“Sumqayıt talelər şəhəridir, bu şəhərin qoynundan, köynəyindən çoxlu sayda dövlətçiliyimizə, xalqımıza sədaqətlə və şərəflə xidmət etmiş, hazırda da fəaliyyət göstərən yüksək intellektə malik, təcrübəli və layiqli insanlar çıxmışlar. Sumqayıta bağlılıq və sevgi– taleyini onunla bağlayan insanlar üçün həyat məramı və fəlsəfəsidir” – Şəfa Əliyev, iqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru.
Onu işgüzar insan və rəhbər kimi, həm də yaxşı və səmimi dost, məhsuldar iqtisadçı – alim, hörmətli pedaqoq – professor kimi tanıyırıq. Şəfa Əliyevi daha dərindən tanıtmaq üçün, onun tərcümeyi-halına müraciət etməyi vacib saydıq.
Geniş əhatəli və məzmunlu ömür yolu keçmiş və Sumqayıtın 70 illiyi ərəfəsində 60 yaşını haqlamış Şəfa Əliyev barəsində Qısa Arayış:
Şəfa Tiflis oğlu Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Mahmudlu-1 kəndində anadan olmuşdur. O, 1967-ci ildə Mahmudlu-1 kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir. Şəfa Əliyev hələ orta məktəbdə oxuduğu illərdə geniş həcmdə ictimai işlərdə, idman tədbirlərində fəallıq göstərmişdir, rayon və respublika mətbuatında məqalə və oçerkləri ilə çıxış etmiş, ictimai əsaslarla jurnalistlik fəaliyyəti göstərmişdir.
Şəfa Əliyev 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsinə daxil olmuş və 1986-cı ildə həmin institutu bitirmişdir. O, 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir.
Şəfa Əliyev 1981-ci ildən taleyini Sumqayıtla bağlamışdır, 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft-kimya müəssisələrində çalışmışdır. O, kimya və neft-kimya müəssisələrində operator vəzifəsindən “Sintezkauçuk” zavodunun direktoru, “Azərikimya” Dövlət Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə kimi yüksəlmişdir.
Şəfa Əliyev 1981-1983-cü illərdə bilavasitə istehsalatda növbəli işdə çalışmış, fəxri fərmanlara və pul mükafatlarına layiq görülmüşdür. O, 1984-cü ildə “Sintezkauçuk” İstehsalat Birliyinin idarə aparatına irəli çəkilmiş, birliyin nəzdindəki 41 saylı Orta Texniki Peşə Məktəbinin Komsomol Komitəsinin katibi, “Sintezkauçuk” zavodunun Komsomol Komitəsi Katibinin müavini və rayon komitəsi hüquqlu Katibi vəzifələrində işləmişdir.
Şəfa Əliyev 1989-1990-cı illərdə Moskva şəhərində Ümumittifaq Xarici Ticarət Akademiyasında ikinci ixtisas üzrə əlavə təhsil almışdır. O, 1989-cu ildən “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəis müavini, 1990-1995-ci illərdə maliyyə şobəsinin rəisi vəzifəsində işləmiş, “Sintezkauçuk” İstehsalat Birliyinin idarəetmə strukturunun yenidən qurulması və bu strukturda bazar iqtisadiyyatlı yönümlü şöbələrin təşkilində fəal iştirak etmişdir.
Şəfa Əliyev 1995-ci ilin sentyabr ayından “Azərikimya” Dövlət Şirkəti aparatında çalışmış, 1997-2000-ci illər ərzində “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin (Moskva şəhəri) başçısı kimi fəaliyyət göstərmişdir. “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı işlədiyi illərdə neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş həcmli fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Norveç, İsveç, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur.
Şəfa Əliyev 2001-2003-cü illərdə “Etilen-Polietilen” zavodunda baş iqtisadçısı vəzifəsində işləmiş və bu zavodun zərərlə işləməsinin qarşısının alınmasında müstəsna xidmətləri olmuş, zavodun fəaliyyətinin və idarə edilməsinin təkmilləşdirilməsində çoxsaylı təklifləri ilə çıxış etmiş, onların yerinə yetirilməsinə nail olmuş və zavodda istehsal olunan məhsulların maya dəyəri göstəriciləri əhəmiyyətli səviyyədə yaxşılaşdırılmışdır. 2003-cü ilin may ayında “Səthi Aktiv Maddələr” zavodunun iqtisadi məsələlər üzrə direktor müavini təyin edilmişdir. 2003-2006-ci illərdə “Azərikimya” DŞ-nin Vitse-Prezidenti və “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində işləmişdir.
Şəfa Əliyev 2006-ci ilin iyul ayından 2011-ci ilin aprel ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru, 2011-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2013-cü ilin may ayından dekabr ayınadək Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində işləyib. 2014-2016-cı illərdə Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatının Resurslardan Səmərəli İstifadə və Təmiz İstehsalat Numayiş Proqramının Milli Eksperti vəzifəsində işləmişdir.
Şəfa Əliyev 2009-cu ilin mayından 2017-ci ilin may ayına kimi Sumqayıt Dövlət Universitetinin dosenti vəzifəsində, 2017-ci ilin may ayından bu vaxta kimi isə “Dünya iqtisadiyyatı və marketinq” kafedrasında professor vəzifəsində işləyir. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Azad İqtisadi Zonalar” , “Xarici iqtisadi siyasət”,“Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus diliində), “Gömrük işi” (Rus dilində) fənnlərindən mühazirələr oxuyur.
Şəfa Əliyev 235-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Həmin layihə çərçivəsində Sumqayıtlı alimin “Xüsusi iqtisadi zonaların tətbiqi problemləri” adlı monoqrafiyası Elmin İnkişaf Fondu tərəfindən ölkənin bütün dövlət strukturlarına, təşkilatlara, universitetlərə, elmi və kütləvi kitabxanalara göndərilmişdir.
Hazırda Şəfa Əliyev Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Belə ki, iqtisad elmləri doktoru və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi məsləhətçisi və elmi rəhbəridir.
Şəfa Əliyev 2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik adını almışdır. 2015-ci il noyabr ayının 15-də isə Azərbaycan Dövlət İqtisad Universitetində “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik adını almışdır.
