2016-cı ildə baş tutan Aprel döyüşləri xalqımızın qəhrəmanlıq səhifələrindəndir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında hərbi münaqişə baş verib. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.
Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozub. Rəsmi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad edib.
Döyüşlər zamanı Ermənistan ordusuna məxsus iki helikopter, 30-dək tank və digər zirehli texnika, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb.
Həmin döyüşlər də Azərbaycanda itki verib, şəhidlərimiz var.
Şəhid olan əsgərlərimizdən biri Əbdülməcid Axundovdur. 22 yaşlı şəhidimiz ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib.
Oxu.Az Aprel döyüşləri zamanı şəhid olan Əbdülməcidin anası Ceyran Axundovadan müsahibə alıb:
– Ceyran xanım, Əbdülməcidin doğulmasından, uşaqlığından danışaq. Onu necə xatırlayırsınız?
– Əbdülməcid 1993-cü il oktyabrın 15-də dünyaya gəlib. O, elə körpəliyindən şirin-şəkər bala idi. Ətrafımızda olanların hamısının əzizinə çevrilmişdi. Xarici görünüş cəhətdən də yaraşıqlı uşaq idi. Yəni onu hamı çox sevirdi.
Uşaqlıq dövründə də baməzə, zarafatcıl idi. Çoxlu lətifələr bilirdi. Danışıb hamını güldürürdü. Nadincliyi də vardı, amma bu nadinclik ona daha da şirinlik verirdi. Həmçinin, dostcanlı, insan sevən uşaq olub. Dost yolunda canını qurban verən insan idi.
Qardaşı Elçindən balaca olmasına baxmayaraq, həyətdə uşaqlarla dalaşanda həmişə qardaşını müdafiə edərdi. Heç qorxaq deyildi. Qürurlu idi. Oxumağı ilə bağlı problemi olmayıb. Həmişə vaxtında dərslərinə hazırlaşardı. Amma nadincliyinə görə məktəbdən tez-tez şikayətlər gələrdi.
Bir dəfə məktəbdən gəlib 10 manat istədi. Bizdə evdə uşaqlara elə məbləğ verilməyib deyə nə üçün istədiyini soruşdum. O da məktəbdə pəncərənin şüşəsini sındırdığını və onu saldırmaq üçün istədiyini dedi.
Düzü, bir az əsəbiləşdim. Onu danladım ki, yekə kişisən, sənin pəncərə ilə nə işin var? Necə olub ki, sən onu sındırmısan? Dedi ki, çatlaq şüşə idi, sadəcə, əlim dəydi, sındı. Pulu verdim, aparıb düzəltdirdi. Sonralar eşitdim ki, özü etməyibmiş. Sındıran uşaqlar boyunlarına almadığına, söhbətin uzanmamasına görə öz üzərinə götürüb.
UNİVERSİTETİ YARIMÇIQ QOYUB, HƏRBİ XİDMƏTƏ YOLLANMAQ İSTƏYİB
Məktəbi bitirdi və ali məktəbə sənəd verdi, amma məsuliyyətsizliyindən birinci ili qəbul ola bilmədi. Onun humanitar fənlərə, tarixə marağı çox idi. Kiçik yaşlarından hərbçi olmaq istəyirdi. Amma mən onu qoymurdıum.
Dedim, texniki bir fənn seçək, gələcəkdə iş tapmağa, özünə yer tutmağa da yaxşıdır. Ötkəm deyildi, dediyimizlə tez razılaşırdı. Humanitar fənləri sevən biri üçün texniki fənlərdən hazırlaşmaq çətin idi. Elə ona görə də birinci il qəbul ola bilmədi.
İkinci il məsuliyyətlə yanaşdı və 350 bal topladı. Dövlət sifarişli energetika ixtisasına qəbul oldu. Sevincimizin həddi-hüdudu yox idi. Rayonda yığışdıq, qurban kəsdik, qonaqlıq verdik.
O, elə birinci kursdan istədi ki, universiteti yarımçıq qoyub, hərbiyə getsin. Dedim ki, nə danışırsan? Mən səni məktəbə də bir il tez qoydum ki, hərbini bir il çəkəsən. İl yarım xidmət etməyinə dözə bilərəm? Nə qədər çalışırdımsa, yenə də “mən getmək istəyirəm” deyirdi.
Hətta fakültənin dekanlığına da yaxınlaşıb maraqlanıb. Bunu sonradan mənə fakültənin dekanı Mahir müəllim dedi. Dəfələrlə onun yanına gedib, təhsilini dondurmaq, əsgər getmək istədiyini bildirib. Mahir müəllim də deyib ki, get, dərslərini oxu. Nəticədə, bizimlə razılaşdı, universiteti bitirdi.
Dedim, bəlkə, magistraturada oxuyasan, dedi ki, nahaq yerə əziyyət çəkməyin, mən onsuz da gedəcəyəm. Getdi də. Əvvəlcə Gəncəyə düşmüşdü, sonra böldülər və Tərtərə düşdü. Ön cəbhəyə can atırdı. Orada olmaq istəyirdi.
SON GÖRÜŞ VƏ SON TELEFON DANIŞIĞI
Amma düşdükləri yer Tərtərdə Şıxarxda (Markuşevan) qalmışdı, bura ön cəbhə olsa da, ehtiyat hərbi hissə sayılırdı. Atası, qardaşı yanına getmişdi. Məni getməyə qoymurdu, amma Novruz bayramı üçün gələcəyimi dedim. Martın 13-də getdim. Elə son görüşümüz də onda oldu.
Sonradan telefonla danışdıq. Ən son danışığımız aprelin 1-də oldu. Elçinin ad günü idi. Axşam saat 8-9 radələrində zəng edib, Elçini təbrik etdi. Xoşbəxtlik arzuladı.
Sonra mənimlə danışdı, elə necə olduğunu soruşdum, dedi “Hər şey yaxşıdır, ana narahat olma!” Dedim ki, vaxtına az qalıb, qayda pozuntusu etmə, istəyirəm ki, iyul ayında sərəncam olan kimi sən ilk buraxılanlardan olasan. Özü manqa komandiri idi. Hətta o, zabitlik kursuna gəlmək istəyirdi.
Novruz bayramında onun yanında olanda o zaman mənə bu xəbəri dedi, ona etiraz etdim. Dedim ki, ay Məcid (anası çox vaxt onu belə çağırırmış – red.), axı sənə dedim, hərbçi olma, sənin üçün çətin olacaq, dözməyəcəksən. Dedi ki, ay ana, axı hərbçi olmaq istəyirəm. Ona yalvardım ki, getmə, amanın günüdür. Qoymadım. Deyirəm, bəlkə, kursa gəlsəydi, müharibəyə düşməzdi.
Hər şey bir-biri ilə çox bağlıdır. Doğrudan, alın yazısıdır. Özünüz görürsünüz ki, bayaqdan sadalayıram, mən onun yollarını dəyişmək istəyirəm, ancaq alınmır. İndi düşünürəm ki, kaş birinci kursda əsgər getmiş olaydı, indi ona heç nə olmazdı. Kaş onu bir il məktəbə tez qoymayaydım. Bax, bu “kaş”lar hərdən düşündükcə məni məhv edir.
Sonda isə fikirlərlə barışıram ki, bu, onun alın yazısı idi. Ölüm haqdır, hər kəs ölüb gedəcək, ancaq bircə hüzur yerim var ki, oğlum vətən yolunda getdi. Mənə rahatlıq verən, mənəviyyatımı yüksəldən, mənəvi cəhətdən dayaq olan onun şəhidliyidir. O, vətən uğrunda şəhid oldu və bütün Azərbaycan xalqı şəhidlərini tanıyır, onlara qiymət verir.
“ARZULADIĞIM ZİRVƏ OĞLUMA QİSMƏT OLDU”
Bir dəfə yeniyetmə dövründə onu hansısa səbəbdən danladım. Evdə ən çox onu danlayırdım. Əsəbi şəkildə mənə dedi ki, danla məni, elə məndən narazı qal, həmişə məndən narazısan, vaxt gələcək mənə görə sizi tanıyacaqlar. Onun bu sözlərinə ürəkdən güldüm. Dedim, Allah eləsin, elə sənə görə məni tanısınlar.
Mən onda başqa şeylər düşünürdüm, elə bilirdim, o, şöhrətli adam olacaq və ona görə məni tanıyacaqlar, şəhidlik heç ağlıma da gəlməzdi. İndi o, ən yüksək zirvədən bizə baxır.
Yadımdadır ki, onun son zəngində valideyn olaraq, mənə söz verildi. Mən orada çıxışımda belə bir fikir söylədim ki, mən sizə zirvəyə deyil, zirvədən baxmağı arzulayıram. İndi düşünürəm ki, arzuladığım o zirvə oğluma qismət oldu. Həmin zirvəyə o qalxdı və indi oradan bizə baxır.
O, əsgərlik vaxtlarında da vətənpərvər idi. Komandiri yaxın qohumumuzla söhbətində deyirdi ki, bu uşaqda bir qəribəlik var. Harada təhlükə varsa, ora can atırdı. Amma deyirdi ki, çox qürurlu, qorxmaz oğlandır. Mənə bunu deyəndə çox narahat olurdum.
– Şəhid xəbərini ilk kimdən eşitdiniz?
– Aprelin 2-də döyüşlər başlayanda məni o qədər arxayın etmişdilər ki, Məcid müharibədə ola bilməz, heç qəti o barədə düşünmürdüm. Məni arxayın etmişdilər ki, o qədər zabit-gizirlər, MAXE-lər var, əsgəri heç vaxt birinci döyüşə aparmazlar.
Həmin hadisələr vaxtı xəbərləri sosial şəbəkədən izləyirdim, şəhid olanların yaxınlarına başsağlığı verirdim. Orada bir şəkil rastıma çıxdı. Azərbaycanlı əsgərlər erməni cəsədinin yanında dayanıb şəkil çəkdiriblər. Onları qınadım ki, belə şəkil paylaşıb, belə şeylər bizə mənfi təsir edər, hamı mənə təzyiq etdi.
Mənə qarşı şərhləri görməmək üçün sosial şəbəkədən çıxdım. Ancaq oğlum şəhid olandan sonra komandiri mənə göstərdi ki, həmin şəkildə Məcid də olub. Dedi ki, sənin oğlun belə oğul idi, heç nədən qorxmurdu. Dedim, aman Allah, mən oğlumu orada tanımamışam, başında dəbilqə olduğundan onu tanımamışam.
Uzun müddət onunla əlaqə yarada bilmədiyimiz üçün axtarışlara başladıq. Hamı deyirdi ki, onlar sağdır, ancaq ondan xəbər olmaması məni çox narahat edirdi. Sonra cəbhəyə yaxın ərazidə xidmət aparan qohumlarımızdan bizə xəbər gəldi ki, biz Məcidi gördük, bir müddət əvvəl burda idi, ancaq indi onu tapmırıq, görmürük.
Onda dəli oldum ki, deməli, Məcid savaşdadır, mənim xəbərim yoxdur. Canıma vəlvələ düşdü, narahatlıqlar daha da artdı, başladım ağlamağa, başıma döyməyə ki, uşaq müharibədədir.
QARDAŞI DOSTLARI İLƏ ONU AXTARMAĞA GETDİ
Xəbər çıxmadığını görüb, Elçin dostları ilə birlikdə getməyə qərar verdi. Hələ mən qoymurdum ki, gecə vaxtı hara gedirsiniz, səhər gedərsiniz, hamısına görə narahat idim. Buna baxmayaraq, onlar yola çıxdılar, gecə saat 04:00-da Tərtərə çatdılar.
Orada postdan onları buraxmadılar. Səhərin açılmasını gözlədilər, həmin hərbi hissədə axtarışdan heç bir nəticə çıxmadı. Dedilər ki, Məcidgilin xidmət etdiyi hərbi hissəni rayonun mərkəzinə köçürüblər. Ora yollanan Elçin və dostları əsgərlər arasında Məcidi tapmadılar.
Sonra bir kapitan gəlib, ona yaxınlaşıb deyib ki, Əbdülməcidi axtarıram, onu çağırın! Bir müddət duruxandan sonra Əbdülməcidin adını çəkib və “aydaa” ifadəsini işlədib.
Həmin kapitan dedi ki, onlar neytral zonada qalıblar. Nə ölü dedilər, nə diri dedilər. Sadəcə, 19 nəfərdən xəbərsiz olduqlarını bildirdilər. Elçingil orada morqa gediblər, siyahılara baxıblar, heç yerdə Əbdülməcidin adı olmayıb. Hamının adı çıxır, amma Əbdülməcidin adı yoxdur.
Sonra işdə bir nəfərin ağzından qaçdı ki, filan saytı oxumamısınız? Mən soruşdum ki, orada nə var idi ki? Bir-birinə qaş-göz etdilər, amma mənə bildirmədilər. Sən demə, hamı bilirmiş ki, saytda Məcidin adı var.
Onun adının qarşısına “haqqında heç bir məlumat yoxdur” sözləri yazılıb. Artıq beynimə girdi və axtardım o siyahını… Gördüm ki, böyük bir siyahı verilib.
Artıq dünya mənim üçün dəyişdi. Hamı məni sakitləşdirdi ki, məlumat yoxdursa, nə yaralanıb, nə ölüb, nə itkin düşüb, yəqin, haradasa gizlənib. O vaxt da tək-tək kimlərinsə xəbəri çıxırdı ki, səhvən başqa hərbi hissəyə düşüb. Ona görə məni arxayınlaşdırırdılar.
Ancaq Elçin bilib və məndən gizlədib. Aprelin 8-də səhər xəbər çıxdı və atası onun üçün yola düşdü, Tərtərə getdi. Mən də televizorun qarşısından çəkilmirdim.
Bir də gördüm, səhər xəbərlərində dedi ki, Qırmızı Xaç Cəmiyyəti ilə əlaqə yaradılıb və onun vasitəsilə neytral zonada sağ qalan, yaralı və ölülərin çıxarılmasına başlanılıb. Orada “sağ qalan” kəlməsini eşidəndə düşündüm ki, Məcid onların arasındadır.
Sonrakı xəbərlərdə isə dedilər ki, ölülərin çıxarılmasına başlanılıb. Həmin vaxt işdən mənə xəbər gəldi ki, öyrənmişik, maraqlanmışıq, Əbdülməcid sağdır. Mən də hamıya inanırdım.
VƏ HƏMİN DƏHŞƏTLİ GÜN…
Axşamdan evimizə qonaqlar gəlməyə başladı. Həmin gün bizə o qədər adam gəldi, qohumlar hamısı yığışıblar, hamının xəbəri var, mənim isə yoxdur. Mən də qohumlara qulluq edirəm, yemək, çay verirəm, heç kəs yemək yemirdi.
Görürəm, gizli-gizli ağlayırlar, deyirəm, “Nəsə olub? Məndən niyə gizlədirsiniz?”, dedilər, “Yox, heç nə olmayıb, nə olacaq ki?!”
Artıq axşam idi, qardaşımgil çıxdılar, onların da xəbəri yox imiş. Onlar gedəndən sonra gördüm ki, qapı açıldı, Elçin, ardınca da bir neçə nəfər içəri girdi. Elçinin rəngi torpaq rəngində idi. Üstümə gəldi ki, məni qucaqlasın, o zaman hər şeyi başa düşdüm, qışqırdım. O ərəfədə nə baş verdiyini xatırlamıram.
Çünki çox pis hallar keçirirdim. Sən demə, təcili yardım həyətdədir və mənim heç nədən xəbərim yox idi. Çünki pəncərədən baxmırdım, evə gələnlərə qulluq edirəm, onlarla söhbət edirəm.
Ayılanda gördüm, iynə vurublar mənə, onları çox pis qınadım ki, mənim ürəyimi boşaltmağa qoymayıblar, pis vəziyyətə düşmüşdüm.
Dedilər ki, sənin özündən xəbərin olmayıb, evi dağıdırdın. Amma mən xatırlamıram. Yeganə xatırladığım Elçin mənə tərəf gələndə onu yumruqlamağım olub. Gözləyirdim ki, Məcid əsgərliyini bitirib, sağ-salamat evimizə dönəcək. Ona qurban demişdim, hətta onun üçün iş yeri də hazırlamışdım. Elə gözəl arzularım var idi, hamısı alt-üst oldu.
MÜBARİZ İBRAHİMOV ONUN İDEALI İDİ
Mübariz İbrahimov Əbdülməcidin idealı idi. Oğlum o qəhrəmandan, şəhiddən o qədər güc almışdı. Deyərdim ki, onun qədər Mübarizi izləyən yox idi. Onu çox əyləncələrə baxan görmürdüm. Onun baxdığı Mübarizlə bağlı kadrlar idi, ancaq onu izləyirdi.
Bir də Macarıstanda Azərbaycan bayrağını təhqir edən ermənini öldürən Ramil Səfərovun məhkəmə çıxışını dəfələrlə izləyirdi.
Mübariz İbrahimov dəfn olunan zaman o dedi ki, “ay ana, ölümə bax, bəxtəvər adamdır, xoşbəxt insandır, gör, necə şərəflə dəfn olundu”. Elə bil, onun ölümünə qibtə edirdi. Dedim ki, ay oğul, nə olsun ki, ata-ana üçün nə boyda dərd qoydu getdi. Cavab verdi ki, buna baxmayaraq, gör, onu kimlər yola salır, bütün Azərbaycan onun üçün ağlayır, bu ölüm hər adama nəsib olmur.
Həmişə belə bir sujetə baxandan sonra deyirdi ki, bir də gördün, mən də şəhid oldum. Onu bu fikrinə görə acılayırdım. İnanırsınız, əsgər gedənə yaxın belə bir fikir dedi ki, bir də gördünüz bayrağa büküb, məni də gətiriblər. Elə bil, niyyəti hara, mənzili də ora oldu. Özü belə ölüm arzulayırdı, öz arzusuna çatdı.
Həmişə deyirəm ki, oğlum, sən öz arzuna çatdın, ancaq məni arzuma çatmağa qoymadın. Onun ən böyük arzusu qəhrəman olmaq idi. Həmişə torpaqların işğal altında olmağı onu narahat edirdi. O, vətən üçün yanan uşaq idi, millətini sevirdi. Mən ona xarici dili öyrədə bilmədim. Deyirdi ki, mən niyə onların dilini öyrənməliyəm, onlar mənim dilimi bilirlər?!
Məktəbdə ədəbiyyat müəllimi Məmməd Arazın “Mən Araz şairiyəm” şeirini deməsini istəyib, ancaq Əbdülməcid buna qarşı çıxıb. Müəllim ondan inciyib. Tənəffüsdə müəllimə yaxınlaşaraq, Araz çayından xoşu gəlmədiyini, bu çayın Azərbaycanı iki yerə böldüyünü deyib. Müəllimi sonradan bunu mənə demişdi. Digər uşaqlardan fərqli cəhətləri çox idi, elə fərqli də oldu.
– Hadisələrdən sonra heç Əbdülməcidi yuxuda görmüsünüz?
– Məcid heç yuxuma girmir. Bircə dəfə şəhidliyindən az sonra girmişdi yuxuma… Əsgər paltarında gülümsəyə-gülümsəyə gəldi – heç o yuxu yadımdan çıxmaz – gördüm onu, tutdum yaxasından, silkələdim ki, Məcid qayıt, Məcid qayıt, Məcid elə o gedən getdi əlimdən, ondan sonra heç yuxuma gəlmədi.
Deyirəm, yuxuda da uşağıma rahatlıq verməmişəm. Hərdən özümü o qədər danlayıram ki, çox sərt olmuşam. Qorxurdum ki, pis yollara düşər, pis vərdişlərə gedər. Ona görə onlara qarşı çox ciddi idim. Onları heç vaxt sərbəst buraxmamışam. Sağ olsunlar, mən necə istəmişəm, elə də tərbiyə alıblar. İndi hər gecə yatanda yalvarıram ki, Məcid yuxuma girsin, amma gəlmir.
– Oğlunuzun son statuslarından hansıları xatırlayırsınız?
– Məcid məzuniyyətdən qayıdanda sosial şəbəkədə belə bir fikir yazmışdı: “Gedirəm erməniləri pıx-pıx etməyə”. Bundan başqa, bir statusu da yadımdan heç zaman çıxmaz: “Gedirəm, salamat qalın, qismət olsa, görüşərik”.
– Əbdülməcid Axundovun adının əbədiləşdirilməsi ilə bağlı hansısa yenilik var?
– Bu məsələ ilə bağlı onun haqqında kitab nəşr etdirdik, filmlər çəkildi. Küçə və məktəblərdən birinə onun adının verilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişik, 2016-cı ilin sentyabrında icra başçısının qəbulunda olmuşam, mənə vəd edildi ki, bunu edəcəklər.
Amma heç bir xəbər yoxdur. Bəlkə də, verəcəklər, bunu deyə bilmərəm. Biz maddi dəstək istəmirik, istədiyimiz yalnız şəhidlərimizin adlarının əbədiləşməsidir. Bu, bizim üçün mənəvi cəhətdən çox böyük dəstəkdir.
Samir İsayev
FOTO: Ramil Zeynalov