SDU-da final həyacanı

785

Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Təhsil Nazirliyi və “Çağ öyrətim” İşlətmələrinin birgə təşkil etdiyi şagirdlər arasında keçirilən “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin finalına həsr olunmuş təntənəli mərasim keçirildi.

Tədbirdə müsabiqənin Sumqayıt finalının təşkilatçıları olan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, Sumqayıt şəhər Təhsil Şöbəsinin Mahal Əliyev və “Çağ öyrətim” İşlətmələrinin rəisi Məsud Kurnazla bərabər Qafqaz Univeristetinin rektoru, professor Ahmet Sanıç və Sumqayıt şəhərinin təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak edirdilər.

Qonaqları salamlayan SDU-nun rektoru, professor Nadir Qəhrəmanov bildirdi ki, bu günlərdə Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə bağlı təntənəli tədbir keçirildi. SDU-nun keçdiyi qısa, lakin şərəfli və zəngin yol barədə məlumat verən rektor bu müsabiqənin final mərhələsinə qədər yüksəlmiş şagirdləri SDU-nun tələbəsi kimi görmək istədiyini dilə gətirdi.

Azərbaycan dili, onun formalaşma tarixindən bəhs edən rektor dedi ki, dilimiz bizim ən müqəddəs atributlarımızdan biridir.

Daha sonra çıxış edən Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan müsabiqə barədə məlumat verdi, onun əhəmiyyətindən danışdı. Bildirildi ki, müsabiqəyə 30 məktəbdən 140 şagird qatılıb.

Sonra isə müsabiqənin Finalına start verildi. Şagirdlərin rəngarəng təqdimatlarından sonra münsiflər heyətinin qiymətləndirmələri əsasında qaliblər müəyyən olundu, onlara mükafatlar təqdim edildi.

Qeyd edək ki, orta məktəb şagirdləri arasında keçirilən müsabiqə dil, qrammatika, şeir, mahnı və internet səhifələrin yığılması kateqoriyalarını əhatə edir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər