Şəhərimizə səs verək!

900

Azərbaycanda gənclər www.genclerpaytaxti.az saytına daxil olmaqla səsvermə yolu ilə “Gənclər paytaxtı”nı seçə biləcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 1-dən başlayan və yanvarın 30-u saat saat 23:59-a kimi davam edəcək səsvermədən sonra verilmiş səslər qeydə alınmayacaq. “Gənclər Paytaxtı”nın seçimində yaşadığı yerdən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquqla iştirak edə bilər.

Səsvermə müddətində bir kompyüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.

Gənclər seçdikləri paytaxtın adını 2 fevral – Azərbaycan Gəncləri Günü Gənclər və İdman Nazirliyi tərəfindən edilən rəsmi elan nəticəsində öyrənəcəklər. “Gənclər paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır.

Bir il müddətinə seçilən “Gənclər Paytaxtı”nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, yaranan ideyaların reallaşdırılmasına, sosial problemlərinin həllinə göstərilən diqqəti artıracaq.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, 2012-ci ildən başlayaraq proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunacaq.

2012-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı”nın səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Onlar saytda Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla yerləşdirilib.
Qeyd edək ki, hazırda Sumqayıt şəhəri səsvermə nəticələrinə görə 6-cı sırada qərarlaşır. “sumqayitxeber.com” saytı Sumqayıt şəhər gənclərini səsvermədə fəal olmağa səsləyir…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər