SEÇKİ MƏCƏLLƏSİ SUMQAYITDA MÜZAKİRƏ OLUNDU

731

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə müvafiq seçki qanununun yerli ictimaiyyətin, Avropa Şurası Venesiya Komissiyası (AŞ/VK) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) təklifləri əsasında təkmilləşdirilməsi istiqamətində vətəndaş forumlarını davam etdirir. Bu məqsədlə “Azərbaycanda seçki islahatlarının təşkilinə yardım” proqramını həyata keçirərək, bu proqram çərçivəsində “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi hazırlayıb.

SMDT hazırda təqdim olunan qanun layihəsində 6 əsas istiqamət üzrə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin təklif edir.
Martın 3-də Sumqayıtda keçirilən Vətəndaş Forumunda “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi barədə SMDT-nin hüquqşünası Azər Qasımov iştirakçıları məlumatlandırıb.
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas hər dəfə seçki qanunvericiliyinə dəyişikliklər müzakirə ediləndən sonra daha da bürokratik maddələrin Məcəlləyə əlavə edildiyini bildirib: “Ancaq SMDT-nin hazırladığı layihənin qəbul ediləcəyi təqdirdə demokratik seçkilərin keçirilməsi üçün şərait yaradacağına inanıram”. Fəxrəddin Abbas həmçinin seçki şikayətlərinin baxılması müddətinin artırılmasının (7 gün), məşvərətçi səs hüquqlu üzvlərin hüquqlarının artırılmasının layihədə nəzərdə tutulmasını və proporsional seçki sisteminin tətbiq edilməsini təklif edib.
“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzinin sədri Mətanət Zeynalova Seçki Məcəlləsinə məcburi səsvermə üçün müddəanın əlavə edilməsi təklifini irəli sürüb.
Ümid partiyasının nümayəndəsi Sadıq Əkbərov parlament və prezident seçkilərində qeydə alınmış bütün namizədlərə pulsuz efir vaxtı verilməsinin layihəyə əlavə olunmasını təklif edib.
“Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsinə dair SMDT bütün təklif və rəyləri nəzərə almaqla aprel ayında son variantı parlamentə təqdim edəcək.
Qeyd edək ki, SMDT bu proqramı Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirir.
Bundan əvvəl Gəncə, Mingəçevir və Sabirabadda belə forumlar təşkil olunub.

L.İLQAR, yenimüsavat qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər