“Şəffaf iqtisadi münasibətlərin qurulması nəticəsində ciddi naliyyətlər əldə olunub”
“Son illər ölkəmizdə iqtisadi münasibətlərin şəffaflaşdırılması ,”kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət tərəfindən şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması, eyni zamanda şəffaf iqtisadi münasibətlərin təşviq olunması istiqamətində atılmış addımlar nəticəsində bu sahədə ciddi naliyyətlər əldə olunub”.
Bu fikirləri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları “modern.az”a şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzv, millət vəkili İmamverdi İsmayılov bildirib.
Millət vəkili bildirib ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3 faiz artaraq 1.4 milyard manatdan artıq olub. Bununla yanaşı 2019-cu il və 2020-ci ilin birinci rübü ərzində ümumilikdə əmək müqavilələrinin sayında 172 mindən çox artım olub. Sozsüz ki, bütün bu iqtisadi göstəricilər şəffaflığın təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əldə olunub.
İ.İsmayılov qeyd edib ki, pandemiya dövründə sosial dəstək paketinin ən önəmli istiqamətlərindən biri də dövlət orqanlarında və özəl sektorda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəldildi: “Eyni zamanda məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması ilə bağlı da məqsədyönlü işlər aparıldı. Statistik məlumatlara diqqət yetirsək görərik ki, həyata keçirilmiş işlər nəticəsində mövcud iş yerləri qorunmaqla yanaşı 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım oldu. Bunlardan da 94 minə, yəni 90 faizə yaxını özəl sektorun payına düşür”.
Millət vəkili vurğulayıb ki, pandemiya dövründə dövlət tərəfindən şəffaf iqtisadi münasibətlər çərçivəsində fəaliyyət göstərənləri iqtisadi sahələrə və əhaliyə müəyyən güzəştlər və kompensasiya ödənişləri tətbiq olundu: “Azərbaycan Respublikası Prezidentinin cənab İlham əliyevin sərəncamı ilə pandemiya nəticəsində zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsi məqsədi ilə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrıldı. Bununla yanaşı dövlət tərindən pandemiya dövründə əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atıldı. Muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi. Pandemiya dövründə bir daha onun şahidi olduq ki, şəffaflığın təmin olunması iş yerlərinin qorunması və dövlətin bütün güzəştlərindən yararlanmaq üçün ən önəmli şərtlərdəndir. Dövlətimizin də özəl sektordan, eyni zamanda əhalidən gözləntisi budur ki, iqtisadi münasibətlər, əmək münasibətləri tam şəffaflaşdırılsın”.