O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi olan, eyni zamanda Sumqayıtı və sumqayıtlıları kifayət qədər tanıyan şəxsə tapşırılıb.
Bu dəyişiklik hər şeyin öz axarı ilə getdiyi dövrə təsadüf etmirdi – 2012-2015-cı illər dünyada növbəti iqtisadi kataklizmlər dövrü kimi xarakterizə olunur. Bu həmin dövr idi ki, dünya bazarında neftin qiyməti sürətlə düşmüş, əksər dünya ölkələrində iqtisadi böhran başlamış, devalivasiya prosesləri baş vermişdi. Qlobal bazarın bir parçası olan və xüsusilə də dünya bazarına neftlə çıxan və büdcəsinin gəlirlərinin əsas etibarilə neft gəlirləri təşkil edən Azərbaycan da bu böhranın təsirlərini hiss etmişdi. Büdcə gəlirlərinin azalması fonunda mobil idarəçilik “kəmərləri bərkitməyi” – xərcləri azaltmağı tələb edirdi.
Zakir Fərəcovun Sumqayıt şəhərinə təyin olunduğu dövr yeni mərhələnin başlanğıcı dövrü ilə üst-üstə düşürdü. Belədə, daha çox daxili imkanlar hesabına işləmək lazım gələcəkdi… Doğrudur, 2016-cı ilin iqtisadi təbəddülatları 2017-ci ildə yerini stabilləşmə və 2018-ci ildə iqtisadi dirçəlişə verəcəkdi və vəziyyət yaxşıya doğru dəyişməyə başlayacaqdı. Ancaq 2018-ci ilə qədər görülməli xeyli iş var idi… Və görünən odur ki, əzmkarlıq, təcrübə və təəssübkeşlik heç bir layihənin, ideyanın iqtisadi böhrana rəğmən kağız üzərində qalmasına imkan vermədi!
Sumqayıtın hansı miqyasda dəyişdiyini görmək üçün quru statistikaya baş vurmağa, qulağa xoş gələn mədhiyyə dolu, obrazlı ifadələrə müraciət etməyə qətiyyən lüzum yoxdur: şəhərin siması özü hər şeyi deyir!
Bəs maraqlıdır, şəhər administrasiyası bu dəyişikliyə necə nail olur? Şəhər rəhbərinin fəaliyyətində önə çıxan başlıca prioritetlər hansılardır və bu prioritetlərin praktik həlləri hansı səviyyədədir?
Bu mənada 5 istiqamət xüsusilə qabarıq görünür. Gəlin, daha detallı təhlil etməyə çalışaq.
Birinci istiqamət: Sosialyönümlü yanaşma
Kapitalizm quruluşu soyuq qanlı, bazar iqtisadiyyatının prinsiplərinə söykənən idarəçilik tərzini diqtə edir. Azərbaycan dövləti isə kapitalizmin bu xüsusiyyətlərini neytrallaşdırmaq üçün sosialyönümlü siyasətə üstünlük verir. Xüsusilə dövlət başçısının siyasətinin əsasında sosial faktorlar dayanır. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” tezisi məhz bu yanaşmanın ifadəsidir. Bu mövqeyerlərdə də məmurlardan eyni yanaşmanı tələb edir.
Sumqayıtda idarəçilik də vətəndaş cəmiyyətinin iştirakçılığının təmin olunması istiqamətində addımlar hiss olunmaqdadır.
Sosial problemlərin öyrənilməsi və həllində şəhər rəhbəri maraqlıdır. Bu, özünü nədə göstərir: Z.Fərəcov problemləri köməkçiləri, müavinləri, idarə rəhbərləri vasitəsilə öyrənmək istəmir, özünükabinet məmuru kimi aparmır – şəhərə çıxır, sumqayıtlıların içində olur, məktəblərə, bağçalara, tibb ocaqlarına gedir, şəhərin ucqarlarına baş çəkir, hər həftə şəhərinmüxtəlif yerlərində vətəndaşlarıqəbul edir, problemlər barədə məmurlardan yox, onlardan eşitmək istəyir.…
Sosialyönümlü yanaşma özünü yeni açılan iş yerlərində ilk növbədə məhz sumqayıtlıların işlə təmin olunmasına çağırışda da göstərir. Bu çağırışı şəxsən şəhər rəhbəri, birmənalı şəkildə edir.
Yeni tikilən obyektlər arasındasosialyönümlü inzibati binaların üstünlük təşkil etməsi də, hər halda, təsadüfi deyil və social siyasətin ifadəsidir.
İkinci istiqamət: Yeni iş yerləri
Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artıb, 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb və nəhayət, 32819 yeni iş yeri yaradılıb.
Və unikal bir model: Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. Bu addım hər şeydən öncə şəhər əhalisinin işlə təmin olunmasına hesablanıb.
Şəhər rəhbərinin fəaliyyətini təhlil edərkən nəzərə çarpan ən mühüm elementlərdən biri işsizliklə mübarizə, ilk növbədə sumqayıtlıların məşğulluq probelmlərinin həlli məsələsi aydın nəzərə çarpır. Yuxarıda da qeyd etdiyimiz kimi, şəhər rəhbəri yeni müəssisələrə işçi seçimində sumqayıtlılara üstünlük verməyi tövsiyə edir. Bu narahatlıq təəssübkeşlikdən doğur yəqin ki.
Üçüncü istiqamət: Kadr siyasəti
Şəhər adminstrasiyasının heyətinin təhlili deməyə əsas verir ki, burda da əsas faktorlardan biri yerli kadrlara üstünlük verilməsidir. Z.Fərəcovun demək olar ki, bütün müavinləri, idarə rəhbərləri, komandasının əsas fiqurları sumqayıtlılardır. Bundan öncəki təcrübələrdə rast gəldiyimiz yuxarı eşalonlara “legioner məmurlar”ın gətirilməsi praktikası yoxdur.
Daha bir diqqətçəkən məqam gənclərə etimad göstərilməsidir. Bir neçə struktur rəhbərliyində gənclərə etimad göstərilməsi olduqca təqdirəlayiqdir.
70 il öncə şəhərin sürətlə quranlar entuziazm dolu gənclər idi – indi də eyni enerjili gənclər şəhərin yenidən qurulmasında, abadlaşmasında, modernləşməsində iştirak edirlər…
Dördüncü istiqamət: Tarixə münasibət
Sumqayıtın cəmi 70 yaşı olsa da, bu şəhərin qurulması da bir tarixdir. Bu tarixi isə yazanlar var. Çox sevindirici haldır ki, şəhər rəhbərliyi bu tarixə də, onu yazanlara da böyük ehtiram hissi ilə yanaşır, öz fəaliyyətində bunu xüsusi olaraq hiss etdirir.
…2017-ci ilin mart ayında H.Z.Tağıyevin adını daşıyan qəsəbədə yeni park quruldu, Tağıyevin büstü yenidən işlənərək həmin parkda qoyuldu.
Ötən ilin yanvarında 1967-ci ildən 1997-ci ilə kimi Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi vəzifəsində çalışmış, AMEA-nın fəxri professoru, tibb elmləri namizədi İzzət Sadıxovun baralyefinin açılış oldu. Məhz onun adını daşıyan küçədə…
Bir neçə həftə öncə Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışına şahidlik etdik. Z.Fərəcov şəhərin mərkəzi küçələrindən birinə Zəminə Həsənovanın adının verilməsi ilə bağlı da sərəncam imzaladı.
Və cəmi bir neçə gün öncə kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılışı… bunlar yalnız bir neçə ilk yada düşən misallardır.
Ancaq hər halda, bəzən xırda detallar əhəmiyyətli, vacib panoram yaradır: indiki halda, bu panoramda əslində, Sumqayıta və sumqayıtlılara münasibət əks olunur.
Beşinci istiqamət:
İnfrastruktur, modernləşmə
Şəhərdə 4 il ərzində qurulmuş infrastruktur son 25-30 ildə qurulandan daha çoxdur. Zarafat deyil, bir-birindən əhəmiyyətli, memarlıq üslubuna görə seçilən, unikal binalar və ən əsası beynəlxalq miqyasda müzakirə olunan “möcüzəvi bulvar”!
