Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib.
R.Rəhimov elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Prosesdə qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova da iştirak edib.
Mərhumun anası deyib ki, qəzanı törədən şəxsdən şikayətçi deyil: “Etiraz edərdim, amma onun 17 yaşı var. Qızım geri qayıtmayacaq. Mənim nəvəmlə eyni yaşdadır. Həyatının qaralmasını istəmirəm. Şikayətim yoxdur. Qızımın yasında 3 və 40 mərasimləri Rəhim Rəhimovun ailəsi tərəfindən verilib”.
Daha sonra təqsirləndirilən Rəhim Rəhimov ifadə verib.
O, bildirib ki, hadisə günü “Enerji” kluba ad gününə gedirmiş: “Avtomobil saatda 50-60 saat kilometrlə gedirdi. Hava yağışlı idi. Aşağı sürətlə gedirdim ki, maşın sürüşməsin. Birdən maşına nəsə dəydi. Heç bilmədim ki, maşına dəyən nədir. Saxlayıb düşdüm. Gördüm ki, qadın yıxılıb. Gördüm ki, artıq dünyasını dəyişib. Mən şoka düşüb, yolun kənarında oturub ağlayırdım. Təcili yardıma zəng elədim. 15-20 dəqiqəyə gəldi. Sonra polislər də gəldi. Polislər yenidən baxıb dedilər ki, artıq dünyasını dəyişib. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə dedi ki, get, atana denən sürücünü göndərsin. Polislərə dedim ki, qəzanı mən törətmişəm”.
Suallara cavab verən R.Rəhimov söyləyib ki, sürücülük vəsiqəsi olmayıb, amma maşını atasından gizli götürüb: “Sürücümüzə dedim ki, ad gününə gedirəm. Maşını ver, amma atam bilməsin. Ad gününə dostlarım maşınla gəlirdi deyə mən də maşınla getmək istədim. Bir uşaqlıq idi etdim. Başıma da bu hadisə gəldi. Hadisədən peşmanam”.
Dövlət ittihamçısının suallarına verdiyi cavab zamanı bəlli olub ki, qəzadan sonra R.Rəhimovun idarə etdiyi maşının sürücüsü hadisə yerinə gələrək qəzanı özünün törətdiyini deyib. R.Rəhimov isə bundan xəbərsiz olduğunu bildirib.
Məhkəmənin davamında R.Rəhimovun istintaqa ilk ifadəsi elan edilib. Həmin ifadədə isə bildirilir ki, qəzanı sürücüləri Əmrulla Şahbazov törədib. O bildirib ki, “Enerji” klubda olarkən, sürücüyə zəng edərək gəlib onu aparmasını istəyib. Sürücü yolda ona zəng edərək qəza törətdiyini deyib.
R.Rəhimov sonrakı ifadəsində qəzanı önünün törətdiyini etiraf edib.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.
R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.