Artıq futbol üzrə Topaz Premyer-Liqasının həlledici mərhələsinin ilk turunu arxada qoymuşuq. Bu isə o deməkdir ki, ölkə çempionatın sonuna o qədər də çox qalmayıb. Deməli, komandaların imkanlarına nəzər yetirməyə dəyər. Ölkə birinciliyi ardıcıl dördüncü dəfə “altılıq” formatı ilə keçirildiyindən mövsümün sonluğunu, epiloqunu yazmağın ilk “altılıq” komandalarının üzərinə düşəcəyi əvvəlcədən məlum idi. Təsnifat mərhələsinin ardından isə həmin klubların “Neftçi”, “İnter”, “Qarabağ”, “Simurq” “Qəbələ” və “Bakı” olduğu dəqiqləşmişdi.
Maraqlıdır ki, cari mövsümə qədər 2009/10 mövsümündən tətbiq olunan indiki formatda xüsusi bir tendensiya müşahidə olunurdu. Belə ki, əvvəl qızıl xallar, sonrakı iki mövsümdə əvvəl yığılan xalların davamı ilə gedən mübarizədə ənənə yaşanırdı. Bu ənənəyə əsasən Azərbaycan futbolunda “Böyük beşlik” formalaşmışdı. Bu isə o deməkdir ki, beş klub 2009/10, 2010/11 və 2011/12 mövsümlərində ilk “altılıq”da yer almışdı. Söhbət “İnter”, “Neftçi”, “Qarabağ”, “Bakı” və “Xəzər Lənkəran”dan gedir. “Böyük beşlik”lə yanaşı “altılığ”a qoşulan 6-cı komanda isə dəyişirdi. 2009/10 mövsümündə bu “Qəbələ”yə müyəssər olmuşdu. Növbəti çempionatda onları AZAL əvəz etmişdi. Sonrakı mövsümdə yenidən “Qəbələ” “Böyük beşlik”lə bir arada yer aldı. Cari mövsümdə də ilk “altılıq”da “Böyük beşlik” klublarının olacağı gözlənilən idi. “İnter” hamıdan əvvəl, az sonra isə “Neftçi” və “Qarabağ” ardıcıl 4-cü dəfə mükafatlar uğrunda mübarizəni davam etdirəcəyini rəsmiləşdirdi. İlk dəfə “altılığ”a düşən “Simurq” və bu tur 3-cü dəfə bunu bacaran “Qəbələ” “Böyük beşliy”in dağılmasını şərtləndirdi. “Xəzər-Lənkəran”ın ilk “altılıq”dan kənarda qalması da öz yerində.
Bəs görəsən, çempionluq yarışında yer alan klublardan kim daha şanslıdır? Bunu aydınlaşdırmaq üçün həm komandaların Premyer-Liqanın geridə qalan hissəsindəki çıxışına, həm də tərəflərin gələcək perspektivlərinə nəzər salmaq lazımdır. Məntiqlə final mərhələsində mübarizənin 3 komanda – «Neftçi», «İnter» və «Qarabağ» arasında gedəcəyini iddia etməliyik. Siyahıya ən yaxşı halda əsas mərhələnin ilk turunda “Qarabağ”ı üstələməklə ağdamlılarla xallarını bərabərləşdirən “Simurq”u əlavə etmək olar. İlk “altılığ”ın digər komandaları “Qəbələ” və “Bakı”nın isə çempionluq üçün nəzəri şansları qalsa da, bunu yüksək qiymətləndirmək olmaz. İndi isə gəlin, ilk “altılıq”dakı komandaların çempionluq şanslarına ayrı-ayrılıqda nəzər salaq.
“Neftçi”
Cari mövsümün gedişində ölkə Premyer-Liqası ilə yanaşı, Avroliqanın qrup mərhələsində də mübarizə aparan flaqmanın eyni vaxtda iki “cəbhə”də mübarizə aparması çətin görünürdü. Həmin vaxt “ağ-qaralar”ın sıx qrafiklə oynaması daxili birincilikdə xal itkiləri ilə nəticələnirdi. Hər nə qədər mövsümün əvvəlində Mahir Şükürov, Rəşad Sadiqov, Buruno Bertuççi, Julius Vobay, Erik Ramos və Nikolas Kanales kimi futbolçular transfer olunsa da, sözügedən oyunçuların komandaya uyğunlaşması vaxt alacaqdı ki, bu da flaqmanın uzun marafonda büdrəyə biləcəyini düşünməyə əsas verirdi. Amma gözlənilənlərin əksinə, “xalq komandası” cari birincilikdə də zirvədən qopmadı və ötən mövsüm olduğu kimi, bu “futbol ili”ndə də təsnifat mərhələsini ilk pillədə tamamladı. Əsasən hücum futboluna üstünlük verən “ağ-qaralar”ın kollektiv oyun baxımından axsamaması da önəmlidir. Təbii ki, bunda “oturuşmuş” heyət amilinin təsiri böyükdür. Bundan əlavə, flaqmanda fərdi ustalıq səviyyəsi ilə seçilən füqurlar yetərincədir. Bu mənada Premyer-Liqanın hazırkı bombardiri Nikolas Kanalesin, Flavinyonun və Julius Vobayın adını çəkmək olar. Hazırda aktivində olan 45 xalı rəqib qapılarına vurduğu 48 qol sayəsində qazanan “Neftçi”nin ortaya qoyduğu məhsuldarlıq göz oxşayır. Bundan başqa, “ağ-qaralar”ın “altılıq” dakı rəqibləri ilə oyunlarda cəmi iki yenilgi alması da sıradan məqam sayılmamalıdır. Ötən mövsümlə müqayisədə son çempion üçün xoşagəlməz məqam keçən “futbol ili” ilə müqayisədə daha çox məğlub olması və ötən mövsümün analoji dövründə beş xal qabaqladığı ən yaxın izləyicisi “İnter”dən bu dəfə cəmi bir xal öndə olmasıdır. Amma hər nə qədər həlledici mərhələyə “Bakı” qarşısında xal itkisi ilə (1:1) başlasa da, Böyükağa Hacıyevin komandası zirvədə qərarlaşdığından komandanın çıxışını müsbət qiymətləndirmək olar.
“İnter”
Düzgün taktika və ağıllı oyun nəticəsində liderlər qrupunda yer alan “bank təmsilçisi” çempionluğa əsas namizədlərdən hesab olunur. Komanda son illərdə qızıl medallara sahib çıxa bilməsə də, komandanın qazandığı nəticələr Tsxadadzenin əlindəki “material”dan yaxşı istifadə etdiyini sübut edir. Kaxaber Tsxadadzenin gəlişindən sonra “İnter”in sabit oyun sərgiləyən iddialıya çevrilməsi faktdır. Düzdü, gürcüyə qədər də “bankirlər” adından söz etdirirdi. Amma Valentin Xodukinin dönəmində kluba daha çox pul ayrılırdı. Tsxadadzenin məhz orta səviyyəli oyunçularla yüksək hədəflər uğrunda mübarizə aparması danılmaz reallıqdır.. Premyer-Liqada öz meydanında yenilməyən və ümumilikdə cəmi üç oyunda məğlub olan komandanın hamıdan az top buraxması (13) vurğulanmalıdır. Bundan başqa, təsnifat mərhələsində “Neftçi”dən savayı heç bir komandanın “İnter”in qapısına iki qarşılaşmada ikidən artıq qol vura bilməməsi qeyd olunmalıdır.”Bakı”, AZAL, “Rəvan” və “Sumqayıt” kimi komandaların isə ümumiyyətlə “bankirlər”in qapısına yol tapa bilməməsi maraqlı məqamdır. Geridə qalan 23 matçda 26 qola imza atan “İnter”in bu baxımdan yalnız turnir cədvəlinin son dörd sırasındakı “Sumqayıt ”, “Rəvan”, “Turan” və “Kəpəz”i qabaqlaya bilməsi qabardılmalıdır. Amma sırf bu üzdən Tsxadadzeni mühakimə etmək olmaz. Nə də olsa, gürcü çalışdırıcının komandası təsnifat mərhələsinin ardından liderdən cəmi bir xal geri qaldığından bunu aradan qaldırmaq da mümkündür.
“Qarabağ”
Ötən mövsümü dördüncü pillədə tamamlamaqla mükafatçılar sırasından kənar qalan və Avrokuboklarda mübarizə aparmaq hüququ qazana bilməyən “Qarabağ”ın bu dəfə sözügedən hədəflər üçün daha şanslı olması danılmazdır. Düzdür, komandanın qışda apardığı transfer siyasəti iddialı komandaya yaraşan olmasa da, komandanın ötən ilə nisbətən daha hazırlıqlı görünməsini, eləcə də “Simurq”, “Qəbələ” və “Bakı” klublarının çempionluq şanslarının nisbətən az olmasını nəzərə alsaq, “Qarabağ” üçün çempionluq və ya Avroliqaya vəsiqə qazanmaq “dəryada balıq sevdası” sayılmamalıdır. Düzdür, həlledici mərhələnin ilk turunda “Simurq”a məğlubiyyət “Qarabağ”ı əsas rəqiblərindən uzaqlaşdırsa da, hələ ki, ağdamlıları hesabdan silmək olmaz. Yadınızdadırsa, Premyer-Liqanın 5-ci turunda AZAL-a 6:2 hesabı ilə yenilən “Qarabağ”da baş məşqçi Qurban Qurbanovun istefası gündəmə gəlmiş, amma sonda rəhbərlik buna imkan verməmişdi. Sözsüz ki, bu komanda rəhbərliyinin qəbul etdiyi ən doğru qərarlardan biri idi. Yaxın keçmişə nəzər salsaq, “Qarabağ”ın Qurban Qurbanovun gəlişinə qədər təxminən indikinə yaxın büdcə ilə ortabablar sırasında qərarlaşdığını görərik. Məhz hazırkı məşqçinin müəyyənləşdirdiyi oyun üslubu və kadr siyasəti fonunda ağdamlıların bəlli irəlləyişi gözə dəydi. Qarşıda çətin “altılıq” oyunları gəlir, amma “köhlən atlar”ın önəmli çempionat matçlarına yaxşı kökləndiyini bilirik. Hər halda, ağdamlıların təsnifat mərhələsində ilk “altılıq”dakı rəqiblərindən ən çox xal alan ikinci komanda olması (15) və ən əsası da turnir cədvəlində özündən irəli buraxdığı “Neftçi”ni hər iki oyunda məğlub etməsi, eləcə də ikinci sıradakı “İnter”ə yenilməməsi dediklərimizin təsdiqi sayıla bilər. Deməli, “Qarabağ”ı çempionluq yarışından silməyə dəyməz.
“Simurq”
Ötən mövsüm elitada qalmaq uğrunda mübarizə aparan bir “Simurq” vardı. İndi isə Zaqatala təmsilçisi Premyer Liqanın dördüncü sırasındadır. Gürcüstanlı Georgi Çixradzenin rəhbərlik etdiyi kollektiv keçirdiyi 23 oyundan sonra topladığı 39 xal sayəsində mükafatlara əsas namizədlərdən hesab olunur. Həlledici mərhələnin ilk turunda “Qarabağ”ı yenməklə iddiasını ortaya qoyan “sarı-qaralar”ın təsnifat mərhələsində yalnız “Neftçi”, “İnter” və “Qarabağ”la oyunlarda ümumilikdə dörd yenilgi alması qeyd olunmalıdır. Maddi problemlərdən yaxa qurtaran zaqatalalılar yay fasiləsinin ən fəallarından idi. Komanda ötən mövsümün sonlarında baş məşqçi postunda Sergey Yuranı əvəzləyən və il yarımlıq sözləşməyə qol çəkən Çixradzenin rəhbərliyi altında Türkiyə və Avstriyada sanballı təlim-məşq toplanışı keçdi. Lakin məlum məsələdir ki, futbolda pul hər şeyi həll etmir. Xüsusən də transfer çalışmalarında uğurlu seçim çox vacibdir. Burada həm klubun, həm də baş məşqçinin üzərinə böyük məsuliyyət düşür. Çünki peşəkar klublarda oyunçuları tapmaq seleksiyaçıların, seçim etmək isə məşqçinin işidir ki, bu baxımdan Zaqatala klubunun öncüllərdən olduğunu desək, yanılmarıq. Komandanın uğurunda komandaya cari mövsümdə qoşulan Zdravko Popoviç, Mario Bojiç, Marçin Burxardt və Stepan Polyak kimi futbolçuların əməyi danılmazdır. Komandanın çempionluq imkanları yüksək qiymətləndiirilməsə də, Avrokuboklara vəsiqə qazanmaq olar.
“Qəbələ”
Ilk “altılığ”a 5-ci yerin sahibi kimi daxil olan “Qəbələ”nin çempion olması inandırıcı deyil. Elə “qırmızı-qaralar”ın təsnifat mərhələsində ilk “altılıq”dakı rəqibləri ilə matçarda cəmi 12 xal yığması, eləcə də həlledici mərhələnin ilk turunda “ev”də “İnter”ə uduzması çox şeydən xəbər verir. Amma bununla belə, Ramiz Məmmədovun “drujinası”nın ötən mövsümün həlledici mərhələsində ən çox xal qazanan (17) kollektiv olmasını da unutmaq olmaz. Amma bununla belə, “qırmızı-qaralar”ın Avrokubok xəyallarının bitmək üzrə olduğunu deyə bilərik.
“Bakı”
Ötən mövsümü boşa verən “Bakı”nın cari birincilikdə indikindən daha yüksək pillədə qərarlaşacağını ehtimal edənlər az deyildi. Nə də olsa, artıq komandanın baş məşqçisi Bojidar Bandoviç də komandanı daha yaxşı tanıyırdı və transferlər də onun istəyi ilə reallaşmışdı. Amma bütün bunlar komandanın çempionluğa oynamasına yardımçı olmadı. Düzdür, komanda ilk “altılıq”da mübarizə apardığından qızıl medalları qazanmaq iddiası davam etməkdədir. Amma paytaxtın eyniadlı komandası rəqiblərini özündən xeyli irəli buraxdığından “Bakı”nın çempionluq şanslar yox deyiləcək qədər azdır. Elə “zolaqlıar”ın ilk “altılığ”a təsnifat mərhələsinin son turunda vəsiqə qazanması, həmçinin 2009/10 mövsümündən tətbiq olunan indiki formatda ilk “altılığ”a ən az xalla (30) daxil olan komanda olması da paytaxtın eyniadlı komandasının çempionluq şanslarının azlığından xəbər verir. Hər halda, komandanın təsnifat mərhələsində ilk “altılıq”da qarşılaşacağı komandalarla görüşlərdə ən az xal toplayan (10) iki klubdan biri olması sıradan fakt deyil. Hər nə qədər əsas mərhələyə “Neftçi” ilə heç-heçə oynamaqla başlasa və nisbətən toparlanmış görüntü sərgiləsə də, “zolaqlılar” əsas hədəfinin kuboku qazanmaq olduğu bəllidir.
Tural Məmmədov