Bu gün Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi.
Öncə torpaqlarımızın azadlığı, eləcə də 20 Yanvar hadisəsi zamanı canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov faciə baş verən ərəfədə regionda və ölkəmizdə yaranmış siyasi vəziyyət barədə danışdı, qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın müstəqillik arzusuna qarşı öncədən planlaşdırılmış qətliam idi. Rektor bildirdi ki, bu hadisəyə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev vermiş, hadisədən dərhal sonra Moskvadan baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, hadisəyə hüquqi qiymət verilməsini tələb etmişdir.
N.Qəhrəmanov qeyd etdi ki, ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlər arasında Sumqayıt Dövlət Universitetinin tələbələri də var.
Daha sonra çıxış edən Ümumi Tarix kafedrasının müdiri professor Şirxan Səlimov 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə məruzə ilə çıxış etdi. Professor qeyd etdi ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirdi.
Universitetin tələbələri – Leyla Muradzadə və Saməddin Qənbərov da qanlı gecə və bu faciəyə bugünkü gənclərin baxışı barədə danışdılar.
Hadisənin iştirakçısı olmuş universitetin dosenti Qalib Hüseynov isə həmin gün barədə xatirələrini bölüşdü.
Tədbirdə iştirak edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.