Şəhid polkovnikin xanımı BİLİNMƏYƏN FAKTLARI açdı: “Yuxuda dediyi həmin məqam…”

13184

Şəhidin evi də səngərdir. Orda savaş bitmir, güllələr susmur. Anasının göz yaşları dizinə tökülüb yeri yandırır. Övladları səhra otaqlarda sığınmağa kölgə axtarır. Bir də hamının yerinə yaşayıb, hamının əvəzinə ölən qadın olur bu evdə.

Bir yandan da qapısından içəriyə girən kimi nəfəs dolu güvən, qəribə rahatlıq çökür üstünə. Otaqları bəzəyən fotolardan şəhid baxışları qoruyur səni.

Bu evlərdə yeni ayin formalaşır. Gün çıxanda hamı bir-bir şəkildəki qəhrəmanı salamlayır. Gecə mütləq şirin yuxu diləyir.

Təkcə həmin səhər İlqara mesaj yazıb gözəl gün arzuladım. Cavab gəlmədi. Hələ də telefona baxıb gözləyirəm. Ən çox da özümü günahlandırıram. Bir-birimizdən ayrı olduğumuz günlər hər səhər hal-əhval tuturduq. Bəlkə də şəhid olduğu gün daha tez yazsaydım, son mesajımı oxuyardı, deyir xanımı.

Publika.az-ın həmsöhbəti şəhid polkovnikimiz İlqar Mirzəyevin həyat yoldaşı Güllü Mirzəyevadır.

– Biz evlənəndə, baş leytenant idi. Toyumuzdan sonra kapitan rütbəsi verildi. Əvvəllər nəinki hərbçinin həyat yoldaşı olmağı, heç hərbçi həyatının çətinliklərini də dərk etmirdim. Ailə qurandan sonra bütün məsuliyyəti birgə üstümüzə götürdük. 22 il çiyin-çiyinə vuruşduq. O, cəbhədə, mən ailədə. Artıq oğlumuz Elvin dünyaya gəlmişdi. Qızımın doğulmağına az müddət qalmış İlqar öz arzusu ilə nazirliyə müraciət etdi ki, artıq Bakıda yox, bölgələrdə xidmət etmək istəyir.

– Reaksiyanız necə oldu?

– Düzü razı deyildim. Hətta ağladım, dilə gətirməyə çalışdım ki, fikrindən daşındırım. Etiraz etdi ki, son qərarımdır. Təyinatını Gəncəyə vermişdilər. Qızım dünyaya gələndə, İlqar artıq Gəncədə xidmətdə idi. Heç oğlumuz doğulanda da yanımda ola bilməmişdi. Xidməti bəzən uzun çəkirdi. Qızımın 40-ı çıxandan sonra əşyalarımızı topladım ki, biz də Gəncəyə köçürük.

– Halbuki Bakıda da qala bilərdiniz…

– Əlbəttə. Amma düşündüm ki, ailə yumruqdur, ayrılmamalıdır. Övladlarım da, özüm də İlqarın yanında olmalıyıq. Həm də axı ata nəzarəti başqadır. İki il Gəncədə yaşayandan sonra qüsursuz xidmətinə görə növbədən kənar mayor rütbəsi verildi. Bakıya köçdük ki, akademiyada təhsilini təkmilləşdirsin. 2005-ci ildə yenidən təyinatımız Naxçıvana verildi.

– Təyinatımız…

– (gülümsəyir) Bəli. Daim birgə idik. Oxşar cəhətlərimiz də çox idi. İkimiz də rus bölməsini bitirmişik. Rusdilliyik. Qərar verdik ki, övladlarımız öz dillərində təhsil alsınlar. Ümumiyyətlə, evdə yalnız azərbaycanca danışmağa çalışırdıq. Naxçıvanda hərbi şəhərcikdə məskunlaşandan sonra övladlarımızı məktəbə Azərbaycan dili bölməsinə yazdırdıq.

İlqar şəhid olandan sonra onun haqda yazılan məqalələr üçün ailəvi fotolarımızı istəyirlər. Amma inanın, son illərə qədər çox nadir hallarda ailəvi şəkil çəkdirirdik. Sanki birgə yaşamağa yeni başlamışdıq. İlqar da təqaüdə çıxacaqdı. Bir damın altına yığışacaqdıq. Bilirsiniz də hərbçilər ailələrinə kifayət qədər zaman ayıra bilmirlər. Gah aylarla poliqonda olurlar, gah çox məsuliyyətli tapşırıqlara yollanırlar. Həyat yoldaşlarının da borcu onlara dəstək olmaqdır. Onunla yaşadığım illər ərzində güclü olmağı öyrəndim. Elə Naxçıvandan sonra da 2013-cü ildə Beyləqana köçdük. Orada da çətinliyimiz çox oldu. Uşaqlar da yenidən məktəblərini dəyişdilər.

– Bəs bu yerdəyişmələr övladlarınızın psixologiyasına mənfi təsir etmədi?

– Onlar həm fiziki, həm də mənən çox güclü yetişiblər. Naxçıvanın qışı çox sərt keçir. İki saat işıq verilir, sonra kəsilir. Qaz isə ümumiyyətlə yox idi. Otağın birini qızdırırdıq. Uşaqları qalın geyindirirdim. Deyirdim, indi də gəlin idman edək. Evin içində qaçırdıq, isinmə hərəkətləri edirdik ki, çox üşüməyək.

– İki hərbçi böyütmüsünüz…

– Sizə deyim ki, psixoloji cəhətdən də çox güclüdürlər. Köçdüyümüz hər bölgəyə, məktəblərinə, insanlara tez isnişirdilər.

– Güllü xanım, siz harada doğulub böyümüsünüz?

– Mən Bakıda doğulmuşam. Burada yaşamışam. İlqar isə Gürcüstanda anadan olmuşdu. Heç vaxt ailəmdən uzaq qalmamışdım deyə ilk illər darıxırdım. Amma dərk edirdim ki, sevdiyim insana görə bütün çətinliklərə dözməliyəm.

– “Səni sevirəm” quru sözdə qalmadı, rayon-rayon, bölgə-bölgə gəzərək sübutunu tapdı.

– İnanın, bu qarşılıqlı idi. Yükümüzü azaldırdıq. Düzgünlüyü, dəqiqliyi sevən insan idi. Artilleriyaçı olduğu üçün min ölçüb, bir biçirdi. İdeal səliqəsi vardı. Tez-tez birgə yemək hazırlayırdıq. Elə son dəfə də məzuniyyətə gələndə mətbəxə keçdik. Yeni salat resepti tapmışdım. Bütün inqridientləri yazıldığı miqdarda əlavə etməyə başladı. Dedim, ay İlqar, bir az artıq istifadə etsək, nə olacaq ki? Dedi, yox, hər şey dəqiq olmalıdır. İşində də belə idi. Xüsusən də gənc kadrların savadlı olmağına çox önəm verirdi. Ümumiyyətlə, bütün peşələr professionallıq tələb edir. İlqar isə xüsusi həssaslıqla yanaşırdı bu məsələyə. Bütün bayramlarda öncə postları gəzib, əsgərləri təbrik edirdi. Sonra ev və ailə gəlirdi. Çünki başqa cür bacarmırdı. İşi hər şeydən, hər kəsdən öndə gəlirdi.

– Belə bir hipotez var ki, ana dilini mükəmməl bilməyən, xüsusən də rusdilli təbəqənin vətənpərvərlik ruhu güclü olmur.

– Tamamilə yanlış iddiadır. İlqar Gürcüstanda böyümüşdü, peşəsinə aid ədəbiyyatın əksəriyyəti də rusca idi. Məcburən rus bölməsində təhsil almışdı. Ümumiyyətlə, yeni dillər öyrənməyə meylli idi. Gürcü dilində də gözəl danışırdı. Hətta bu yaxınlarda alman dili səviyyəsini də kifayət qədər yüksəltmişdi. Övladlarımıza da deyirdi ki, bildiyiniz dillərin sayı qədər insansınız. Danışmasanız da xarici dil öyrənin. Bəzən zəng edib soruşurdum, nə işlə məşğulsan? Deyirdi, alman dili öyrənirəm.

– Elə xarakterində də alman dəqiqliyi olub…

– Elədir. Vətənini, tariximizi sevib, sevdirirdi övladlarımıza. Əlləri qızıl idi sanki. Bütün məişət işlərini, ustalığı elə gözəl bacarırdı ki, indi deyirəm, İlqar, bəs mənə bu işlərdə kim dəstək olacaq?

( sükut, göz yaşı)

Bir sözü vardı-narahat olmayın, mən hələ ölməmişəm. Uşaqlarından heç nəyi əsirgəmirdi. Bəzən deyirdim, belə ərköyün öyrətmə. Qoy bərkə-boşa düşsünlər. Cavab verirdi ki, həyat onları o qədər ağır sınaqlara çəkəcək ki, qoy, canım sağkən arzularını yerinə yetirim.

– Sanki ayrılacağınızı bilirdi.

– Mən də onu düşünürəm. Bir-birini elə çox sevirdilər ki, hərdən qısqanırdım.

– Güllü xanım, adətən sevdiyimiz kişinin səhvlərini bir üstün cəhətinə qurban edirik.

– İnanın, İlqar qüsursuz idi. Ona görə də yoxluğuna ikiqat yanıram. Heç kimi incitməzdi, irad tutmazdı. Deyirdi, insandır, bəlkə şərait imkan verməyib ki, özünü yaxşı cəhətdən sübut etsin. İndiyədək əsgərlərinin valideynləri, iş yoldaşları, hətta bərbəri, maşınını təmir edən usta bizimlə əlaqə saxlayıb ağlayırlar ki, polkovnikin yoxluğuna inanmırıq. Bu insanın qəlbində bir zərrə kin yox idi. Mənə görə mükəmməldir İlqar. Hər kəsə hörmətlə yanaşırdı. Körpəyə də, böyüyə də.

– Valideynləri ilə necə idi münasibəti?

– O, nəinki öz valideynlərini, mənim atamla anamı da çox sevirdi. Biz ailədə 3 bacı olmuşuq. Anam deyir, illər sonra İlqarın simasında oğlumu tapdım. Amma Allah qoymadı, aldı əlimdən.

– Hərbçi olmaq həm də özəl günləri, bayramları ailədən uzaqda qeyd etməkdir.

– Əvvəllər bayramları, ad günlərini daha çox birgə qeyd edirdik. Son 5 ildə isə ayrı düşdük. Çünki uşaqların ali məktəbə hazırlıq dövrü yetişdi. Dedim, İlqar, məni bağışla, amma zəmanə pisdir, uşaqların yanında olmalıyam. Sonra növbə ilə universitetə daxil oldular. İlqarın anası da Şəmkirə yanına gəldi.

– Yəni hər ana öz övladını qanadları altına aldı?

– Eynən. Yadımdadır, Elvinin sonuncu doğum günündə təbrik mesajı yazdı. Son cümlə belə idi: Bağışla, oğlum! Yenə yanında ola bilmədim. Elvinsə həmişə ona cavab verirdi ki, nə qədər ki, arxamdasan, bir addım öndə olacam. Heç istəmirəm şəhidlər unudulsun, xatirələri gündəm xarakteri daşısın. Ona görə yox ki, şəhid xanımıyam. Yox! Çünki bizə görə canlarından keçiblər. Küçələrimizə, məktəb və xəstəxanalara onların adları verilsin. Fərqi yoxdur, generalımız, polkovnikimiz, sıravi əsgərimiz olsun, heç olmasa belə yaşasınlar.

– Təbii ki, şəhidlərimizi qəlbimizdə ən yüksək rütbə ilə yaşatmalıyıq…

– Bilirsiniz, hər dünyadan köçən şəhid qəlbində onlarla arzu dəfn olunur.

– İlqar bəyin hansı arzularını ölməyə qoymayacaqsınız?

