Artıq neçənci dəfədir ki, sənə məktub yazıram. Və artıq neçə ildir ki, yazıram, özüm oxuyuram… Və bir neçə dəfə göz yaşları içərisində oxuduqdan sonra, cırıb atıram. Yəqin ki, bu məktubumun taleyi də belə olacaq. Ya da ki… Bilmirəm! Nə olur olsun, bu məktubu da göndərməyəcəm sənə.Yəqin ki, saxlayaram və nə vaxtsa imkan düşsə, dərc etdirərəm. Və yəqin ki, nə vaxtsa, bu məktubum sənə gəlib çatar. Sənə də olmasa, başqa insanlara təsiri olar… Bəlkə də!
O vaxt çox kiçik idim. Cəmi beş yaşım var idi. Az da olsa, bəzi anlar köhnə bir filmdən kadrlar kimi beynimdə həkk olunub və daim ağlımdadır. Atam sağ idi onda. Biz onun yanındaydıq, o da bizim. Xoşbəxt bir üçlük idik – mən, sən və atam! Çox ailəcanlı kişi idi rəhmətlik. Tam olaraq yadımda qalmasa da, onun gülər simasını yada saldıqda, başqa cür düşünə bilmirəm onun barəsində.
Tez-tez yuxuma girir atam. Körpə vaxtlarımda olduğu kimi, yenə də alnımdan öpür, başımı tumarlayır… Və yenə də, fərəh dolu təbəssümlə, “balaca kişidir bu!” deyərək, çiynimdən ehmalca yumruqlayır. Səni də görürəm o yuxularda. O məni havaya qaldırıb başının üstündə döndürdüyü zaman, sən həyəcanla irəli gələrək məni onun əlindən almağa çalışırsan. “Ay kişi, uşağı yerə qoy, yıxarsan!” deyirsən. O isə, içdən bir qəhqəhə çəkir və “Narahat olma, ikimiz də əldənmöhkəm kişilərik” cavabı ilə, məni daha da yuxarıdan döndürməyə başlayır. Və daha sürətlə!
Mənimsə, başım gicəlir. Az əvvəl gülürdümsə, artıq ağlamağa başlayıram. Atamla keçən anlarımın ləzzətini çıxarmaq əvəzinə, totuq yumruqlarımla başına, çiyinlərinə vururam. O isə yenə də gülür, yenə də məni əsəbləşdirməyə davam edir… Mən artıq dözmürəm, “Ata, qorxuram burax!” deyə qışqırıram.
Elə bu anda… Özüm öz səsimə diksinib ayılıram. Artıq neçə ildir ki, eyni yuxu görməyimə baxmayaraq, yenə hər dəfə sağıma-soluma baxıb onu axtarıram. Onu da tapmasam belə, sənin yanıma oturub, həyəcanımı dağıtmaq üçün, təsəlli verməni və başımı qucaqlayaraq “layla” oxumağını arzu edirəm. Sanki, adət etmişəm. Böyüsəm də, bu uşaqlıq xəyallarım əl çəkmir hələ məndən!
O vaxt, cəmi beşcə yaşımda, başımı dizinə qoyub səndən nağıl dinlədiyim bir axşam çağı, evə zəng gəldi. Sənin danışdığın şirin nağılların həzzi ilə şirin yuxuya getməyə çalışırkən, o zəng mənim nağıl dünyamı alt-üst etdi, həyatımı dəyişdirdi! Bəd xəbəri gəldi bizim kişinin. Avtomobilinin sükanı sözünə baxmamış, onu bir yük maşının qurbanına çevirmişdi. Əldən möhkəm ola bilməmişdi mənim ideal qəhrəmanım!
Hər şey dəyişdi ondan sonra həyatımızda. Kasıblıq, sıxıntı, ehtiyac… Bir il beləcə, birlikdə ömür sürdük. Sən yad evlərdə pal-paltar, qab-qacaq yuyur, özgələrin uşaqlarına baxır, amma, öz uşağın qayğıdan kənar, qorxu içində səni gözləyirdi evdə. Pəncərədən asılıb, səbrsizliklə yolunu gözləyirdi.
Altı yaşım olanda… Məni təklikdən “qurtararaq”, özgə uşaqlarla birlikdə, sənin yolunu gözləməyə məhkum etdin. Uşaq evinə tərk edib, tezliklə hər şeyin yaxşı olacağı və məni həmişəlik aparacağına inandırdın və getdin.
Uşaq evində tamam başqa bir aləm mövcud idi. Orada da nağıllar eşidirdik. Amma, öz nağıllarımızı. Bir-birimizə “məni tezliklə gəlib aparacaqlar, özü də həmişəlik!” deyə danışdığımız qısa, sadə, amma, bütün nağıllardan şirin olan nağılları! Savaşdığımız anlarda, bir-birimizə belə nağıllarla acıq verirdik.
Uşaqların içində ən çox dalaşqanı mən idim. Ən çox nağıl danışanı da. Sənin tezliklə gəlib məni aparacağını danışdıqca, digərlərinin ani paxıllıq və üzüntü keçirməsi mənə ləzzət edirdi necə! Uşaq idim, özüm uydurduğum nağıllarla özümü də aldadırdım… Necə!?
Əvvəl, tez-tez gəlirdin yanıma. Gətirdiyin şirniyyat və oyuncaqlarla məni sevindirir, bir neçə dəqiqə şirin-şirin söhbətləşir… Və “tələsirəm” deyərək, yenə də sənsizliyin qucağında buraxırdın məni. Tədricən, daha gec-gec gəlməyə başladın. Ərə getdikdən sonra isə… Axırıncı dəfə səni gördüyüm zaman hamilə idin. “Qaqaşın olacaq, gəlib səni də aparcağam ki, ona baxasan” deyə, məni sonsuz sevindirdin həmin gün. Bu son sevincim idi. Və səndən eşitdiyim son nağıl!…
…Ölkənin çətin vaxtları idi. Təzəcə müstəqillik qazanan xalq müharibə ilə üz-üzə qalmışdı. Bütün diqqət cəbhəyə yönəlmişdi. Cəbhənin üzüntüsü, sıxıntısı isə, qaldığım uşaq evinə qədər gəlib çıxmışdı. Bu sıxıntını gündəlik yemək payımızda hiss edirdik. Günü-gündən daha çox! Atəşkəsdən sonra belə, sıxıntılar bitmədi. Tərbiyəçilərin simasındakı mehriban təbəssüm də nadir hala çevrildi bizim üçün.
Elə ki, uşaq evinə yeni müdirə gəldi… Bax, qara günlərimiz də ondan sonra başladı! O kökəlir, varlanır, biz isə, zamanla daha cılız və daha sınıxmış görkəmə düşürdük. Əynimizdəki nimdaşlara baxanda dərk edirdik ki, biz həqiqətən də uşaq evindəyik. Cəmiyyətdən kənar olan bir yerdə. Unudulmuş, atılmış!
Artıq, uşaq evində “özünüidarə” qaydaları qurulmuşdu. Yemək və paltar əldə etmək üçün, layiq olmaq lazım idi. Layiq olmaq üçün isə, pul qazanmaq! Nə dövlətdən, nə də uşaq evinin rəhbərliyindən heç nə ummamalıydıq. Hər halda, müdirəmiz belə deyirdi. Bəzi uşaqları şəhərin müxtəlif yerlərinə dilənçi “vəzifə”sinə təyin etdi. Onlara mane olmasınlar deyə, polislərlə də sövdələşdi.
Məni isə, bir dispetçer tanışına tapşırıb, marşrut avtobuslarunda konduktorluq etməyə yolladı. Səhərdən axşama qədər, müxtəlif xasiyyətli sürücü və sərnişinlərin tənə və danlaqlarını udaraq, qazandığım cüzi məbləğdə pulu uşaq evinə gətirir, plan üzrə müdirəyə təhvil verir… Və bununla da, uşaq evində yaşamağa layiq olduğumu sübut edirdim. Ancaq yeməyə işləyirdim. Təzə geyim olmurdu. Yalnız, vaxtaşırı kiminsə uşaq evinə gətirdiyi və ya sürücülərin şəxsən özümə bağışladığı köhnə pal-paltarla təsəlli tapırdım.
On yaşıma qədər, bu cür əzab-əziyyətlə keçdi uşaqlığım. Yorğun-arğın uşaq evinə qayıdar, qazancımı “sahib”inə təhvil verib yataq otağına keçər, çarpayımda büzüşər, yastığımın altında gizlətdiyim ailə şəklimizi çıxardar… Acgözlüklə atamı və səni seyr edərək hönkür-hönkür ağlardım!
Bax, elə on yaşımın tamam olmasına az qalmış, işlədiyim marşruta yeni bir sürücü gəldi. Vaxtilə məmur olmuşdu. Amma, idarələrinə yeni müdir gəldiyi zaman, vəzifəsində qalmaq üçün rüşvət verməkdən imtina etmiş, əvəzində isə, rüşvət almaq ittihamı ilə işdən qovulmuşdu. Bax, həmin keçmiş məmur, öz alicənablığı ilə marşrutda işləyənlərin hamısından fərqlənən o sürücü, mənə əsl atalıq qayğısı göstərdi. Uşaq evinə atılandan sonra ilk yeni paltarımı da o aldı.
Mənə “oğlum” deyirdi. Bir an belə diqqətindən kənara buraxmırdı. Digərləri ona lağ edirdilər. Əlbəttə ki! Unutqanlar dünyasında belə hallar qeyri-adi sayılır. Hətta, axmaqlıq belə! Amma, o, heç kimin sözünə məhəl qoymadı.
Məni bir-iki ay yaxından tanıdıqdan sonra, nəhayət ki, iki qızına qardaş olmağı təklif etdi. Dünya başıma döndü o gün! Bilmirdim kədərlənim, ya sevinim… Axı, heç nəyə baxmayaraq, hələ də, yolunu gözləyirdim sənin! Hələ də! Doğma valideynin kim olursa olsun, onu unutmaq, imtina etmək asanmı səncə!? Mən səni unuda bilmirdim, imtina edəmmirdim…
…Dostlarımın təkidi ilə və xeyli düşündükdən sonra, nəhayət ki, yad ailəyə ögey övlad olmağa razılaşdım. Amma, zərrə qədər də ögeylik görmədim onlar tərəfindən. Məktəbə qoydular, yeni dərslik və geyimlə cəmiyyət adamı etdilər məni. Əsl cəmiyyət adamı! Mən onların etibarını doğruldub yaxşı oxuduqca, daha çox qayğı və diqqət görməyə başlayırdım. Bu isə, mənə daha çox güc verirdi.
Cəmiyyət adamı olsam da, cəmiyyətdən kənar qalan dostlarımı və uşaq evindəki ilk sevgilimi unutmurdum. Tez-tez analığımın aldığı şirniyyat və geyim hədiyyələri ilə gedirdim onların yanına. Sənin mənə danışdığın nağıllara bənzər nağıllar danışırdım sevgilimə. Tezliklə gəlib onu özümlə aparacağımı və evlənəcəyimizi vəd edir, o isə, sevinc və ümid dolu göz yaşları ilə qucaqlayırdı məni. Amma… Amma, mən də sənin kimi yalançı çıxdım. İstəmədən oldu bu. Ailəliklə, başqa ölkəyə köçdük.
Xarici ölkədə təhsil alıb, savadlı bir iqtisadçı kimi Vətənə qayıtdım. Əlbəttə ki, xaricdə də qalıb, karyera qura bilərdim. Amma, doğma yurdum yaman çəkirdi məni! İlk vaxtlar iş tapmaq çətin olsa da, xarici şirkətlərdən birində işə düzələ bildim. Bir gün, qaldığım uşaq evinə getdim. Tanıdığım heç kim qalmayıb orda. Hətta, o vicdansız müdirə belə. Nəhayət ki, onu işdən qovan tapıldı! Bu xəbərə sevindim. Amma, uşaqlıq dostlarım və ilk sevgilimdən bir xəbər bilməməyim çox üzdü məni.
Lakin, onu da gördüm. İlk sevgilimi. Bir neçə ay bundan əvvəl. Kaş ki, görməyəydim! Kaş ki, heç rastıma çıxmayaydı o! Çünki, onun pritondan müştərisi ilə birlikdə çıxıb taksiyə əyləşdiyini seyr etmək və bu seyrin qarşısında heç nəyi dəyişə bilməmək çox acı bir duyğudur! Təəssüf! Bir neçə gün sonra, təklikdə görüşdümsə də, təəssüf duyğularım birə-min artdı.
Sən demə, “QİÇS”ə yoluxubmuş! Daha heç nəyə ümid etmir və nə məndən, nə də başqalarından heç nə gözləmir. Mən xilas oldumsa da, o zavallı daha da dərinə gedir bu tale bataqlığında. Cəmiyyət belələrinə “fahişə” deyir. Sahiblik məsuliyyətindən məhrum cəmiyyət… Mənim hələ də unutmadığım ilk sevgilim isə, tələsik sağollaşıb ayrıldı. Mənim ondan ayrıldığım kimi…
…İndi, iyirmi dörd yaşım var. Nişanlıyam. Sevdiyim və sevildiyim bir xanımla ailə quracam yaxında. Sevinirəm, fərəhlənirəm, ümidlənirəm… Lakin, qəlbimdə bir narahatlıq da var. Kaş ki, mənim ailəm, mənim gələcək övladlarım mənim və uşaqlıq dostlarımın yaşadığı tale ilə üz-üzə gəlməyəydi! Kaş ki, ömür vəfa edəydi mənə – çevrəmdəki insanlara öz insanlıq hesabatımı verə bilmək naminə!
Bax, belə! Səninçün də darıxıram, rəhmətlik atam üçün də. Hətta, uşaq evində yanımda olan, sevdiyim-sevildiyim hər bir kəs üçün! Ancaq, nə etmək olar!? Barışdım taleyimlə! Gələcəyə baxıram. Məşəqqətli keçmişimdən dərslər almaq şərti ilə! Sən isə, yeni ailənin, yeni övladlarının qədrini bil, lütfən! Ən azından, sənin də qədrin bilinsin, qocalığın tənha keçməsin deyə!
ƏLVİDA, ANA!
Rüfət Əhmədzadə
Chox kederlendim. Allah bundan sonra yolunuzu achiq etsin!Amin!
Birbawa qelbin en nazik arteriyalarina toxuna bilecek bir arzuolunmaz ehvalatdi.ama capa verdiyinize gore tewekkur edirem.ALLAH ARZULARINIZA CATDIRSIN