Şəfa Əliyev dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlardaolmuş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişdir. Rusiya və digər keçmiş SSRİ-nin respublikalarının 100-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olmuşdur. Azərbaycanın 50 şəhər və rayonlarının Məşğulluq Mərkəzlərində Dövlət Məşğulluq Xidmətinin İşçi qrupunun rəhbəri kimi ölkədə məşğulluq xidmətinin təkmilləşdirilməsinə öz töhfəsini vermişdir.
Şəfa ƏliyevAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərmişdir. Beynəlxalq İqtisadçılar Assosiasiyasının (London-European Economic Association və Rusiya iqtisad elmində güclü nüfuza malik olan-Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. ) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür , 2017-ci ilin fevral ayından Moskvada nəşr olunan və Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının redaksiya heyətinə üzv seçilib. ). 2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib. 2017-ci ilin yanvar ayında Ukraynanın Odessa şəhərində nəşr olunan nüfuzlu “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir).
2017-ci ilin yanvar ayında Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin və Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən “Accent Graphics Communications” nəşriyyatının redaksiya heyətinin, “Avropa-Amerika Elmi Kooperasiyası” junalının redaksiya heyətinin üzvü seçilmişdir. ABŞ-ın Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & AppliedScience” jurnalınını redaksiya heyətinin üzvidir . Eyni zamanda, ölkəmizdə nəşr olunan “Yer və insan” elmi jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
Şəfa Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2009-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üç övlad atasıdır və altı nəvəsi vardır.
– Şəfa müəllim, Sizin tərcümeyi-halınızı və keçdiyiniz həyat yolu barəsində bu məlumatları internet resurslardan toplamışıq, bunlardan xəbəriniz vardırmı? Nə qədər qısaltmağa çalışsaq da alınmadı. Ümumiyyətlə, keçdiyiniz həyat yolu barəsində suallara münasibətiniz necədir?
– Əvvəla, minnətdaram ki, keçdiyim həyat yoluna dair məlumatlar toplamağa bu qədər vaxt sərf etmisiniz. O, məlumatlar zaman-zaman toplanıb, internet resurslarda, o cümlədən açıq vikipediyalarda yer almışdır. Biz də rastlaşanda, istər-istəməz redaktələr edirik ki, təhriflərə yol verilməsin. Amma, bilirsiniz ki, özüm haqqında çox danışmağı sevmirəm. Bu il hər birimiz üçün daha əhəmiyyətlisi, Sumqayıtın 70 illiyidir və istərdim ki, diqqəti şəhərimizlə, hamımızın taleyində önəmli izlər buraxmış doğma Sumqayıtımızla, onun sosial-iqtisadi inkişafı ilə bağlı suallara önəm verəsiniz.
– Əlbəttə, Sumqayıtla bağlı suallar olacaqdır və bunsuz mümkün deyildir, amma istərdim uşaqlıq illərindən bu yana keçdiyimiz həyat yolunun qısa cizgiləri üzrə suallarımızı cavablandırasınız. Uşaqlığınız necə keçib? Nələri xatırlayırsınız?
– Anadan olduğum kənddə o vaxtı orta məktəb yox idi, 4-cü sinifdən başlayaraq, qonşu kəndə məktəbə gedərdik və bunun üçün təxminən 3-4 kilometr yol qət edərdik, amma məktəbə getmək istəyi, oxumaq arzusu bütün bu çətinliklərin öhdəsindən gəlməkdə köməyim olmuşdur. Müəllimlərimi və məktəbli yoldaşlarımı heç vaxt yaddan çıxarmamışam. İmkan düşən kimi görüşürük, amma belə imkanlar təəssüf ki, az olur. Uşaqlıqda və məktəb illərində biz fəal şəkildə əməklə və idmanla, xüsusilə, futbolla məşğul olurduq, işləyirdik, bu vərdişlər bu günə kimi əsas yardımçımdır desəm yanılmaram. Bir də o illərdə oxumağa kitab az idi, ola bilər şəhərlərdə və rayon mərkəzlərində kitablar çox idi, kənd kitabxanları üçün bunları demək o qədər də mümkün deyildi. İndiki zəmanədə isə kitab çox, amma təəssüf ki, kitab oxuyanlar isə azdır. Hesab edirəm ki, kitablar insanın ən vəfalı və sadiq dostlarıdır. Həyatımın gərgin və acılı günlərində kitablara qapılmağım köməyimə gəlib və onlar mənə həmişə düzünü seçməkdə yol göstəriblər.
-Uşaqlıqda yadda qalan maraqlı və təsirli halları, xatirələri deyə bilərdinizmi?
– Yadımdadır, orta məktəbin 6-cı sinifində oxuyurdum. Məktəbimizdə iaşə müəssisəsinin şagirdlərə göstərdiyi xidmət o qədər də yaxşı deyildi, oranın Ədalət adlı bir müdiri var idi. Narazılığımızı ona bildirdik, ancaq nəzərə almadı, beynimə bir felyoton yazmaq düşdü və həmin yazını rayon mərkəzində çıxan “Araz” qəzetinə göndərdik və dərc olundu. Bu yazı “Ədalətin ədalətsizliyi” adlanırdı və böyük marağa səbəb olmuşdu. Uşaqlıqdan ən yüksək qiymətləndirdiyim dəyərlərdən biri – ədalətlilikkdir, ədalətli olmaqdır. Başqa bir xatirəm atamla bağlıdır, 4-cü sinifdə orta məktəb pedaqoji şurasının qərarı ilə imtahansız 5-ci sinifə keçirilmişdim, valideynlərim və yaxınlarım çox sevinmişdilər, axşam ailəvi şam süfrəsində atam sevincini belə bölüşdürdü ki, “arzu edirəm ki, orta məktəbi yüksək qiymətlərlə başa vurasan, instituta daxil olasan və hamımızı sevindirəsən, elə-obaya, vətənimizə layiqli xidmət göstərəsən”. Atamın arzusu yerinə yetirildi, mən orta məktəbi əla qiymətlərlə bitirərək instituta daxil oldum, amma o mənim uğurlarımı görə bilmədi, qəflətən 51 yaşında dünyasını dəyişdi. Bu niskil hələ də qəlbimi, ruhumu tərk etmir.
– Həyat hekayətinizdə belə bir məlumat vardır ki, sovet ordu sıralarında xidmət etmisiniz, bu harada və necə baş vermişdir?
– Sovetlər birliyi dövründə Azərbaycanlılar keçmiş SSRİ-nin istənilən nöqtəsində xidmətə göndərilə bilərdilər. Mənim bəxtimə ən ucqar nöqtələrdən biri – Şimal buzlu okeanının Norveç suları tərəfindən olan ərazisi – Murmansk vilayətinin Snejneqorsk hərbi şəhərciyi düşmüşdü. Biz ora 1978-ci ilin noyabrında çatdıq, gün ərzində cəmisi bir neçə saat hava açılırdı və işıqlanırdı, yayda isə əksinə, bir o qədər də qaranlıq olurdu. Amma, mən oradan Moskvaya göndərildim və hərbi xidmətimin əsas hissəsini Moskvada keçirmişəm. Şimalda 39-40 dərəcə şaxta görmüşəm, Moskvada isə şaxta nisbətən “mülayimdir” – maksimum 30-32 dərəcə şaxta görmüşəm. Bunları da bir məktəb hesab edirəm, insan bərkə-boşa düşməli, çətinliklər görməlidir ki, möhkəmlənsin, iradə sahibi olsun.
– Şəfa müəllim, əmək fəaliyyətinizin ilk illəri barəsində yadda qalan hansı məqamları açıqlamaq istərdiniz?
-Mən Sizə bildirmişdim ki, özüm haqqında uzun-uzadı danışmaqda çətinlik çəkəcəm, amma görünən budur ki, bundan yan keçə bilməyəcəyik. Tərcümeyi-halımda və internet resurslarda xeyli məlumatlar verilmişdir. 1981-ci ilin aprelindən taleyimi doğma Sumqayıtımızla bağlamışam. Əmək fəaliyyətinə “Sintetik kauçuk” zavodunun nitril lateksləri sexində aparatçı vəzifəsində başlamışam. Ailə vəziyyətimiz çətin idi, dolanışıq üçün həm işləməli, həm də ali təhsil almalı idim, qərara gəldim ki, hər ikisini paralel reallaşdırım. Eyni zamanda, ictimai işlərdə kifayət qədər fəallıq göstərirdim, tezliklə bunlar qiymətləndirilirdi. İdarə aparatına dəvət olundum, mühasibatlıqda işlədim. Amma, mən bir məsələni demək istəyirəm ki, uzun müddət ərzində bir vəzifədə işləmək mənə qismət olmayıb, çünki tez-tez irəli çəkildiyimdən, vəzifə pillələrini də dəyişməli olurdum. 1984-89-cu illərdə komsomol orqanlarında fəaliyyət göstərmişəm, bir neçə minlik gənclər ordusu ilə işləmək böyük xoşbəxtçilik idi və həmin illərin enerjisini hələ də saxladığımı hiss edirəm. Bilirsiniz ki, 1985-86-cı illərdən başlayaraq, başabəla “yenidənqurma” hoqqaları keçmiş SSRİ-nin süqutuna doğru gedən yolları bir az da qısaltdı. Məhz həmin dövrdə öz ixtisasım üzrə işləməyə və mütəxəssis kimi formalaşmağa qərar verdim.
– Sizin əmək fəaliyyətinizin çox hissəsi maliyyə və iqtisadiyyat sahələri ilə bağlı olmuşdur, bunları oxucularımız üçün qısaca şərh etməyinizi istərdik?
– 1989-90-cı illərdə Moskva şəhərində ikinci dəfə məhz xarici iqtisadi əlaqələr üzrə ixtisaslaşmışam və 1990-cı ilin aprel ayından başlayaraq, “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam, o vaxta qədər isə həmin şöbənin müavini idim. O dövrdə bu birlik çox iri bir müəssisə idi, unikal “EP-300” qurğusu da həmin birliyin tərkibində fəaliyyət göstərirdi. SSRİ-nin dağılan vaxtları idi, hər addımda çətinliklər üzə çıxırdı, amma insanlarımız, ölkəmiz naminə – Sumqayıtımız və Azərbaycanımızın naminə bu müəssisələrin fəaliyyət göstərməsi, ölkəyə valyuta gətirməsi vacib idi. Xatirəmdədir, başlanılan hər bir yenilik və təklif müqavimətlərlə qarşılanırdı, ixtisaslı kadrların əksər hissəsi qeyri-millətlər idi və sürətli kadr axını gedirdi. Onlar fikirləşirdilər ki, Sumqayıtın sənaye potensialı qısa müddətdə heçə enəcəkdir və bu müəssisələri istisamarının davam etdirilməsi mümkün olmayacaqdır.
-Sözünüzü də kəsirəm, həmin dövrdə həm də məlumdur ki, Sumqayıtda ağır ekoloji vəziyyət yaranmışdı, bunları necə xatırlayırsınız?
– Bu məsələlər olduqca geniş təhlil tələb edir, hələ 1970-ci ilədək olan dövrdə Sumqayıtda sosial-iqtisadi inkişaf prosesləri ağır vəziyyətdə idi, şəhərdə ekoloji problemlər kəskin xarakter daşıyırdı, şəhər təsərrüfatının inkişafında dinamiklik çatışmırdı, şəhər və sənaye infrastrukturunun yenilənməsi, həmin dövrün yüksək texnologiyalarının şəhərə gətirilməsi tələb olunurdu, mərkəzin – Moskvanın, Sumqayıtın inkişafına münasibətinin dəyişdirilməsi lazım idi. Bu problemlərin həlli isə cəsarət və qətiyyət tələb edirdi, tarixi obyektivlik naminə qeyd edim ki, bunların öhdəsindən o dövrdə ümummilli liderimiz Heydər Əliyev gələ bilmişdir.
– Şəfa müəllim, ümummilli liderimiz Heydər Əliyevin Sumqayıt şəhərinin həm sənaye mərkəzi, həm də sosial-iqtisadi inkişafının təmin olunmuş bir şəhər kimi formalaşdırılmasında gördüyü işlərin şahidi kimi fikirlərinizi bir az daha geniş şəkildə oxucularımız üçün bildirsəydiniz maraqlı olardı.
–1970-1985-ci illər Sumqayıt şəhərinin sənaye mərkəzi kimi inkişafının sürətlənməsində intibah dövrü kimi tarixə düşmüşdür. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan Respublikasına o vaxtkı dövrdə rəhbərlik etmiş Heydər Əliyevin cəsarətli addımları, zəkası və bacarığı qarşısında heç bir ciddi arqument qoya bilməyərək, Azərbaycanın inkişafının sürətləndirilməsi, o cümlədən, Sumqayıtın sənaye potensialının həmin dövrün yüksək texnologiyalarına uyğun şəkildə gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə getməyə məcbur olmuşdur və bu işə maneçilik edənlərin olmasına baxmayaraq, həmin proseslərin qarşısının alınması mümkün olmadı və nəticədə Sumqayıtın sosial-iqtisadi inkişafında sürətli bir mərhələnin həyata keçirilməsi mümkün oldu.
– Siz 1980-ci illərin əvvəlindən Sumqayıtda yaşamısınız və həmin dövrün mənzərəsini necə təsvir edərdiniz?
–Sumqayıt 1970-85-ci illərdə sözün və əməlin əsl mənasında zəhmətkeşlər, əməyi sevən, şəhərin inkişafı naminə gecə-gündüz çalışan insanların şəhərinə çevrilmişdi, şəhərdə sosial-iqtisadi inkişaf sürətlənmişdi, yeni yaşayış massivləri – mikrorayonlar salınırdı, insanlarda sabahkı günə və daha yaxşı yaşayacaqlarına inam artmışdı. Sumqayıt həmin dövrdə respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınırdı, yüzlərlə məhsullar keçmiş SSRİ-nin müttəfiq respublikalarına və onların şəhərlərinə, həmçinin keçmiş sosialist ölkələrinə göndərilirdi. Həmin dövrdə Sumqayıt dinamik inkişaf etməkdə və tərəqqidə olan sənaye şəhəri kimi formalaşmışdı. 1970-80-ci illər ərzində Sumqayıt şəhərində neftkimya sənayesi müəssisələrində istehsalın həcmi 2,94 dəfə, kimya sənayesi müəssisələri üzrə isə 2,86 dəfə, əmək məhsuldarlığı 2,17 dəfə, əsas sənaye istehsal fondlarının artım tempi 94 % təşkil etmişdir.
– Ümummilli liderimiz Heydər Əliyevin həmin dövrdə Sumqayıta diqqət və qayğısının təzahürünü və təsirini necə ümumiləşdirərdiniz?
-Ulu öndər Heydər Əliyevin tapşırıq və nəzarəti, diqqət və qayğısı sayəsində 1970-85-ci illər Sumqayıtın sosial-iqtisadi inkişafının tarixində mühüm bir mərhələ kimi yadda qalmışdır. Həmin dövrdə Sumqayıt təkcə Azərbaycanda yox, keçmiş sovetlər birliyində dinamik və sürətli inkişaf edən sənaye şəhərinə çevrilmiş, bununla bərabər sosial-iqtisadi inkişaf baxımından kifayət qədər intensiv proseslər getmişdir.1970-85-ci illərdə Sumqayıtda şəhər təsərrüfatı müasirləşdirilmiş, burada görülən bütün işlər şəhərsalma standartlarına uyğunlaşdırılmış, əhalinin rahat yaşaması və onları narahat edən problemlərin aradan qaldırılması, yeni yaşayış massivlərinin, məktəblər və xəstəxanaların, uşaq baxçalarının, sosial obyektlərin tikintisinin yüksək sürətlə aparılması təmin olunmuşdur.
-Şəfa müəllim, bəs sonrakı illərdə nə baş verdi? Deyəsən Sizin həyat hekayətinizdən çox Sumqayıtdan danışası olacağıq, söhbətimizin bu cür macəraya yönəlməsini nə ilə əlaqələndirə bilərdiniz?
– Pafoslu çıxmasın, tərcümeyi-halımızdan Sumqayıtı götürsək yerdə nə qalar? Çünki, bir daha qeyd edim ki, mənim həyat və əmək fəaliyyətim əsasən Sumqayıtla bağlı olmuşdur, hətta Moskvada – məsul işdə – “Azərikimya” DŞ-nın Rusiya Federasiyasında nümayəndəliyinin başçısı vəzifəsində işləyərkən belə, gördüyüm işlərin 90 %-dən çoxu Sumqayıt və onun sənaye müəssisələri ilə bağlı olmuşdur. Həmin illərdə – 1997-2000-ci illərdə şəhərimizin sənaye müəssisələri, o cümlədən, kimya və neftkimya müəssisələri üçün ağır bir dövr idi. Müəssisələr istehsal potensialını itirməkdə idi, kooperasiya-təsərrüfat əlaqələrin çoxu kəsilmişdi, hər şeyi yenidən – bazar münasibətlərinə uyğun şəkildə başlamaq lazım idi.
– Sumqayıtın və Sumqayıt sənaye müəssisələrinin Siz deyən kimi, ağır vəziyyətə düşməsi nə ilə əlaqədar olmuşdur?
– 1986-93-cü illər Sumqayıtın sosial-iqtisadi inkişafında tənəzzül və şəhərin sənaye potensialının əhəmiyyətli hissəsinin itirilməsi dövrü kimi yadda qalmışdır. Bu dövrdə şəhər sosial-iqtisadi inkişaf baxımından mürəkkəb problemlərlə üzləşmiş və ziddiyətli hadisələr baş vermişdir.Keçmiş SSRİ-nin süqutundan sonra, artıq Azərbaycan öz müstəqilliyini bərpa etmiş və 1990-cı illərin əvvələrində Sumqayıtın ittifaq əhəmiyyətli müəssisələrində güclü problemlər başlamış, satış-təchizat müqavilələri qüvvədən düşmüş, ənənəvi alıcılar itirilmiş, xammal gətirilməsi çətinləşmiş, nəticədə müxtəlif sənaye müəssisələri nəzərə alınmaqla, Sumqayıt onminlərlə sənaye iş yerlərindən, həmçinin xidmət sahələrindəki iş yerlərindən məhrum oldu, müəssisələr bağlandığından ixtisarlar başladı, yaxud işçilər uzunmüddətli öz hesablarına məzuniyyətə buraxıldılar, faktiki olaraq aid olduqları müəssisədən əməkhaqqı almadılar və şəhərin sosial-iqtisadi inkişafında durğunluq baş verdi.
– Bu hadisələrin şəhərin sənaye potensialına təsiri nə ilə nəticələndi?
– 1991-94-cü illərdə Sumqayıtın əsas sənaye sahələri olan kimya və neftkimya, həmçinin metallurgiya kompleksi öz potensiallarının əhəmiyyətli hissəsini itirdilər, kompressorlar istehsal edən qurğular fəaliyyətini dayandırdı, çoxlu sayda sex və istehsalatlar bağlandılar, məhsul istehsalı səviyyəsi dəfələrlə aşağı düşdü, işləyən qurğular isə cəmisi istehsal güclərinin 20-30 % səviyyəsindən yuxarı keçə bilmədilər və nəticədə Sumqayıt sənaye potensialının əhəmiyyətli hissəsini itirdi.
