1982-ci il, 1 sentyabr. Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 28 saylı tam orta məktəbdə Səyyarə Hüseynova adlı gənc müəllimə ilk birinci sinfini qəbul edir.
Sinif otağına daxil olan müəllimə bütün şagirdləri ilə tanış olur. Bir-bir ayağa qalxaraq ad-soyadını deyərək özünü təqdim edən şagirdlərdən biri Polad Həşimov idi.
38 il sonra Azərbaycanın Xalq Qəhrəmanı zirvəsinə yüksələn, milyonların qəlbində mərhəmət və xeyirxahlıq kimi məğrurluq və mərdlik abidəsi ucaldan Polad Həşimov…
Milli.Az bildirir ki, publika.az-a müsahibə verən Səyyarə Hüseynova o illəri belə xatırlayır:
28 nömrəli məktəb açılandan orda işləmişəm, ilk olaraq mənə 2-ci sinif vermişdilər. Lakin 82-ci ildə birinci sinif həvalə etdilər. Biz Poladın anasıgillə birlikdə 13-cü mikrorayonda yaşayırıq. Məktəb isə 10-cu mikrorayonda idi. İlk birinci sinfim Poladgilin sinfi oldu. Polad çox ağıllı, təmkinli uşaq idi, heç kimlə dava etməzdi. Dəcəl uşaq deyildi deyə, onun nə isə şuluqluq salmasını, yaddaqalan bir hadisə törətməsini xatırlaya bilmirəm. Amma yaxşı yadımdadır ki, o vaxt uşaqları yeməkxanaya aparırdıq. Yeməkxana işçisi çatdıra bilmirdi, birdən-birə 7-8 sinif gəlirdi. Polad həmişə durub mənə kömək edirdi. Həm də riyaziyyatı yaxşı bilirdi, yaxşı əl qabiliyyəti var idi, gözəl rəsmlər çəkirdi. Mən lövhədə yazı yazıb şagirdlərin arasına keçəndə uşaqların yazdıqlarına bir-bir nəzər yetirirdim. Görürdüm Polad necə gözəl, səliqəli yazıb. Dəftərini alıb havaya qaldırıb digər şagirdlərə göstərirdim ki, baxın görün Polad necə gözəl yazıb. Hər zaman elə idi. Sinifdə 10-12 əlaçı vardı, onların başında Polad dururdu. 4-cü sinfə kimi ona dərs demişəm. Daha sonra şagird sıxlığına və yol keçməklərinə görə 33 nömrəli məktəbi tikdilər və biz Polad 7-ci sinifdə oxuyanda həmin məktəbə keçdik. Orda da yer məsələsi olduğuna görə mən də, qonşuluqda yaşayan şagirdim Polad da 1 il sonra sonradan 34 nömrəli məktəbə keçdik. Orda onun sinif rəhbəri olan Nəzakət müəllimə artıq vəfat edib.
– Onun şəhid olması xəbərini necə öyrəndiniz?
– Televizordan eşitdim ki, generalımız şəhid olub. Adını eşidən kimi bildim bizim Poladdır, özümə yer tapa bilmədim. Biz uzun illərdir bir mikrorayonda qonşu binalarda yaşayırıq. Anası ilə hər dəfə rastlaşanda Poladla maraqlanırdım, onu soruşurdum. O da Poladın ön cəbhədə Murovda, Talışda xidmətdə olduğunu deyirdi. Belə oğullar vətənə, xalqa çox gərəkdir. Mən Poladın şəhid olmasını biləndə çox pis oldum, həm də onunla qürur duydum. Fəxr edirəm ki, Polad kimi bir generalımız var. O, vətəninin, elin-obanın yolunda getdi. Amma kaş ölməyəydi, erməni dığasının gülləsinə tuş gəlməyəydi. Mənim nənəm, babam İrəvan bəylərinin övladları olub. Ermənilər nədir ki, indi İrəvanda bizim qədim torpağımızda yaşayırlar.
– Polad Həşimov məktəbi bitirəndən sonra onunla əlaqəniz qalmışdı?
– Mənim oğlum da Murovdağda xidmət edib, müharibə veteranıdır. Özü də 94-cü ildə dağ əməliyyatları zamanı döyüşlərdə işirak edib. 99-cu ilə kimi hərbidə qaldı. Həmin vaxtlar hər dəfə oğlumla görüşəndə mənə deyirdi ki, “mama Polad da burdadı”. Hər dəfə deyirdim ona məndən salam söylə, Allah sizi qorusun, bala. O vaxt bir dəfə özüm də Toğanaya getdim, gecə bir sutka orda qaldım. Səhərə kimi qradın, hərbi maşınların səsindən qulaq tutulurdu.
– Yəqin ki, anasına başsağlığı vermisiniz…
– Xəbəri eşidən kimi evlərinə getdim. Amma həyətdə camaat dedi ki, anası evdə yoxdur, sabah dəfn ediləcək. Növbəti gün gedib anasına başsağlığı verdim. Anası mənə dedi ki, Polad sənin tərbiyəni götürüb, Səyyarə müəllimə. Bir nəfər də gəlib əlimi öpdü, dedi ki, sən bu əllərlə onun balaca əllərindən tutub yazmaq-oxumaq öyrətmisən. Həqiqətən Polad çox fərqli idi. Kömək eləməyi çox sevirdi. Həmişə özünü yetirməyə çalışırdı. Fikrini elə səlis, doğru ifadə edirdi ki. Ona görə də dərsi danışıb yekunlaşdıranda çox vaxt Poladı qaldırıb mövzunu necə mənimsəməyi uşaqlara göstərirdim. Fikrini elə gözəl ifadə edirdi, elə düzgün danışırdı. Ona görə həmişə seçilirdi. Həm də yaddaşlı, savadlı idi, istədiyi instituta daxil ola bilərdi. Bəzən deyirlər ki, hərbiyə gedənlərin çoxu ali məktəbə savadı kifayət etməyənlərdir. Amma Polad elə deyildi, istənilən yerdə uğur qazana bilərdi. O da öz istəyi ilə hərbini seçdi, hamımızın fəxri oldu.