Bu gün “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının rəsmi internet səhifəsi olan www.csyo-az.org saytına haker hücumu olub. Bu barədə məlumatı saytımıza təşkilatın sədri Tofiq Sadıxov verib. Onun sözlərinə görə bu sayta olan ikinci hücumdur. Birinci dəfə keçən ay belə bir hadisə baş verib və problem təşkilatın İT mütəxəsisləri tərəfindən dərhal aradan qaldırılıb. Hal-hazırda sayt işləmir, tez bir zamanda mütəxəsislər bu problemi də aradan qaldıracaqlar. Təşkilatın fikrincə bu təsadüfi hal deyil. Lakin bu yolla təşkilatın işinə mane olduqlarını düşünən hakerlərə demək istəyirik ki, güclərini qondarma erməni soyqırımı və Azərbaycan əleyhinə yaradılmış düşmən saytlarını dağıtmağa sərf etsələr daha xeyirli işlər görmüş olarlar.
Xatırladaq ki, son zamanlar aktiv fəaliyyəti ilə seçilən “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı yeni bir layihənin icrasına başlayır. Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika teatr festivalı” adlı layihə milli qəhrəman şəhid Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub. Üç ay davam edəcək layihənin icraçı direktoru Hacıbəy Heydərlinin verdiyi məlumata görə, layihə üç mərhələdə keçirilir. Avqustun sonunadək davam edəcək birinci mərhələ vətənpərvərlik mövzusunda yazılan ssenarilərin və bu ssenariləri teatrlaşdıracaq yaradıcı kollektivin qəbuludur. Sentyabrdan başlayacaq ikinci mərhələdə isə təsdiq olunan ssenarilər və yaradıcı qruplar festivalda iştirak etmək hüququ qazanacaqlar. Sonda, yəni noyabrda Bakıdakı teatrların birində festival keçiriləcək və festivaldan sonra qaliblərin adları elan ediləcək. Birinci yeri qazananlara 1000 AZN və kubok, ikinci yerin sahiblərinə 700, üçüncü yerə çıxanlara isə 500 AZN veriləcək.
Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını mubariz_ibrahimov-festival@hotmail.com- elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər.