Şəhərlə birgə ucalan sumqayıtlı- SUMQAYIT 70

2200

Möhübbət Məhərrəmov – sumqayıtlılara doğma olan bu insan  həkim-əczaçı kimi ad-sanı taleyini bağladığı Sumqayıtda qazanıbdır.  Sumqayıta gəlişinə bu gün də peşiman olmayan   Möhübbət həkim böyük arzularına, istəklərinə məhz burada çatıbdır. 1962-ci ildən pənah gətirdiyi şəhərin gözləri önündə böyüyb inkişaf etməsində  xidmətləri olan insanlar arasında onun da payı var.  Müdriklik dövrünə çatan Möhübbət Məhərrəmov deyir ki, həmin illərdə hər tərəfdə tikinti işləri gedir, yeni məhəllə, mikrorayonlar, küçələr salınırdı. İş başında olan adamlar yorulmaq bilmədən gecə-gündüz çalışırdılar. Onların üzündə böyük sevinc, həyat eşqi vardı, çünki Sumqayıt onları ağuşuna alaraq öz isti nəfəsi ilə bir-birinə doğmalaşdırırdı. Bu gün də belədir, hara baxırsansa abadlıq, quruculuq işləri gedir, şəhər yenidən qurulur.

Dünənə boylananda şəhərin ilk qurucuları, Sosialist Əməyi Qəhrəmanları – Zəminə Həsənova, Dadaş Dadaşov, Məzahir Abdullayev, Murad Zeynalov, Aslan Osmanov, Şəmşad Pənahov, Tofiq Kərimov, Ağaxan Ağayev,  Əsəd Məmmədəliyev və Məşədi Əliyevin zəhməti ilə ucalan Sumqayıt onların müasirlərinin əməyi sayəsində yeniləşir.

Adları şəhərin tarixi salnaməsinə əbədi həkk olan ilk əmək bahadırları ilə fəxr etdiyimiz kimi bugünki zəhmətkeş sumqayıtlılarla da qürur duyuruq. Dünyanın gözəl şəhərləri sırasında tanınan Sumqayıt yenilikləri ilə göz oxşayır. İki dəfə beynəlxalq mükafatlara layiq görülən möhtəşəm park-bulvar dəyərli sənət əsəridir ki, buraya təkcə sumqayıtlılar deyil, həm də başqa bölgələrdən istirahət etməyə gəlirlər. 1960-1980-ci illərdə gördüyüm dəniz sahilləri yaxşı yadımdadır. Bu gün Sumqayıtın turizm məkanına çevrilməsində bulvarın yeni standartlarla tikilməsi əhəmiyyətli rol oynayır. Kiçik baraklardan, taxta evlərdən göydələnlərə qədər ucalan doğma şəhərimiz artıq 70 yaşına qədəm qoyur. Əslində, ayaq basdığımız hər yer qədim Corat ərazisinə məxsusdur. Axı, Sumqayıt Coratın qoynunda salınıbdır. Hələ 1860-cı illərdə indiki Sumqayıtın yerində yaşayış məskənləri olubdur. Sadəcə, şəhər statusunu 1949-cu il noyabr ayının  22-də aldığına görə bu ərazi Sumqayıt kimi tanınmağa başlayıbdır. Şəhərdəki yeniliklərin ideya müəllifi və əsl memarı, bacarıqlı İcra başçısı Zakir Fərəcovun indiyədək bu şəhərə rəhbərlik edən 17 nəfərin arasında xüsusi yeri var, çünki Sumqayıtın intibah dövrü məhz onun şəhərə başçılıq etdiyi vaxta düşür. Gündən-günə çiçəklənən 70 yaşlı şəhərimizin həm Azərbaycanda, həm MDB məkanında, həmçinin Avropa ölkələrinin ən müasir və gözəl şəhərlərindən biri kimi seçilməsində Zakir müəllimin böyük əməyi var. Yeniləşən doğma şəhərimizin heyranedici simasını qoruyub saxlamaq hər bir sumqayıtlının borcudur. Bu borcu yerinə yetirməklə rəğbət bəslədiyimiz bacarıqlı İcra Hakimiyyəti başçımızın yeni ideyalarının gerçəkləşməsində həmrəy oluruq.

Bu günlərdə 79 yaşını qeyd edən Möhübbət həkim Sumqayıtda öz xoşbəxtliyini tapıbdır. Hazırda üç övladı və on nəvəsi var. Ömür-gün yoldaşı Şərqiyyə xanımla birgə düzgün tərbiyələndirib cəmiyyətə bəxş etdiyi övladları da savadlı və zəhmətkeş insanlardır. Sumqayıtda dünyaya göz açan övladları və nəvələri də bir sumqayıtlı kimi vurğunu olduqları doğma Sumqayıtın inkişafı naminə çalışırlar.

Sumqayıt indiyədək fəhləsindən ziyalısına qədər onu ucaldanları ucaldıb, şəxsiyyət kimi tanıtdırıbdır.  Təməli qoyulan ilk günlərdən bu şəhərə taleyini bağlayanları, öz sevərlərini yetərincə dəyərləndirən Sumqayıt bu gün görkəmli şəxsiyyətlərini yetişdiribdir. Həkim-əczaçı   Möhübbət Məhərrəmov da bu şəxsiyyətlərdən biridir. 415 saylı aptekə dərman almağa gələnlər öncə onunla məsləhət edir, ümid qapısından xeyir tapırlar. Peşəkar həkim-əczaçının 57 il yaşadığı Sumqayıtda yüzlərlə yetirməsi var. Xoş niyyəti və məqsədi onu bu illər ərzində kamil, yetkin bir insan kimi tanıtdırıbdır. Yüksək qiymətləndirilən əziyyətləri Sumqayıtın görkəmli şəxsiyyətləri arasında seçilməsində vasitəçi olubdur. Layiq görüldüyü mükafatlar məhz yaşadığı Sumqayıt şəhərində çəkdiyi zəhmətinin bəhrəsidir. 2 Çağırış Şəhər Sovetinin deputatı olan Əməkdar həkim-əczaçının sinəsini bəzəyən “Tibb əlaçısı”  nişanı, saysız-hesabsız mükafatlar və fəxri fərmanlar müqəddəs sənət yollarındakı uğurudur. Səhiyyə işçilərinin əməyinə böyük diqqət və qayğı ilə yanaşan möhtərəm Prezident İlham Əliyev tərəfindən səmərəli tibbi fəaliyyətinə görə “Tərəqqi” medalı, “H.Z.Tağıyev adına Orden”, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunan Möhübbət Məhərrəmovun Sumqayıtın inkişaf salnaməsində əvəzsiz xidmətləri danılmazdır. Onun məfkurəvi simasında Vətən sevgisindən qaynaqlanan torpağa vurğunluq tükənməzdir. Qubadlının tezliklə işğaldan azad olunacağına, Məmər kəndində yenidən tonqal qalayıb qələbə gününü qeyd edəcəyinə əminliklə yanaşan qayğıkeş həkim-əczaçının qəlbinin dərinliyində gizlənən arzular ona ümid verir.

Gözləri önündə böyüyən Sumqayıtla arasında doqquz yaş fərq olan və həyat eşqi ilə yaşamağa davam edən   Möhübbət Məhərrəmov şəhəri ucaldan və onunla birgə ucalan görkəmli şəxsiyyətdir.

Sumqayıtın 70 ildə yetişdirdiyi əmək bahadırları, zəhmətkeşləri və görkəmli şəxsiyyətləri ilə fəxr edirik!

RƏNA TƏBƏSSÜM, AJB-nin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər