Şəhər sakini Nəqliyyat Departamentindən narazıdır

996

“1993-1995 illərdə Bərdədən Ağdama gedib-gəlmək daha rahat idi, nəinki indi, Yaşma bağlarına gedib-gəlmək”

Departament rəisi: “Məsələyə diqqətimizi artıracağıq”

Bu həftə redaksiyamıza daxil olan məktublardan biri Sumqayıtın “Yaşma bağları” deyilən ərazisinin sakinlərindən idi. Əvvəlcə məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“H.Zeynalabdin qəsəbəsinin şimal qurtaracağından Xızı rayonunun sərhədinədək “Yaşma bağları” adlanan bağ massivi uzanır (təxminən 8-9 km uzunluğunda). Bağlara gedib-gəlmək üçün, əhali Sumqayıtdakı N.Nərimanov adına mədəniyyət sarayının yanından Yaşma kəndinə işləyən 26 №-li marşrutun xidmətindən istifadə edir. Amma təsəvvür edin ki, 1993-1995 illərində vəziyyətin çətin vaxtlarında Bərdə şəhərindən Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən kəndlərinə gedib-gəlmək daha rahat idi, nəinki indi, Azərbaycanın regionda lider dövlət olduğu bir vaxtda Yaşma bağlarına gedib-gəlmək. Saatda bir dəfə reysə çıxan avtobuslar tutumundan bəzən iki dəfə artıq sərnişin daşımalı olur. Adamlar tanıyıram ki, yol getməyin çətinliyindən bağlara getməyin daşını birdəfəlik atıblar. Uzun müddət əziyyət çəkəndən sonra, bəlkə tədbir görərlər deyə, Sumqayit İH başçısına 05.04.2010 tarixində ərizə yazdıq. Ərizədə xahiş edirdik ki, marşruta ya iritutumlu avtobuslar göndərsinlər (2007-ci ilədək xətdə “İkarus” markalı avtobuslar işləyirdi), ya da avtobusların marşrutaçıxma tezliyini artırsınlar. Tədbir əvəzinə 07.05.2010 tarixində “AVTONƏQLİYYATSERVİS” departamentinin “8 saylı Regional Nəqliyyat” MMC rəisinin imzaladığı cavab məktubu aldım. Yazır ki, sərnişin sıxlığı marşruta əlavə avtobuslar yerləşdirmək üçün kafi deyil. Necə deyərlər, toxun acdan xəbəri olmaz.

İyul ayından köhnə “Hyundai” avtobusları köhnə “Otokar”larla əvəzləndi, lakin onlar da iritutumlu avtobuslar deyil. Buradan yalnız belə nəticə çıxarmaq olar ki, departamentin rəhbərliyi üçün sərnişinlərin rahatlığı deyil, maddi maraq əsasdır”.

Məsələ ilə bağlı 8 saylı Regional Nəqliyyat MMC ilə əlaqə saxladıq. MMC-nin direktoru Mahir Nəbiyev bunları söylədi:

“Yaşma bağlarına marşrutlar 30 dəqiqədən bir çıxırlar və marşrutların sayı sərnişinlərin sayına müvafiqdir. Orada elə bir problem olmamalıdır. Çox yaxşı olardı ki, vətəndaş ilk növbədə bizə müraciət edərdi. Ancaq hər halda, bu məsələyə yenidən baxar, diqqətimizi artırarıq”.

mənbə: “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər