Şair-publisist şagirdlərlə görüşdü

1148

Bu günlərdə Sumqayıtda yerləşən Laçın rayonu R.Hümbətov adına Güləbird orta məktəbində bir həyəcan yaşanırdı. Bu da səbəbsiz deyildi. Məktəbin yetirməsi, pedaqoji elmlər namizədi, şair-publisist, muğam və xalq mahnılarının ifaçısı Cəbrayıl Qəhrəmanovla görüş keçirildi. Məktəblilər hörmətli qonağı gül-çiçəklə qarşılayıb “xoş gəlmişsiniz” dedilər…

Görüşü məktəbin direktoru Tapdıq Abbasov açaraq, Cəbrayıl müəllimin həyat və fəaliyyəti barədə görüş iştirakçılarını məlumatlandırdı: – Cəbrayıl Qəhrəmanov 1958-ci ildə Güləbird kəndində anadan olub. İlk təhsilini də kənd məktəbində alıb. Orta məktəbdə dərs əlaçısı olub, bütün fənləri əla qiymətlə oxuyub, fənn olimpiadalarının iştirakçısı və qalibləri olub. Orta məktəbdə riyaziyyat və fizikanı maraqla öyrənib. Onun oxuduğu sinfin şagirdlərinin əksəriyyəti yaxşı oxumuş, gələcək karyera qurmuşlar. Orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə daxil olur. Oxuduğu dövrdə dünya şöhrətli fiziklərdən – Abdulla Muxtarov, İsmət Sabir Hacıyev, Bəhram Əsgərov, Aydın Kazımzadədən mühazirələr dinləyib, onlar qarşısında imtahan vermişdir. Bakı mühiti onun dünyagörüşündə böyük dəyişikliklər yaradır, o ədəbi-bədii yaradıcılıqla, musiqi ilə məşğul olur. Müstəqil olaraq tarda muğamları çalıb oxumağı öyrənir. İndi bütün muğamları gözəl ifa edir.

1981-ci ildə ali təhsilli fizika müəllimi kimi doğma Güləbird orta məktəbinə qayıdır. Yenilikci mütəxəssis məktəbdə sevimli müəllim obrazı yaradır. İdarəetmə qabiliyyəti nəzərə alınaraq onu təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edirlər. O, gənc müəllimlərin hami-tərbiyəçisi olur. 1992-ci ildə Laçın işğal olunduqdan sonra Bakıya gəlir. Orta məktəblərdə müəllim işləyir. Elmi-tədqiqat işlərinə başalyır. Professor Zahid Qaralovun rəhbərliyi altında fizikanın metodikası üzrə elmi iş yazır və 2000-ci ildə dissertasiyanı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. O, orta məktəbdə fizikanın metodikasına aid qiymətli məqalələrlə mətbuatda çıxış edir. 1998-ci ildə Bakı şəhərində “Bilik” hazırlıq mərkəzi yaradır və indiyə kimi onu məharətlə idarə edir. Bu mərkəz Bakı şəhərində yüksək reytinqə malikdir.

…Şagirdlər mərhələ-mərhələ Cəbrayıl müəllimin şerlərindən nümunələr söylədilər. Pedaqoji Kollektivin üzvləri, həmkarları – məktəbin yetirməsi haqqında xoş xatirələr danışdılar…

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Y.Abbasov: – Mən onunla həm orta məktəbdə, həm universitetdə, həm hərbi çağırışda, həm də müəllimlik dövründə dostluq etmişəm. Həmişə səmimi olmuşuq. Ailəvi, mehriban hisslərlə yaşamışıq. Onun istedadı o qədər güclü oldu ki, uzun illərin keçməsindən sonra o yenidən alimlik adı qazandı. Biz həmişə görüşəndə keçmiş xatirələr əhatəsində o illərə qayıdırıq. Müəllifin “Düşüncələr işığında” kitabı stolüstü kitabıma çevrilib. Mən dostuma növbəti elmi titullar arzulayıram.

Məktəbin riyaziyyat müəllimi Sahibə Abbasova: – Cəbrayıl müəllim qardaşımla dost olduğu üçün ailəmizin sevimlisi olub. Atam Əliqulu müəllimin ən istəkli, savadlı şagirdi idi. Həmişə bizə gələrək ali məktəbin imtahanlarına hazırlaşırdılar. Sonralar bir kollektivdə müəllim işlədik. Onun sadə insani xüsusiyyətlərini həmişə yüksək qiymətləndirmişəm.

Tarix müəllimi Aydın Həmidov: – 1987-ci ildə məktəbə tarix müəllimi təyin olunanda, Cəbrayıl müəllim mənə çox metodik köməklik göstərdi. Həmişə onunla məsləhətləşirdim. Cəbrayıl müəllimin şer-sənət-musiqi barədə söhbətlərindən doymazdıq. O, ədəbiyyat müəllimləri ilə həmişə debata girirdi. Bu gün müəllifin gözəl şerləri şagirdlərimiz tərəfindən ifa olundu…

Mən kollektivimizin yetirməsi ilə fəxr edirəm.

Məktəbin müəllimi Yaqut Abbasova: – Cəbrayıl Qəhrəmanov 1981-ci ildə məktəbə müəllim təyin olunanda ilk dərsi bizim sinifdə keçmişdi. Onun dərsinin təsiri uzun müddət məni valeh etmişdi. O dərsdən hiss etdim ki, o gözəl müəllim olacaq. Mən yaddaşımda yanılmamışdım. O, bu gün metodist – alim kimi qarşımızdadır. Mən keçmiş müəllimimin bütün uğurları ilə öyünürəm…

Nəhayət, söz qonağa verildi. O, görüş üçün minnətdarlığını bildirdi, şagirdlərə tövsiyyələrini verdi. Onların suallarını cavablandırdı.

– Siz bu günkü uğurlarınız üçün kimlərə borclusunuz? (X sinif şagirdi Toğrul)

Cavab: Mən bu kiçik nailiyyətlər üçün atama, anama və korifey müəllimlərimə borcluyam. Və s.

Onun xoşuna gələn suallardan biri isə “Siz Güləbird orta məktəbini yaddaşınıza necə həkk etmisiniz?” – oldu.

Sonda Cəbrayıl Qəhrəmanov gətirdiyi kitablara avtoqraf yazaraq müəllim və şagirdlərə hədiyyə etdi, xatirə şəkilləri çəkdirdi.

Artıq əvvəlki həyacan sovuşmuşdu. Məktəb kollektivi qonağı gül-çiçəklə yola salırdı, yeni görüşlər arzusu ilə…

Yaqub Abbasov (müəllim)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər