Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2901 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 10 hərbi qulluqçumuz itkin düşmüş sayılırdı. Ötən həftə iki şəhidimizin nəşi tapıldığından, itkin hərbçilərimiz hazırda 8 nəfər təşkil edir.
Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə sonbeşiklərini görmədən bu dünyadan köçdülər.
Körpəsinin üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Zaur Ələsgərlidir.
Arayış: Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində dünyaya göz açıb. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbi bitirib. 2015-ci ildən hərbi sahədə olan Z.Ələsgərli xidmətini başa vurandan sonra mülki həyata qayıtmayıb. Belə ki, o, 2018-ci ildə miçman kimi Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.
Vətən müharibəsində iştirak edən Zaur 2020-ci il oktyabrın 31-də Xocavənd rayonun Qırmızı Bazar ərazisində müqəddəs şəhidlik zirvəsinə ucalıb. Ötən il noyabrın 1-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidin döyüş yolu və övladlarına olan arzuları barədə həyat yoldaşı Vəfa Ələsgərli Modern.az-a danışıb.
“Hərbi Dəniz Qüvvələrində micman idi. Müharibə başlayandan döyüşlərə qatılıb. Xocavəndə qədər olan bütün döyüşlərdə iştirak edib. Qubadlını 24 nəfərlə bir neçə saata işğaldan azad ediblər.
Zaur sonuncu dəfə mənimlə oktyabrın 30-u danışdı. Əvvələr zəng edəndə adətən az danışardı. Lakin həmin gün bir neçə dəfə zəng vurdu və çox danışdı. Normal olaraq, hər zamankı kimi söhbətləşdi. Son sözü “uşaqlardan da, özündən də muğayat ol” oldu. Həmin an nə demək istədiyini başa düşmədim. Telefonu söndürdükdən sonra niyə belə dediyini düşündüm. Yenidən zəng etdim. Artıq telefonu söndürülmüşdü. Ondan sonra əlaqə kəsildi….
Oktyabrın 31-i Xocavənd döyüşlərində şəhid oldu. Prezidentin sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub”.
Vəfa xanım deyir ki, Zaur onun üçün ölməyib, özü bu dünyadan nə vaxt köçsə, onda Zaur da öləcək:
“Mən yoldaşımla tələbəlik illərində tanış olmuşam. Biz Zaurla 5 il bir-birimizi sevmişik. Üç il idi ki, ailə qurmuşduq. Mən sanki dünyaya gözümü Zaurla açmışdım.
İkinci övladımızın olacağından xəbəri var idi. Müharibə başlamazdan öncə uşağa nə ad qoyacağımızı düşünürdük, internetdə adlara baxırdıq. Soruşdum ki, Ayaz adı necədir? Dedi ki, gözəl, ağılabatan addır. Müharibəyə getdi, oradan zəng vurmuşdu. Yadına saldım ki, uşağın adı hələ yoxdur. Dedi ki, niyə yoxdur, onun adı Ayaz olacaq.
Zaur övladına hər şeyi edirdi. Həmişə deyərdi ki, mən özüm çox çətinliklər çəkmişəm, imkan vermərəm ki, övladlarım çətinlik üzü görə. İşdən yorğun gəlsə də, bunu qəti şəkildə evdə bizə hiss etdirməzdi. Deyirdi, gülürdü, uşaqla oynayırdı. Çox mülayim və gülərüz insan idi.
İndi balaca oğlum Ayaz da eynən atası kimidir. Simadan da atasına oxşayır. Zaur bir ömür boyu mənim qəlbimdə yaşayacaq. Mən nə vaxt bu dünyadan köçsəm, ondan sonra Zaur da öləcək. Mən varamsa, o da var. O mənim üçün tam başqa insan olub. Şəhid ailələrinə Allahdan səbr diləyirəm”.
Humay İsgəndərova