– Övladlarımızın güclü təhsil almalarını istəyirdi. Qızımız iqtisadiyyat ixtisası üzrə ingiliscə təhsil alır. İlqar istəyirdi ki, Gülnarə magistratura pilləsini Almaniyada başa vursun. Sonra geri dönüb, vətəni, xalqı üçün çalışsın. Çox arzularımız vardı. İndi bu yük tək mənim çiynimdədir. İstəyirəm, Elvin də, Gülnarə də duruşları ilə, baxışları ilə, əməlləri ilə atalarını yaşatsınlar.

– Güllü xanım, bu hadisəyədək polkovnikimiz ölümlə üz-üzə qalmışdı?

– Onu ilk dəfə görənlər deyirdilər ki, 47 yaşı vardı, amma daha yaşlı görünür. Çünki hər şeyi içində çəkirdi. Bilirdi ki, bizim üçün də çox ağırdır. Yanımızda ola bilmir. Ona görə yükünü çiynimizə qoymaq istəmirdi. Əlbəttə, bilirdim ki, hərbçidir. Hər anı təhlükədir. Amma inanmaq istəmirdim. Aprel hadisələrində bu narahatlığı yaşamışdıq. Tovuz hadisələrində də çox yorğun olurdu. Bəzən zəng edəndə, elə halsız olurdu, hiss edirdim ki, söz ağzına sığmır. Deyirdim, dincəl, vaxtın olanda, danışarıq. 12 iyulda əlaqə saxladıq. Ertəsi gün oğlum gəldi ki, xəbərlərdə dedilər, Tovuzda döyüş başlayıb. Atadan soruşmaq istəyirəm. Dedim, mane olma neçə gündür, dağlardadır. Axşam düşdü, İlqardan səs-səmir yoxdur. Mesaj yazdım, cavab gəlmədi. Qayınanamla əlaqə saxladım. Dedi, İlqar qaçaqaçla evdən çıxdı. 13 iyulda yenə zəng etdik. Dedik, indi də xəbərlərdə eşitdik ki, atəşkəsdir. Cavab verdi ki, düz deyirlər. Yəqin bizi sakitləşdirmək istəyibmiş. Telefonda mikrofon düyməsini sıxdım ki, uşaqlarla da danışsın. Onu sevindirməyin yollarını bilirdim. Dedim, İlqar, Gülnarə növbəti imtahandan da 5 aldı. Qızım ona ata yox, atam çağırırdı. O, da həmişə Gülnarəyə “anam” deyirdi. Soruşdu ki, anam, ürəyin nə istəyir alım sənə? Dedi, heç nə, atam. Amma balamın ürəyindən keçirmiş ki, “səni istəyirəm” desin. Sağollaşanda dedi, qoy sənin valideynlərinlə də zəngləşim, nigaran qalmasınlar. Sonda dedi, möhkəm olun. Ondan sonra səsini eşitmədik. Bizim adətimiz vardı, hər səhər bir-birimizə mesaj yazardıq ki, “sabahın xeyir, günün uğurlu, xeyirli olsun”. Ertəsi gün tezdən hər gün olduğu kimi mesaj yazdım. Amma oxumadı. Özümü çox günahlandırıram ki, bəlkə daha tez yazsam, görərdi.

– Əminəm ki, səsinizi də eşidir, varlığınızı da hiss edir.

– Hamı mənə deyir, sən güclü qadınsan, dözməlisən, möhkəm ol. Kaş ki, güclü olmazdım. Allah bu yükü çiynimə qoymazdı. Biz həyət evi almağı arzulayırdıq. Deyirdi, sənin valideynlərin, mənim anam da bizimlə yaşayar. Evin layihələri hələ də telefonunda qalıb. Bir də deyirdi xüsusi bıçaq dəsti alacam. Hər gün sizə mətbəxdə yemək hazırlayacam. Böyük bağçamız olacaq. Güllər, ağaclar əkəcəm.

Soruşurdum, bəs nəvələrin üçün yelləncək qoymağa yer olmayacaq?

Gülümsəyirdi ki, necə olub, indiyədək bu haqda düşünməmişəm.

– Yuxunuza gəlib?

– Ölümündən sonra üç dəfə yuxuda görmüşəm. Birincidə dedi, haqsızlığa dözmürəm. İkinci dəfə də narahat idi. Deyirdi, axı mən belə olmamışam. Amma son dəfə çox rahat gördüm. Üzümə baxıb gülümsəyirdi. Bilirsiniz, mən inanclı insanam. Amma bu hadisədə Allahdan küsdüm. Axı onun heç kimə pisliyi dəyməmişdi. Hər şeyin mükəmməlinə can atırdı. Deyirəm, İlqar ölümündəmi qüsursuzunu istədin?!

– Bu faciədən öncə şəhid qadınları görəndə nə hiss edirdiniz?

– İçim göynəyirdi, inanın. Mən sevgimi çox büruzə verən adam deyiləm. Çünki illər öncə eşitmişdim ki, kimi Allahdan çox sevsən, əlindən alacaq. Elə bil, bu soyuqluğumla Allahı aldadırdım. Amma unutmuşam ki, o hər yerdədir. Hərdən anam deyirdi, niyə ailəvi fotolarınızı paylaşmırsan? Deyirdim, o anlar mənim üçün o qədər müqəddəs idi ki, başqalarının görməyinə, bilməyinə ehtiyacım yoxdur. Bu karantin müddətindən çox adam narazı qaldı. Təkcə bizim ailə xoşbəxt idi. Çünki İlqar iki ay evdə, bizimlə oldu. Hətta Ramazan ayı boyu birgə oruc tutduq, yeməkləri özümüz hazırlayıb, iftar açdıq. Bəlkə də bu bizim ən uzunmüddətli birgəliyimiz idi. Bizdən doymurdu sanki. İndi düşünürəm, bəlkə bu da təsadüf deyildi.

O günləri xatırlayıb, hardasa təskinlik tapa bilirəm. Amma qızım barışa bilmir. Ötən gün gəlib deyir, bu günədək heç kimə paxıllıq etməmişəm. Amma indi atası evə dönən uşaqlara qibtə ilə baxıram. Dedim, balam, belə etmə. Bəs körpə Narın nə etsin? O atasını heç görmədi. Deyir, ana, bəs mən bu yaşıma qədər atamı nə qədər gördüm ki? Mənə atam bundan sonra lazımdır.

Bəzən mənə deyirlər, ac qalma, xəstəlik taparsan. Cavab verirəm ki, hamı yeməyini də yeyəcək, üzü də yenidən güləcək. Amma İlqar qayıtmayacaq.

– Yenidən gəlib qapını döysə, nə deyərdiniz ona?

– Heç bilmirəm ki… Amma dünən bir anlıq içimə qəribə sancı doldu. Elə qəribsədim ki, istədim, ayaqyalın Şəmkirə qaçım. Qapını döyüm, üzümə İlqar açsın. Unutmayın şəhidləri, dəyər verin qəhrəmanlara.

– Güllü xanım, heç müharibədə ölən düşmən əsgərin anası, qadını haqda düşünmüsünüz?

– Belə bir söz var, canımı yandıranın canı yansın. Çox razıyam bu ifadə ilə. Biz kifayət qədər humanist xalqıq. Müharibəni düşmən tərəf başladıb. Bir qohumumuz var, oğlu illər öncə şəhid olub. Tez-tez məzarını ziyarət edir. Hər dəfə də deyir, bala, bilirsən niyə yaşayıram? İstəyirəm, qələbə xəbərini sənə ilk mən gətirim. Biz mütləq özümüzün olanı geri qaytarmalıyıq. Şəhidlərin ruhu qarşısında boynu bükük gəzməmək üçün etməliyik bunu.

Şəhid qızından…

Atamı itirmək mənim üçün çox böyük zərbə oldu. Bilirəm, hamının atası özünə qiymətlidir. Amma o, bir başqa insan idi. Ölüm xəbərini eşidəndə, dünya başıma fırlandı. Amma o, mənim tək qəhrəmanımdır. Ömrümün sonunadək atamla qürur duyacam. Bütün övladların ataları ilə bağlı xəyalları olur. Şəhid övladlarına səslənirəm. Əl çəkməyin bu xəyallardan. Atanızı unutmayın. Unutdurmayın!

Leyla Sarabi,

Fotolar: Pərviz Həşimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər