Sumqayıt Apellyasiya Məhkəməsində oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək hadisə yerindən qaçıb. Z.Sərxanova xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq araşdırması zamanı məlum olub ki, M.Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələməklə ondan pul və qızıl-zinət əşyaları tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 20 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.