Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “Report”a müsahibə verib:
– Bu ilin əvvəlindən yeni yolların tikintisi, mövcud yolların yenidən qurulması ilə bağlı hansı işlər görülüb? İlin sonuna qədər planlar nədən ibarətdir?
– Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə ulu öndər Heydər Əliyev müəyyənləşdirdiyi strategiyanı möhtərəm cənab prezident İlham Əliyev uğurla davam edərək, onu dövrün tələblərinə, zamanın şağırışına uyğun olaraq daha da zənginləşdirib. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıistiqamətində ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.
Bu ilin 8 ayı ərzində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və bir sıra nailiyyətlər əldə edilib. 2018-ci il üçün Agentliyin tərtib etdiyi “Tədbirlər Planı”na əsasən, uzunluğu 415,2 km olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu layihəsi və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 mln. nəfər əhalinin 2 050,8 km uzunluğunda rahat avtomobil yollarından istifadə etmələri təmin ediləcək.
Eyni zamanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikilməsi də prioritetlər sırasındadır. Şimal istiqamətində icrasına başlanılmış bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
AAYDA-nın kollektivi bu ilin ilk 8 ayı ərzində uzunluğu 607.4 km olan avtomobil yolları, prospekt və küçələr tikib, yenidən qurub və təmir edib. 2018-ci ilin ilk 6 ayı ərzində isə respublikanın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir edilib. Ümumilikdə 2018-ciilin 8 ayı ərzində respublikanın 33 rayonunda 38 layihə – 4 respublika əhəmiyyətli, 30 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatıb. Bakı şəhərində ümumi uzunluğu 46,5 km kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub. Bu il ərzində Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi də nəzərdə tutulur.
Sentyabr – oktyabraylarında biz ümumilikdə 30-dan çox rayonu əhatə edən və 800 km uzunluğa malik 29 kəndlərarası avtomobil yolu layihələrinin, Bakı şəhərində isə 45 km uzunluğa malik 6 rayon ərazisində 6 qəsəbələrarası avtomobil yolu layihəsinin yekunlaşdırılması nəzərdə tutulub.Bununla da sentyabr-oktyabr ayları da daxil olmaqla bu il reallaşdırılan avtomobil yolu layihələrinin ümumi uzunluğu 1500 km-ə yaxın olacaq. İlin sonuna kimi isə 2 min km-i ötəcək.
– Hansı layihələr xarici investisiyalar hesabına həyata keçirilib?
– Bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində,dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr haqqında qısa məlumat vermək istərdim.
Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi tam olaraq cari ildə yekunlaşdırılıb və sentyabrın 18-də Prezident İlham Əliyevin Masallı və Biləsuvar rayonlarına səfəri zamanı yeni magistral avtomobil yolunun açılış mərasimi keçirilib. Bu yolun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun uzunluğu 16 km olan Bədəlli-Şamaxı hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işlərinə 2017-ci ilin dekabr ayında başlanılıb və 2019-cu ilin dekabr ayında başa çatdırılacaq.
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstanla ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işlərinə yaxın müddətdə start veriləcək. Sadalanan layihələr Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən cəlb olunan kreditlər hesabına həyata keçirilir.
– Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı hansı işlər həyata keçirilib?
– Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq sənaye, kənd təsərrüfatı və turizmin inkişafına təsir edən magistral, respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri möhtərəm cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
Odur ki, AAYDA-nın əsas hədəfi hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır. 2018-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 1 450 yol nişanı, 12 322 siqnal dirəyi, 6 800 pm əyrixətli tir quraşdırılıb və ya bərpa edilib, 718,3 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib və bu sahədə işlər davam etdirilməkdədir.
– Bu ilin ötən dövrü ərzində respublikanın avtomobil yollara nə qədər ziyan dəyib və bu ziyanın nə qədəri ödənilib?
– 2018-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 216 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 602 pm əyrixətli tirlər, 8 ədəd işıq dirəyi, 13 ədəd yol nişanı və 3 ədəd məlumatverici lövhə yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 299,4 min manat məbləğində maddi ziyan dəyib, bundan da 181,7 min manatı ödənilib.
– AAYDA yaşıllaşdırma sahəsində hansı işləri həyata keçirib?
– Avtomobil yollarının təhkim zolağında 2016-2018-ci illərdə 496 hektar ərazidə 297 651 ədəd , o cümlədən 2018-ci ilin 6 ayında 38 807 ədədmüxtəlif növ ağac və kol bitkisi əkilib. “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 95 220 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 164 350 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 89 570 ədəd ağac və kol bitkisi yetişdirilir.
– Respublikanın avtomobil yollarında qışa hazırlıq səviyyəsi necədir?
– Qeyd edim ki, 2018-2019-cü payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə AAYDA Tədbirlər Planı hazırlayır. Plana əsasən, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə agentlik tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası, körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanları və yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılacaq.
Bundan başqa, qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətiriləcək. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı, yollarda buzlaşmanın qarşısını almaq məqsədi ilə mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması da Tədbirlər Plan”na uyğun həyata keçiriləcək.
– Gələcəkdə yol infrasturukturunun möhkəmləndirilməsi istiqamətində hansı addımlar atılacaq?
– Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılır. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Digər mühüm məqam isə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Bu layihələr bütün bölgələri əhatə edir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə var gücümüzlə çalışmağa davam edəcəyik.
– AAYDA-nin bu gün qarşılaşdığı əsas problemlər hansılardır?
– Dövlət Agentliyi olaraq bu gün qarşılaşdığımız əsas probemlərdən biri avtomobil yollarından istifadə edən bəzi vətəndaşlarımızın yol infrastrukturuna laqeyd münasibətidir. Bu normadan artıq yüklənmiş ağır tonnajlı maşınların idarə edilməsi, yol nişanlarının, səki daşlarının sıradan çıxarılması, avtomobil yollarının, küçə və prospektlərin, həmçinin piyada keçidlərinin zibillənməsidir. Ümid edirəm ki, bu problemlər də zamanla aradan qalxacaq. Bunun üçün təbii ki, maarifləndirmə işlərini artırmaq lazımdır. Bu işdə isə həm bizə, həm də medianın üzərinə böyük yük düşür.