– Bəs bu vəziyyətdən çıxış yolu necə tapıldı və Sumqayıtın sənaye potensialın dirçəldilməsi dövrünü qısaca qiymətləndirməniz yerinə düşərdi.
– 1994-2003-cü illər müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıtın rolunun bərpa edilməsi və gücləndirilməsi dövrü kimi tarixi əhəmiyyət kəsb edir və bunlar ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin kontraktı”nın reallaşdırılması sayəsində mümkün olmuşdur, bu illərdə şəhərdə bir-birinin ardınca sənaye və şəhər infrastruktur obyektlərinin tikintisi, istismara verilməsi tədbirləri görülmüş və şəhərin aparıcı sənaye müəssisələrinin fəaliyyətinin bərpası üçün investisiyalar cəlb olunmuşdur.
– Sumqayıtın sənaye potensialının müstəqillik illərində dirçəldilməsində Heydər Əliyevin mühüm xidmətlərindən birini xüsusilə fərqlənldirə bilərdinizmi?
– Böyük məmnuniyyətlə, ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin şəhərimizin sənaye potensialının dirçəldilməsində tarixi xidmətlərini bir müsahibə çərçivəsində qeyri-mümkündür. Təkcə bir misal çəkmək kifayətdir ki, bu böyük şəxsiyyətin və rəhbərin gördüyü işlərin əhəmiyyətini dərk edək. Belə ki, Sumqаyıtdа iri istilik mərkəzlərinin dаyаnmаsındаn sоnrа hökümət zəmаnəti ilə 90 mln. АBŞ dоllаrı dəyərində vəsаitin Yаpоniyаdаn cəlb еdilməsi və həmin ölkənin dünyа şöhrətli firmаlаrının iştirаki ilə müаsir аvtоnоm «Buхаr-Gеnеrаtоr Qurğu»sunun tikilib istifаdəyə vеrilməsi (2001-ci il) fаktı hеsаbınа, hаzırdа Sumqаyıtın sənаyе mərkəzi kimi fоrmаlаşmаsındа mühüm əhəmiyyəti оlаn kimyа və nеftkimyа kоmplеksinin fəаliyyətinə ikinci nəfəs vеrilmişdir. Sumqayıtlılar üçün bu tarixi hadisə xüsusilə əlamətdardır ki, Ulu Öndər Buxar-Generator kompleksinin ölkənin neft-kimya sənayesi üçün əhəmiyyətini yüksək qiymətləndirərək, Yaponiyalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin təməlqoyma mərasimində və 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak etmiş, bütün sumqayıtlıları bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. “Buxar-Generator Qurğusu”nun səmərəli fəaliyyəti nəticəsində artıq 2002-2003-cü illərdə Sumqayıtda yerləşən kimya kompleksinin bütün müəssisəsələrində zərərlə işləməyə son qoyuldu, əsas məhsulların maya dəyər göstəriciləri xeyli yaxşılaşdırıldı, çəkilən xərclərin azalması isə məhsulların qiymətlərini optimallaşdırdı və dünya bazarlarında ixrac baxımından rəqabətqabiliyyətlilik artırıldı.
– Siz həmin illərdə “Azərikimya” DŞ-də, həmçinin müxtəlif kimya və neftkimya müəssisələrində məsul işlərdə, o cümlədən, rəhbər işlərdə çalışmısınız. Yadda qalan və təəssüfləndiyiniz nələrə toxunmaq istərdiniz?
– Artıq fəaliyyətimizin müxtəlif məqamları barəsində az da olsa məlumatlandırdıq. Amma, elə işlər və hadisələr vardır ki, onları xatirlamamaq mümkün deyildir. Böyük hörmət və rəğbət hissi ilə mənim bir kadr və rəhbər kimi təcrübə toplamağında əməyi olmuş, dövlət mükafatı laureatı, bir neçə orden və medallarla təltif olunmuş, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi ilə“Sintezkauçuk” İB-nin baş direktoru olmuş Zəmin Hüseynovu xatırlamaq istərdim. O, özünün gərgin və məhsuldar əməyi ilə hamımıza nümunə idi, tələbi bu idi ki, başlanılan işi yarımçıq qoymayaq, biliklərə yiyələnək. 1992-ci ildə “EP-300” qurğusunda ağır qəza baş vermişdir və həmin qurğu fəaliyyətini dayandırmışdı. Zəmin Hüseynov gecə və gündüz öz sağlamlığını təhlükəyə ataraq, bu nəhəng qurğunun bərpası işlərinə rəhbərlik etdi, bərpa işlərinin idarə-olunduğu qərargahdan onu güclə çıxarmaq mümkün idi ki, heç olmasa bir neçə saat dincəlsin. Bir il ərzində qurğu istismara qaytarıldı və bu günə kimi ölkəmizin kimya sənayesinin inkişafına xidmət edir. Amma, sonrakı illərdə Zəmin Hüseynov öz sağlamlığını, həyatını erkən itirdi və arzusunda olduğu bir çox müasir istehsalatların, o cümlədən, polipropilen istehsalatının istismara verilməsini görə bilmədi. Bir də, bunları xatırlayarkən, çox təsirliyəm ki, şəhərimizin 70 illiyi ərəfəsində Zəmin Hüseynovun xatirəsi anıldı və şəhərimizin zəhmətkəş insanların fədakarlığına, əməyinə yüksək qiymət vermək üçün səmərəli fəaliyyət göstərən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü və rəhbərliyi altında onun yaşadığı binayaxatirə lövhəsi vuruldu.
– Şəfa müəllim, yenə də özünüz haqqında danışmaqdan yayınırsınız. Çalışdığınız işlərdə hansı keyfiyyətlərə və prinsiplərə daha çox üstünlük verməyi vacib hesab edirsiniz?
– Bilirsiniz, məlumatlısınız, bir-birinin ardınca müxtəlif işlərdə çalışmışam. Sözün düzü heç fikirləşməyə da vaxt olmayıb, təzə təyinat alan birinci gündən problemlərin yollarını axtarmağı vacib saymışam. Tapşırılan istənilən sahədə mütəxəssis və ya rəhbər ona göstərilən etimadı doğrultmaq, ondan gözlənilən nəticələri ortaya qoymaq üçün vicdanla çalışmalı, səy göstərməlidir.
– Bəs haqsızlıqlarla üzləşdikdə nə etməli olduğunuzu bilirsinizmi?
– Düzdür, fəaliyyət dövrümdə müəyyən belə hallar olub, amma, bunlar normal qarşılanmalı və faciəyə çevrilməməlidir. İnsan daim öz üzərinda çalışmalı və faydalı, səmimi, seçdiyi peşəsinə, sənətinə, vətəninə, ölkəsinə, dövlət başçısına sadiq olduğunu əməli ilə göstərməlidir. Gənc kadrlara və rəhbərlərə məsləhət görərdim ki, hər hansı bir haqsızlıqdan tez sınmasınlar, əriməsinlər, əksinə, inamla irəliyə baxsınlar və daha çox çalışaraq, nailiyyətlər əldə etsinlər.
– Şəfa müəllim, elə danışdınız ki, elə bil ki, artıq qocalmısınız. 60 yaş nədir ki?
– Əlbəttə, 60 yaş çox deyildir. Bu yaşda özünə hörmət edən insan keçdiyi həyat yolu və əməlləri barəsində səmimi hesabat verməyi və etiraf etməyi bacarmalıdır. Səhvlərini götür-qoy etməlidir, daha səmərəli fəaliyyət göstərmək üçün bilik və bacarığını əsirgəməməlidir, yəni daha çox işləməli və çalışmalıdır. Dincəlməkdən, qocalmaqdan söhbət gedə bilməz. Ən yaxşı dincəlmək və istirahət – sevdiyin işlə, zəhmətlə məşğul olmaq, yaşadığın şəhərə, ölkəyə, vətənə xidmət etməkdir.
– Sevdiyiniz iş demişkən, hazırdakı işiniz və elmi fəaliyyətinizdən heç danışmadınız, bunlar barəsində məlumatlar oxucularımız üçün, şübhəsiz, maraq doğuracaq.
– Elmi fəaliyyətdə əsas üstünlüyü baxılan problemlərin mahiyyətinin obyektiv araşdırılmasına, onun həlli yollarının optimal müəyyənləşdirilməsinə və nəticələrin praktiki baxımdan səmərəliliyinə üstünlük verirəm. Çünki, elmi fəaliyyət maksimum səmərəli olmalıdır, insanlara, iqtisadiyyata fayda verməlidir. Hər bir alim və tədqiqatçının ümdə vəzifəsi – cəmiyyəti və iqtisadiyyatı, dövləti narahat edən iqtisadi problemlərin səmərəli həlli yollarının tapılması ilə bağlı olmalıdır. Bunu zəmanə tələb edir, qlobal çağırışlar şərtləndirir. Son 50 il ərzində iqtisadiyyat sahəsində Nobel laureatı mükafatları yalnız konkret iqtisadi fəaliyyət sahələri üzrə verilmişdir.
– Şəfa müəllim, belə bir fikir də vardır ki, alim və tədqiqatçıların əldə etdikləri elmi nəticələr çox hallarda tətbiqini tapmır və ya tətbiq üçün qəbul olunmur.
– Bu məsələdə bir az alim və tədqiqatçının fəaliyyəti ilə bağlı prinsiplərə və yanaşmalara diqqətin yönəldilməsi vacibdir. Əgər əldə olunan elmi nəticələr rəflərdə yığılıb qalırsa, işıq üzü görmürsə, tətbiq üçün təqdim olunmursa, nə etmək olar? Hər bir uğur üçün qabaqcadan mükafat və ya dəstək gözləmək o qədər də düşünülmüş bir addım deyildir. Günahı və məsuliyyəti də dövlətin üzərinə yıxmaq olmaz. Gərək alim və tədqiqatçılar öz fikirlərini, elmi nəticələrini tələb olunan qədər əsaslandırsınlar, işlədikləri elmi-tədqiqat müəssisələrinin, aidiyyati orqanların rəhbərlərinə, o cümlədən, dövlət strukturlarına göndərsinlər. Sizi inandırıram ki, geci-tezi onlara reaksiya olacaqdır, həmin təkliflər bu və ya digər formada istifadə ediləcək və tətbiq olunacaqdır.
-İşlədiyiniz Sumqayıt Dövlət Universitetində bu məsələlər hansı səviyyədə təşkil olunub və ümumilikdə Universitetdə işlər necə gedir?
-Bilirsiniz ki,Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyulub. Universitetlər öz siması ilə tanınır. SDU-da aparılan yenidənqurma işləri onun görkəmini tamamilə dəyişmişdir. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəni mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davamlı inkişaf etdirir. Yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, bir çox struktur dəyişiklikləri, auditoriyalarda yeni quraşdırılmış “ağıllı lövhələr”, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulması, “Heydər Əliyev mərkəzi”nin yaradılması, beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsi universitetin yeniliklərlə dolu zəngin mənzərəsini əks etdirir. SDU 2014-cü ildən Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və 2015-ci ildən isə Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının üzvüdür. Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovdur. İnnovativ təlim metodları və texnologiyalarından səmərəli istifadə, təhsilin məzmununun yeniləşməsində və keyfiyyətinin yüksəlməsində beynəlxalq təhsil məkanına inteqrasiya universitetin təhsil sisteminin modernləşdirilməsi istiqamətində ən mühüm şərtlərdəndir. Hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə: Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya, 29 kafedra, 6 Elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlığı çərçivsəində iki elmi ixtisasda – “İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” və “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə Dissertasiya şurası yaradılmışdır.Ölkə Prezidentinin “Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2019-cu il tarixli Sərəncamında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Dövlət başçısının Universitetimiz haqqında verdiyi bu yüksək dəyərdən qiymətli nə ola bilər? Hər birimiz var gücümüzlə işləməliyik ki, bu etimadı doğruldaq və ölkə Prezidentinin Universitetimizə verdiyi qiymətə layiq olaq, ona uyğun nailiyyətlər əldə edək.
-Bəs müasir dövrdə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişaf prosesləri barədə nə deyə bilərdiniz?
– Sumqayıt Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılmasına, onun strukturunun təkmilləşdirilməsinə, qeyri-neft sektoru sahələrinin, xüsusilə, qeyri-neft sənayesi sahələrinin inkişaf etdirilməsinə, ağır sənaye sahələrinin inkişafına, yüksək elm və texnologiyalar tutumlu iqtisadiyyat sahələrinin inkişafına misilsiz töhfələr vermiş bir sənaye şəhəridir. Bu funksiya hazırda da yüksək səviyyədə yerinə yetirilir.Sumqayıt novatorlığı, innovasiyaların tətbiqini daha tez mənimsəmək potensialına malik balanslaşdırılmış və tarazlaşdırılmış inkişaf səviyyəsi keçmiş, elm və texnologiyaların inkişafı baxımından kifayət qədər əlverişli, resurslara malik və investisiya mühiti baxımdan cəlbedici bir şəhərdir.
Xüsusilə, 2003-cü ilin sonlarından başlayaraq, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və nəzarəti altında Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmış, şəhər təsərrüfatı yenilənmişdir.
– Sumqayıtın sosial-iqtisadi inkişafında önəmli hadisələrin qısa təhlilini versəydiniz, oxucularımızda obyektiv təsəvvür yaranardı.
– Böyük məmnuniyyətlə, son illərdə Sumqayıtda aparılan quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi tədbirlər qürurverici və kifayət qədər mühüm əhəmiyyət kəsb edən tarixi hadisələr kimi qiymətləndirilməlidir. “SOCAR Karbamid” və “SOCAR Polymer”, Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı kimi çoxfunksiyalı və nəhəng sənaye komplekslərinin istifadəyə verilməsi Sumqayıtı regionda və dünyada dinamik inkişaf edən sənaye mərkəzinə çevrilmişdir. Sevindirici haldır ki, möhtəşəm sosial infrastrukturun yaradılması da yüksək səviyyədə təşkil olunmuşdur. Heydər Əliyev Mərkəzi yaradılmış, Bayraq Muzeyi tikilmiş, Sumqayıtda müasir Dəmir Yolu Vağzalı kompleksi açılmışdır. Sumqayıt yaşıllıqlar, parklar şəhərinə çevrilmiş və dünya səviyyəli bulvar yaradılmışdır. 2016-cı ildə yaradılmış bu bulvar bir möcüzə kimi insanları cəzb və valeh etməkdədir, Sumqayıt bulvarı şəhərin yeni simasıdır və şəhərin ekoloji-iqtisadi sisteminin fəqərə sütununa çevrilmişdir, Sumqayıt bulvarı müasir dövrdə baş verən qlobal transformasiyalar və ekoloji iqtisadi problemlərin artdığı bir şəraitdə, şəhərin ekoloji-iqtisadi sabitliyinin gücləndirilməsində strtaeji funksiyaları yerinə yetirir, Sumqayıt bulvarı şəhərin dünya ictimaiyyətinə təqdim edə biləcəyi gözəllik, inkişaf, tərəqqi simvoludur, ekoloji sabitliyin və dinamik sosial-iqtisadi inkişafın təcəssümüdür, ekoloji problemlərin həllinə kompleks və sistemli yanaşmaların ifadəsidir, Sumqayıtın turizm zonası kimi inkişaf potensialının göstəricisidir.
– Sumqayıtın sosial-iqtisadi inkişafından danışmışkən, iqtisadçı-alim kimi bir az geniş təhlillərinizi oxucularımızla bölüşmək istərdik.
– Əvvəldə bildirdiyim kimi, 2003-cü ilin sonlarından başlayaraq, Sumqayıtda sosial-iqtisadi inkişafa yeni nəfəs verilmişdir. 2003-2018-ci illərdə Sumqayıt şəhəri üzrə ümumi məhsul buraxılışı 12,5 dəfə, sənaye məhsulunun həcmi 10 dəfə, əsas kapitala yönəldilmiş vəsait 20 dəfə, o cümlədən, yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcmi 20 dəfə artmış, həmin dövrdə infratruktur layihələrinə 3 milyard manatdan çox investisiya qoyulmuşdur. 67 min daimi olmaqla, 84 min yeni iş yeri yaradılmışdır. Orta aylıq əmək haqqı 2003-ci illə müqayisədə 2018-ci ildə 6,1 dəfə artmışdır. Yerli büdcə xərcləri isə 2003-ci ildə dotasiya (25,0 mln manat) ilə birlikdə 36,0 milyon manat olmuşdur və, maraqlıdır ki, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 45,0 mln manat təşkil edib, yəni, 2003-ci illə müqayisədə 4,1 dəfədən cox artıb.
– Şəfa müəllim, son illərdə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının hansı məqamlarına diqqət çəkərdiniz?
– Düzü, son illərdə, xüsusilə, 2015-2018-ci illərdə şəhərimizin sosial-iqtisadi inkişafında hadisələr o qədər sürətlə və məhsuldar cərəyan edir ki, onların hamısını təhlil etmək və ümumiləşdirmək qeyri-mümkündür. Amma, görünən odur ki, şəhər rəhbərliyi dövlət başçısının tapşırıq və nəzarətinə uyğun olaraq, qarşıya qoyulan strateji hədəfləri reallaşdırmaqda səmərəli fəaliyyət göstərir və bütün imkanlar, potensial bu hədəflərin hamısının həyata keçirilməsinə yönəldilmişdir. Bir sıra nəticələri və uğurları da qeyd etmək vacibdir. Belə ki, 2015-2018-ci illərdə Sumqayıt şəhəri üzrə ümumi məhsul buraxılışı 2,5 dəfə,sənaye məhsulunun həcmi 2,9 dəfə, Sumqayıtın ölkə Ümumi Daxili Məhsulunda payı 1,33 %-dən 2,52 %-ə qədər artmışdır. Sumqayıtın məhsul buraxılışında sənayenin payı 63,3 % təşkil edir. Şəhərdə orta aylıq əmək haqqı 550-600 manat səviyyəsindədir. Yerli büdcə xərcləri 2015-ci ildə 30,0 mln manat olmuşdusa, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 44,0 milyon manat təşkil etmişdir. Bu dövr ərzində infratruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub və 25,5 mindən çox yeni iş yeri açılıb. 2018-ci ildə şəhər üzrə ümumi məhsul buraxılışı 2 milyard manat və sənaye müəssisələrində məhsul istehsalı 1,3 milyard manat təşkil etmişdir.
– Bəs Sumqayıt şəhər təsərrüfatının yenilənməsi və şəhərin simasının dəyişməsi üzrə müşahidələriniz varmı?
