı mən həm də pul qazanmalıyam (gülür).
– Bəs dostlarınız tez-tez sizə müraciət edirlər?
– Onlar bilirlər ki, pul almayacam. Ona görə ya özləri pulsuz xidmət istəmir, ya da işçilərimə yönəldirəm ki, mən qazanmıramsa, heç olmasa, onlar qazansın. Ümumiyyətlə, insanlar mənə müraciət edəndə, elə ilk dəfədən anlayıram ki, o mənim gələcək müştərim olacaq, ya yox. Sosial şəbəkələrdə çox fəal deyiləm, amma bu yaxınlarda feysbukda təxmini belə bir status paylaşdım: “Hərdən mənə elə gəlir ki, insanlar yanıma yaxşı işlədiyimçün deyil, gözəl ünsiyyətdə olduğumçün gəlirlər”.
– Sirlərinizi bölüşəsiniz bəlkə…
– Mən heç vaxt müştərimdən harda işlədiyini, nə qədər qazandığını soruşmuram. Əksinə, daxili dünyası ilə maraqlanıram. Məsələn, hansı ölkəni, mədəniyyəti daha çox sevir…
– Bəs özünüz hansı mədəniyyəti sevirsiniz?
– Asiya mədəniyyətini… Ümumiyyətlə, səyahət etməyi sevirəm. İllər sonra anladım ki, Asiya mədəniyyəti mənim üçün harmoniyadır. Yaponiya, Malayziya, Tailand… Bir sözlə, bütün bu ölkələri gəzib, kifayət qədər zövq almışam. Amma ən dərin emosiyalara Hindistanda qapıldım. Çoxları mənə deyirdi ki, ora başdan-başa antisanitariyadır, getmə. Bu məni fikrimdən dönərmək üçün bəhanə deyildi. Ən çox heyrətimə bilirsiniz nə səbəb oldu? İnsanlar oduqca kasıb yaşayırlar, amma həyatın dəyərini elə özəl anlayırlar ki… Mən onlara sual verirdim ki, bu cüzi maaşla necə yaşayırsınız? Cavab verirdilər ki, ruhdan düşmürük. Bu gün var yeyirik, sabah yoxdur yeməyəcəyik, amma buna da şükür. Yəni demək istəyirəm ki, insanları maddi dəyərlərinə görə sevmirəm. Bir məmuru da, onun sürücüsünü də eyni hörmətlə qarşılayıb, yola salıram.
– Yəni demək istəyirsiniz ki, ölkəmizdə sizin kimi insanlar hələ də var?
– Bilirsiniz, hər şey müvəqqətidir. İnsanları bir-birindən fərqləndirən pul deyil, bilikdir, dünyagörüşüdür. Əməlləriniz yaxşı olsa, qarşınıza da yaxşı insanlar çıxacaq.
– Bəs necə düşünürsünüz, hər zaman yaxşı adam olmaq məcburiyyətindəyik?
– Pislik eləməyə nə var ki?! Bir dəfə işçilərimlə aramda böyük problem yaşandı. Özümə söz verdim ki, artıq daha sərt olacam, insanlarla aramda məsafə qoyacam, yeri gələndə kobudluq da edəcəm, işdən də qovacam. Amma bacarmadım. Özləri də mənə deyir ki, heç olmasa, hərdən müdir kimi davran. Bacarmıram.
– Bu artıq genetikadır.
– Siz yeganə insansınız ki, məni anladınız. Çox vaxt deyirlər, bu tərbiyənin nəticəsidir. Amma bir ailədə böyüyən 5 uşağın hamısının tərbiyəsi eyni deyil axı. Bəzən deyirlər ki, Avropada, elə Moskvanın özündə yaşasan, bilirsən necə böyük pullar qazanarsan? Deyirəm ki, istəmirəm. Mən bu şəhərdə xoşbəxtəm. Xüsusən də Bakının küçələrində gəzməyi çox sevirəm. Necə deyərlər, “millətimin pisinə də qurban olum, yaxşısına da”. Əsas odur ki, yaxşılıq eləyib, qarşılığını gözləməyin. Qarşınızdakı insan hisslərinizə layiqli cavab vermirsə, bunu faciəyə çevirməyin. Sadəcə münasibətləri soyudun.
– Fuad, sizi tanıyanlar bilir ki, ananıza çox bağlısınız.
– Hər kəs valideynlərini sevir. Amma mənim anama olan münasibətm sadəcə sevgi deyil. Mən onun üçün yaşayıram. O mənim tək anam deyil, ən yaxın dostumdur. İndi xəstəliyi ilə mübarizə aparır, əlimdən gələni edirəm ki. həyatı daha rahat olsun. Hərdən ətrafımdakılara deyirəm ki, ananızı övladınızdan çox sevin. Çünki yenidən övlad dünyaya gətirə bilərsiniz, amma ananızı heç kim əvəz edə bilməz. Xüsusən də atamı itirəndən sonra bütün hisslərimi ona bağladım.
– Neçə yaşınız vardı atanızı itirəndə ?
– 21 yaşında idim. Hər zaman anamı daha çox sevmişəm, amma atama çox böyük hörmətim var. Gələcəkdə oğlum olsa, mütləq ona bənzəməyini istərdim. Ailə sevgisini, ailə istiliyini heç kim və heç nə əvəz edə bilməz. Ailəmlə dostlarımı heç vaxt eyni tərəziyə qoymuram. Çünki ailəm özümdür. Dostlarımsa həyatımın ilk pilləsindədirlər.
– Bəs ailəyə bu qədər dəyər verən insan niyə özü ailə qurmur?
– Bu mövzuda da məni heç kim anlamır, amma izah etməyə çalışacam. Mən varlı ailədə doğulmamışam. Heç orta dolanışıqlı ailədən də deyiləm. Fəhlə sinfinə aid idik. İndi 39 yaşındayam, 16 yaşımdan bəri işləyirəm. Elə o vaxtdan özümə söz verdim ki, çox çalışıb, cəmiyyətdə yerimi tutacam. Anama, doğmalarıma daha gözəl həyat verəcəm. Bütün gəcliyimi işə həsr etdiyim üçün heç vaxt evləmək haqda düşünməmişəm. Nə vaxtsa, ailə qursam, istəyirəm ki, əlavə aylıq gəlirim olsun. Bir gün başıma iş gəlsə, ailəm aclıq çəkməsin. Ümumiyyətlə, bu haqda dəfələrlə filmlərə də baxmışam. Əsas məqsəd o deyil ki, sən öz övladını dünyaya gətirib, böyüdəsən. Ailəyə, sevgiyə möhtac olan minlərlə uşaq var. Onları himayənizə götürüb, isti ocaqla təmin edə bilərsiniz. İndi subayam, amma bacımın övladarı, hətta nəvəsi var. Bütün sevgimi hələlik onlara vermişəm. Belə baxsaq, gənc baba sayılıram. Vaxtı gələndə isə evlənəcəm.
– Sizə bir ad deyəcəm, çox lakonik cavab gözləyirəm: Günay Musayeva.
– Yaxın dost…
– Ümumiyyətlə şou-biznesdə dostlarınız var?
– Çox az. Bir vaxtlar çoxu ilə işləmişəm. Ən çox sevdiyim dostlarımdan biri də Aygün Kazımovadır. Yəqin eyni gündə doğulmağımız, bir bürcdən olmağımızın da təsiri var. Ona hər zaman deyirəm ki, mənim üçün Xalq artisti Aygün Kazımova deyilsiniz. Məni sizə dostluq bağlayır.
– Bəs Corc Kluni ilə sizi bir-birinizə nə bağlayır?
– (gülür) Deyirlər ki, mən ona çox bənzəyirəm. Əslində, düşünürəm ki, bu dünyada hamımızın əkiz tayı var. Hətta bir fotokollaj düzəldiblər, görəndə çox təəccübləndim. Anamsa baxıb elə bildi ki, yarı üz mənəm, yarısı atam. Çünki Kluni atama da bənzəyir.
– Aktyorluq qabiliyyətiniz var?
– Əslində, həmişə aktyor olmaq istəmişəm. Hətta ümidimi tam üzəndə, öyrəndim ki, Lüi De Fünes ona ən çox məşhurluq gətirən filmə çəkiləndə 44 yaşı olub. Ona görə düşünürəm ki, hər şey irəlidədir. Doğrudur, Azərbaycanda təkliflər gəlib, amma heç biri ürəyimcə olmayıb. Melodram janrlı filmdə rol almaq istərdim ki, doyunca ağlaya bilim (gülür).
– Əminəm ki, sizdə gözəl alınacaq.
– Amma arzularımdan biri Brüs Uillislə bir filmdə oynamaqdır.
– Corc Kluni rolunda?
– Yox, təbii ki… Yəqin yadınızdadır, uzun illər öcə Faiq Ağayevin “Aldatdı məni” klipində mənfi qəhrəmanı canlandırmışam. Faiq məni layihəyə dəvət edəndə dedi ki, obraz mənfidır. Razısansa, buyur gəl. Həqiqətən çox uğurlu klip ərsəyə gəldi. Onda anladım ki, nəinki filmdə, hətta həyatda da pis insan olmaq çətindir.
– Asiya, hind mədəniyyətini sevirsinizsə, yəqin yoqaya da maraq göstərirsiniz.
– 9 il basketbolla məşğul olmuşam. Sonra qolumdan zədə aldığım üçün idmandan bir müddət uzaqlaşdım. İndi tez-tez idman zalına gedirəm. Neqativimi belə çıxardıram. Bir də astrologiyaya marağım var. Yəni, bu elm insanlarla daha asan ünsiyyət qurmağıma kömək olur. Çünki bürclərə görə xarakterləri təqribi də olsa, bilirəm.
– Sizcə, niyə yuxu görürük?
– Bu haqda heç düşünməmişəm.
– Tez-tez yuxu görürsünüz?
– Demək olar ki, bəli. Çox vaxt da rəngli yuxular görürəm. Cəmi bir dəfə gördüm ki, qolumu sındırıram, elə də oldu. Amma ümumiyyətlə, çox pozitiv olur yuxularım. Hətta tez-tez görürəm ki, uçuram.
– Bu psixoloji baxımdan o deməkdir ki, içinizdəki uşağı itirməmisiniz.
– Nə yaxşı, bilmirdim. Özü də çox vaxt yuxularda uçmaq arzusu ilə yatıram.
Leyla Sarabi
Fotolar: Səfiyar Məcnun