“Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma təxminən 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.
O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.
Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.