Cəmi 8 aya qurulan, sahəsi 106 hekta
r, uzunluğu isə 4,2 kilometr olan yeni bulvar bu gün həm yerli sakinlərin sevimli istirahət yerinə çevrilib, həm də şəhərin çoxsaylı qonaqlarını valeh edir.
Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının 2017-ci ilin iyulun 3-də İspaniyanın paytaxtı Madriddə “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülməsi Sumqayıta artıq beynəlxalq diqqətin göstəricisi idi. Bundan bir qədər sonra – oktyabr ayında şəhərə bulvara görə daha bir mükafat gəldi – Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görüldü.
Ancaq bulvar hamısı deyil: möhtəşəm Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Bayraq Muzeyi… Bunlar hər biri şəhərin xüsusilə sosial infrastrukturunu möhkəmləndirir, sumqayıtlılar üçün yeni imkanlar açır, keyfiyyətli xidmət təklif edir.
Prokurorluq binası, tezliklə açılacaq Məhkəmə binası, Mərkəzi bankın yerli ehtiyat fondu binası ilə siyahı bir qədər də zənginləşəcək.
İnfrastrukturdan danışmışkən, buraya artan restoran, ticarət, market, əyləncə mərkəzlərini də daxil edə bilərik və bu da özlüyündə şəhərdə yaradılmış münbit biznes mühitinin göstəricisi kimi xarakterizə edilə bilər.
Sumqayıt sənaye şəhəri kimi də güclənir: Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, Karbomid zavodu… kimi sənaye kompleksləri, irili-xırdalı zavod və istehsal müəssisələri həm yeni iş yerləri deməkdir, həm ölkə iqtisadiyyatına töhfələr verir.
Şəhərin nə qədər abadlaşdığı, müasirləşdiyi, bir sözlə hansı miqyasda dəyişdiyi bir müddət Sumqayıtda olmayanların təəccüb dolu ifadələrində daha aydın sezilir.
Adətən merlərin adətidir: şəhərin mərkəzi yerlərinə əl gəzdirmək və qonaqların daha çox gəldiyi yerləri gözəl göstərmək, beləliklə də müasir, abad şəhəri obrazı yaratmaq.
Ancaq Sumqayıtda abadlaşma ilk növbədə ucqarlardan başlayıb. Bu, heç nəyin görüntü naminə edilmədiyinin ifadəsidir. Məhəllədaxili yollar, yaşayış binalarının damları, istilik sistemləri, liftlər ilk baxışdan görünməyən yenilənmələrdir. Şəhərə gələn qonaq binaların, uşaq bağçalarının damlarının yeniləndiyini görmür – amma məqsəd obraz yaratmaq deyil, ilk növbədə, şəhərin problemlərini həll etməkdir.
Zarafat deyil, son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Təkcə 2018-ci ildə yaşıllaşdırma aylıqlarında 100 mindən çox ağac, dekorativ kol, 200 minə yaxın mövsümi və 250 mindən çox dekorativ güllər əkilib.
Şəhərin su, qaz və istiliklə təchizatı sahəsində ciddi işlər görülüb. Mövsüm ərzində fəaliyyətdə olan 24 qazanxana vasitəsilə 263 yaşayış binası, 30 orta məktəb, 17 səhiyyə və 21 digər obyektlər fasiləsiz olaraq istiliklə təmin olunur.
2018-ci ildə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.
Nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılıb, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb.
Bunlar yalnız bir neçə statistik göstəricilərdir. Siyahını uzatmaqla yazının rəsmi tonunu gücləndirməyə lüzum yoxdur. Sumqayıtlılar nə baş verdiyini aydın hiss edir, görür. Yox, əgər çoxdandır Sumqayıta gəlmirsinizsə, mütləq yolunuzu burdan salın… sonra yenə gəlmək istəyəcəksiniz!
Vüsal MƏTLƏBOĞLU