– Sevindirici haldır ki, özünün 70 illiyi ərəfəsində Sumqayıt şəhəri başdan-başa yaşıllıqlara və gül-çiçəklərə bürünmüşdür, son 4 ildə 100 hektardan çox sahə yaşıllaşdırılmış 300 mindən çox ağac və milyonlarla gül kölları əkilmişdir. Son 3 il ərzində Sumqayıtda 2,8 mln kvadratmetr əraziyə asfalt örtüyü, o cümlədən 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə, şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 mln kvadratmetr əraziyə asfalt döşənib. Bakı-Quba avtomobil yolundan başlayaraq 4,2 km uzunluğunda eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurma işləri aparılmaqla genişləndirilərək 22 metrə çatdırılıb və küçə müasir prospektə çevrilmişdir. Heydər Əliyev və Koroğlu prospektləri, Səməd Vurğun küçəsində təmir işləri aparılıb və asfalt örtüyü salınıb, Novxanı-Sumqayıt istiqamətində 7,5 km uzunluğunda Sahil küçəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Qısa müddət ərzındə dövlət mənzil fonduna aid istismar müddəti ötmüş 400 lift yenisi ilə əvəz edilib, Sumqayıtda ölkəmizdə ilk dəfə olaraq lift xidmətinin intellektual idarəetmə sistemi yaradılmışdır. Şəhərın müxtəlif yerlərındə 900-dən çox yaşayış bınasının dam örtükləri vurulub, 250 binanın fasad dıvarları və 3 mindən çox binaların girişi təmir olunmuş, 60 nümunəvi məhəllə yaradılmışdır. Şəhərin bütün məhəllə və mikrorayonlarında küçələr müasir zövqlə işıqlandırılmış, əhalinin istiliklə təminatında əsaslı irəliləyişlərə nail olunmuş, 700 binanın zirzəmisində su, kanalizasiya şəbəkəsi təmir edilmiş və qrafikə uyğun olaraq il ərzində bütün yaşayış binalarının zirzəmiləri dezinfeksiya olunmuşdur. Şəhərin təhsil və səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, yeni mədəniyyət obyektlərinin istismara verilməsi istiqamətində məqsədli və geniş miqyaslı işlər görülməkdədir.
– Şəfa müəllim, müsahibə boyunca verdiyimiz suallar əsasən əmək fəaliyyətinizlə və doğma Sumqayıtımızla bağlı oldu, istərdik ki, bir-iki sual da şəxsi xarakter daşısın, etiraz etməzsinizmi?
– Çalışaram, imkan daxilində, səmimi olum.
– Həyatda şəxsi taleyinizdən razınızmı?
– Deməzdim ki, narazıyam, bunun üçün o qədər də əsas yoxdur. Ailə üzvlərimin hamısı əməksevərdirlər və ali təhsillidirlər. 3 övladım və 6 nəvəm var. Hər birlərinin uğuru mənim üçün öz nailiyyətlərimdən daha üstündür. Amma, gərək valideyinlər də övladlarının həyatda layiqli yer tutmaları və möhkəmlənmələri üçün çalışsınlar, diqqət və qayğı göstərsinlər. Şəxsi həyatda uğurların və nailiyyətlərin əsası hər bir insanın valideynə, böyüklərə, ağsaqqallara verdiyi hörmət və ehtiramla daha güclü ola bilər. Buna görə də, övladların, bütövlükdə, gənclərin bu dəyərləri qiymətləndirməsi də cəmiyyətimizin sağlam və güclü inkişafını təmin etmiş olardı.
– Bəs sevdiyiniz məşğələlər, adətlər, yeməklər?
– Əvvəldə demişdim, kitablarsız özümü və asudə vaxtlarımı təsəvvür edə bilmirəm. 10-15 il bundan qabaqkı dövrə qədər qəzetləri mütailə etməyi də sevərdim, amma indi dövr dəyişilib, bu məlumatları internet-resurslardan alıram. Çox da olmasa, ailə üzvləri, xüsusilə, nəvələrimlə gəzintilərə çıxırıq. Yeməklərə gəlincə isə, ən çox xoşladığım milli plov və yarpaq dolmasıdır. Ağzımın dadı qaçanda, əsasən xarici ölkələrə ezamiyyətdən qayıdanda evdə mənə bu xörəkləri hazırlayırlar və bu mənim üçün həmişə xoş əhval-rühiyyə yaradır.
– Şəfa müəllim, Sumqayıt şəhərinin 70 illik yubileyi gəlir və bununla əlaqədar fikirlərinizi oxucularımızla bölüşərdiniz.
– Sumqayıt şəhərinin 70 illiyi hər birimizin və ölkəmizin həyatında əlamətdar bir hadisədir. İldən-ilə şəhərimizin gücü, potensialı, ölkəmizin sosial-iqtisadi inkişafında rolu artır. Dövlət başçısının Sumqayıtla bağlı strateji məsələlərə dair tapşırıqları və nəzarəti, diqqət və qaygısı şəhərimizin inkişafına güclü təkan verir. Şəhər rəhbərliyinin səmərəli fəaliyyəti də qeyd olunmalıdır.Maraqlı və təsadufi bir məqamı bölüşmək istərdim, uşaqların iştirakı ilə bu il keçirilən tədbirlərin birində iştirak edən 5 yaşlı nəvəm Esma fəallığı ilə şəhər rəhbərinin diqqətini cəlb edir və Zakir müəllim Azərbaycan bayrağı elementləri əsasında hazırlanmış səhnə geyimində olan Esmanı qucağına alır. Tədbirdən sonra Esma evdəkilərə deyib ki,“Sumqayıtın böyüyü güclü idi, məni yuxarı qaldıra bildi, bax buna gorə də Sumqayıt da güclüdür, möhtəşəmdir” (red-müsahibim tədbirdə çəkilmiş şəkili göstərir). Uşaq düşüncəsi daha saf və təmiz olduğundan bir şey əlavə etmək də çətindir…
Sumqayıtda yaşamaq və işləmək hər birimiz üçün qürurvericidir. Buna görə də Sumqayıtın bu səviyyəyə çatmasında əməyi olan hər bir kəsi, Sumqayıtın qurucularını hörmətlə xatırlamağa və qiymətləndirməyə borcluyuq. Həyatda olanlara isə möhkəm can sağlığı nəsib olsun. Hər bir Sumqayıtlımızı, şəhər rəhbərliyini və ictimaiyyətini şəhərimizin 70 illiyi münasibəti ilə təbrik edir və uğurlar arzulayıram. Müsahibəyə görə Sizəminnətdarlığımı bildirirəm.