2018-ci il fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq.
Sfera.az bildirir ki, Modern.az saytı həmin döyüşdə şəhid olmuş hərbçilərin ildönümü ərəfəsində onların ailəsi ilə əlaqə saxlayıb.
Müsahibimiz şəhid baş leytenant Tural Haşımlının həyat yoldaşı Şəbnəm Haşımlıdır.
Arayış: Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Baş leytenant Tural Haşımlı 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. Onun meyiti fevralın 27-də neytral ərazindən götürülüb. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.
Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edilib. Tural Haşımlı şəhid olmazdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Zabitimiz şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi.
“Təlimlərə qatılacağını dedi”
“Tural hərbi qaydalara bütün hərbçilər kimi əməl edirdi. Bizə heç nə demirdi. Biz Beyləqanda hərbi şəhərcikdə qalırdıq. Hər axşam evdə olsa da, nələrin olacağı barədə danışmırdı. 2017-ci ilin fevralında təlimlərə qatılacağını dedi. Düzü həyat yoldaşı olaraq nə bir etiraz etdim, nə də bir söz dedim.
Çünki tez-tez təlimlərə gedirdi. Düzdü, təlimlər asan olmurdu. Bəzən deyəndə ki təlimə gedib, elə bilirlər adi səfərdir. Amma bu, hərbinin qaydalarıdır. Sonra elə alındı ki, Tural evə gəldi və dedi ki, kurs dayandırılıb və o, işə qayıtmalıdır. Mən yenə də əlavə suallar vermədim. Çünki hərb işi ilə bağlı danışmağı sevmirdi. Onları bu cür yetişdirmişdilər”.
“Tural işinə bağlı idi”
Şəbnəm xanım deyir ki, Turaldan sonra yaşından çox böyüyüb:
“Təbii, hər kəs kimi bizim də çətinliklərimiz vardı. Amma Tural işinə bağlı idi. Heç vaxt hərb sahəsindən uzaqlaşması barədə danışmırdı. Mən də bu barədə əlavə söhbətlər etmirdim. Düzü, mənim yaşım o qədər də deyildi deyə, bu işlərdən heç nə anlamırdım. Amma Tural şəhid olandan sonra əsl çətinliyin, insan itkisinin, hər an müharibə olacağının fərqində oldum”.
“Evliliyimiz 6 ay sürdü”
Şəhidin həyat yoldaşı evliliklərinin qısa sürməsindən təəssüflənir:
“2016-ci ilin sentyabrında toyumuz oldu. Turalın 28, mənim isə 22 yaşım vardı. Amma tanışlığımız 2016-cı ilin əvvəllərinə təsadüf edir. Həmin vaxtlarda Naxçıvanın Ordubad rayon Xəstəxanasında tibb bacısı işləyirdim. Tural da xəstəxananın yolunda məni görüb bəyənmişdi. Sonradan münasibətlərimiz yaranmışdı. Amma qohumluğumuz olmayıb. 2016-cı ilin fevralında nişanlanmışdıq. Üzüklərimiz taxılmışdı. Elə 2017-ci ilin fevralında da Tural şəhid oldu. Evlilik müddətimiz cəmi 6 ay sürdü”.
“Turalın dəfnində iştirak etmədim”
Şəbnəm xanım deyir ki, Turalın dəfnində iştirak etmək ona qismət olmayıb:
“Hadisə baş verən ərəfədə səhhətimdə müəyyən problemlər vardı. Ana olmağa hazırlaşırdım. Təbii, hamiləliyim bir qədər riskli idi. Xüsusi həkim nəzarəti altında idim. O vaxt anam da yanımda qalırdı. Məni tək qoymaq olmazdı. Daha doğrusu, həkim məsləhət görmüşdü ki, yanımda mütləq kimsə olsun.
Turalı isə narahat edə bilməzdim. Ən dəhşətlisi odur ki, mən Turalın şəhid olduğunu bir həftə sonra bildim. Mənə bilərəkdən deməmişdilər. Hətta onun tabutu evlərinə gətirilən gün mən orda yox idim. Heç dəfn olunanda da məzarı başında ağlaya bilmədim.
Uşağı itirmək qorxusu yaşayarkən Turalı itirdim. Həmin vaxt onun tabutuna sarılıb ağlaya bilməməyimə üzülsəm də, indi anlayıram ki, bu, belə olmalı idi. Övladımızı itirsəydim nə olacaqdı?! O zaman həm də Turalın ruhu daim narahat qalacaqdı. Onun övladını da itirsəydim, özümü bağışlaya bilməzdim. İndi deyirəm ki, heç olmasa Turaldan yadigar bir oğlumuz var. Onun da adı Turaldır. Bir həftədən sonra Ordubada getdim.
Turalın ata evi məni sıxırdı. Orda toyumuz olmuşdu. Orda yaşamışdıq. Məzarlığa gedəndə hiss etdim ki, Turalsız yaşamaq çox çətin olacaq. Ona o qədər deyilməli sözüm vardı ki!.. Övladı olacağını eşidəndə çox sevinmişdi. Bu cür acını heç kəsə arzu etmirəm”.
Qeyd edək ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib.