Şəhid ailələri və qazilər bundan sonra da dövlət qayğısı ilə əhatə olunacaq
Ölkəmizdə hərbçilər, qazilər və şəhid ailələri hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyev tən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələrinə, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bunun bariz nümunəsi, vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək üçün həyata keçirilən kompleks tədbirlər, o cümlədən mənzil, fərdi evlər və avtomobillərlə təmin edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdilər.
Qeyd edək ki, müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl və sistemli şəkildə aparılır. 26 avqust 2021 -ci ildə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin edilib. Bu il 160 -dan çox avtomobilin verilməsi gözlənilir.
1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi evlər verilmişdir.
Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edildi. Qəbul olunmuş proqraqmlar çərçivəsində 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur.
Dövlətin diqqət və qayğısı digər sahələrdə də davam etdirilir. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son yeddi ayda 52 min nəfər işlə təmin olunub, özünüməşğulluq proqramına 7200, sosial işlərə isə 56 min insan cəlb olunub. .
Bu ilin əvvəlindən 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfər isə reabilitasiya xidməti alıb.
2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əmək haqqı 30 faiz, orta aylıq pensiya isə 60 faiz artıb. Müharibədən sonrakı dövrdə 26 min nəfərə 36 min xidmət göstərilib.
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən və qəhrəman adına layiq görülənlərə də mənzillər veriləcək.Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.
Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Bu gün yaralı və sağlamlığını itirmiş hərbi qulluqçular ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 -dən çox insanın protezə ehtiyacı var, onlardan 140 -ı artıq protezlə təmin olunub. Bütün bunlar onların yenidən normal həyata qayıtmasını təmin etmək üçündür. Bu işlər bu gün də davam etdirilir.
Müharibə zamanı əmlakını itirmiş insanlar üçün minlərlə yeni ev tikilir. 44 günlük Vətən müharibəsində qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə mülki şəxs öldürüldü, minlərlə insan əmlakını itirdi. Dəymiş zərərin aradan qaldırılması, yeni evlərin tikilməsi prosesi bu gün uğurla davam etdirilir.
Bu gün xalqımız uzun illər arzuladığı dövrü, zamanı yaşayır. Bu gün torpaqlarımız işğaldan azad olunub, bu ərazilərdə sürətli yenidənqurma işləri həyata keçirilir.
Qüdrətli Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa etdi, şəhidlərimizin qisasını aldı. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı.
İkinci Qarabağ savaşı əbədi olaraq tarixə düşəcək. Azərbaycan xalqının çoxəsrlik tarixində belə parlaq və tam bir qələbə olmamışdır. Azərbaycan döyüş meydanında 300-dən çox şəhəri, kəndi, qəsəbəni işğalçılardan azad etdi. Beləliklə Azərbaycan ordusunun qüdrəti sayəsində işğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Nəticədə bir güllə atmadan Azərbaycan ordusu Ağdam, Kəlbəcər, Laçın rayonlarının azad olunmasını təmin etmiş oldu.
Bu gün ordumuz istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində hakim strateji yüksəkliklərdə mövqe tutub. Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad edib. Bu ərazilərin hər biri strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çox mühüm bir məqama da toxundu. Ölkə başçısı qeyd etdi ki, əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə də tarixi ədalət bərpa edildi.
Bəli, bu tarixi ədaləti Müzəffər Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu təmin etdi! Azərbaycan hərbçilərinin peşəkarlığı, rəşadəti, cəsarəti, qəhrəmanlığı, eyni zamanda, fədakarlığı sayəsində tarixi ədalət bərpa olundu. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Şəhidlərimizin xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulacaq.
Ceyhun Hüseynov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri