“Şəhərlərarası və beynəlxalq sərnişin daşımada hər iki istiqamətdə (gediş və dönüş) onlayn bilet əldə etmək mümkün olacaq”.
Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, bu işlər “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsi çərçivəsində həyata keçiriləcək.
“Artıq şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur. Sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər. Sərnişinlərin on-line rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə on-line bilet satışı mümkün olacaq”.