Şəhərimizin problemləri…

2272

Bu günlərdə həmkarımız, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov sosial şəbəkələrin birində şəhərimizin problemlərini müzakirəyə çıxartmışdı. Əslində bu mövzu sosial şəbəkələrdə demək olar ki, hər gün müzakirə olunur. Sual isə belə idi : “Sumqayitin ən başlica 3 problemi hansıdır?”

Bu müzakirələrə qoşulub öz fikrimi qeyd etsəm də düşündüm ki, bu sualın cavabını, yəni şəhərimizin qarşılaşdığı bir neçə problemə bir daha diqqət yetirək.

Şəhərimizdə bir çox problemlər var. Sadəcə olaraq bu problemləri bir neçə kateqoriyaya ayırmaq olar. Gözlə görünən və görünməyən. Ölkməizin ümumi problemləri fonunda olan problemlər və xüsusi olaraq şəhərimizə aid olan problemlər.

Gözlə görünən problemlər dedikdə gündəlik qarşılaşdığımız və birbaşa bizə təsir edən problemləri nəzərdə tuturam.

Şəhərimizin görnüşünə və ekoloji vəziyyətinə birbaşa təsir edən problemlərdən biri tullantıların yığılması və daşınması ilə bağlıdır. Tullantıların toplanması və daşınmasındakı problemlər hələ də qalmaqdadır. İritutumlu zibil qutularının azlığı və tullantıların vaxtlı –vaxtında daşınmaması, xüsusilə də səhər-səhər tullantıların Mənzil İstismar Sahəsinin işçiləri tərəfindən od vurularaq yandırılması halları hələ də davam etməkdədir.

Şəhərin küçələrində tullantıların atılması üçün kiçik həcmli qutuların olmaması da şəhərin çirklənməsi ilə nəticələnir.

Xəzərin Sumqayıt sahilində hələ də çirkli suyun birbaşa dənizə axıdılması və sutəmizləyici qurğunun işə salınmaması da ekoloji cəhətdən şəhərimizə zərər verir.

Son günlər məhəllə daxili yollarda müəyyən yenidənqurma işləri aparılsa da hələ də yararsız halda olan yollar mövcuddur.

Bəzən şəhərimizin problemləri dedikdə yalnız şəhərin mərkəzi diqqət mərkəzində olur. Unudulur ki, şəhərimizin ətrafında kifayət qədər böyük yaşayış məskənləri var. “Yaşıl dərə” və “Asvalt beton zavod” adlanan ərazilərdə minlərlə ailə yaşayır, lakin bu ərazilərdə yollar hələ də torpaqdandır və o da yararsız vəziyyətdə. Nəzərə alsaq ki, qarşıdan yağmurlu havalar gəlir, o zaman bu yolların hansı vəziyyətdə olmasını gözümüzün önündə canlandıra bilərik.

Gənclər arasında zərərli vərdişlərin artması, xüsusilə də gənc narkomanların sayının artması da şəhərimizin əsas probemlərindəndir. Bu problemin araşdırılması və qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Çünki bir çox problemlərin yaranmasına səbəb elə məhz narkomaniyanın geniş vüsət olmasıdır. Bu gün istər dövlət orqanları, istərsə də sadə şəhər sakinləri bu ağrılı problemin qarşısını almaq üçün səfərbər olmalıdır…

Son zamanlar informasiya saytlarında şəhərimizin adı tez-tez hallanır..Lakin bu heç də müsbət yöndə deyil, kriminal xəbərlərlə bağlıdır.

Zirzəmilərin su ilə dolması da problem olaraq qalır…Baxmayaraq ki rəsmi açıqlamalara görə bəzi zirzəmilərdə sular təmizlənir. Ancaq bizə göndərilən müraciətlər onu göstərir ki, problem tam olaraq aradan qaldırılmayıb.

Sumqayitxeber.com olaraq hər gün şəhərimizin problemləri ilə bağlı araşdırmalar aparılır. Qeyd etdiyimiz problemlər ümumi qarşılaşdıqlarımızınn bir hissəsidir. Biz problemləri sadalayırıq. Ümid edirik ki, aidiyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün tədbirlər görəcəklər…

P.S Bu problemlərin sadalanması və müzakirələr ona görə lazımdır ki, şəhərimiz yaşayış üçün daha da əlverişli olsun. Biz şəhərimizdə gedən müsbət dəyişiklikləri də görürük və alqışlayırıq. Bununla yanaşı çatışmazlıqları da görürük və həll olunmasını istəyirik.

Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Noyabr 23, 2010 - 11:34

    Biz H.Z.tagiyevde,baglar massivinde yasayriq.Zibili atmaq ucun yalan olmasin nece kiloetr yol gediirk.Yaxinliqda bir dene zibil qutusu qoyulmur.Yollardan da danismaga deymez hec.Bu gun yagir yagib biyabirci gundedi yene.Herden adama ele gelir ki,bunlarin hec vaxt sonu olmayacaq..

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər