Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim və tələbə heyəti şəhidlərin ildönümü ərəfəsində bir neçə şəhid ailəsini ziyarət edib. Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir.
Kollektiv I Qarabağ müharibəsi şəhidi, universitetin tələbəsi olmuş Fuad Əhmədovun, 44 günlük Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuş Rəşad Mikayılzadənin, Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuş baş-leytenant Teymur Əzizovun, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı – istehkamçı Mehrab Niftəliyevin və Vətən müharibəsi dövründə Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub şəhid olan əsgər Telman Abışovun ailələrini ziyarət etdilər. Onlar şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq guşələrinə baxış keçirib, ruhlarına rəhmət diləyiblər. Şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan universitet əməkdaşları ölkə prezidenti İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd ediblər. Onların sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın gənc kursant və hərbçilərlə bərabər şəhidlərimizin fotolarının əks olunduğu plakatları qaldıraraq Anım Günündə təşkil edilmiş yürüşdə iştirak etmələri xalqın birliyinin daimi və sarsılmaz olduğunu, vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdi.
Görüş zamanı tarixi Qələbəmizdə şəhidlərimizin başlıca rolundan bəhs edildi, 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılmış şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların döyüş yolunun indiki və gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbi olduğu bildirildi. O da vurğulandı ki, bu döyüşlərdə Sumqayıt Dövlət Univeristetinin də məzun tələbələri Vətənə layiq qəhrəman oğullar kimi ad qazanıblar.
Görüşlərdə şəhidlərin doğmaları qəhrəman oğulların keçdiyi döyüş yollarından, göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışdılar. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlıqlarını ifadə etdilər.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın və SDU kollektivinin qəlbində əbədi yaşayacaq!