Səhiyyə Nazirliyi həkim və apteklərə xəbərdarlıq etdi

2413

Səhiyyə Nazirliyi ölkədəki apteklərin rəhbərlərinə, həkimlərə, vətəndaşlara yeni təsdiqlənmiş tələblərlə bağlı xəbərdarlıq edib. Tələblərdə dərmanların satışından tutmuş əczaçılıq fəaliyyəti ilə məşğul olanlara qədər yeniliklər yer alıb.

Virtualaz.org xəbər verir ki, nazirliyin Hüquq və Daxili Nəzarət sektorunun müdiri Elxan Əzizov yeni tələblərlə bağlı məlumat verib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilib, tələbləri yerinə yetirməyənləri cəzalar gözləyir. “Reseptlə satıla bilən dərmanların siyahısı nazirlik tərəfindən təsdiqlənib. Reseptlə satılmalı olan dərmanları reseptsiz satanlar 250 manatadək cərimələnə bilərlər. Bundan əlavə, səhv yazılan reseptlər əsasında dərman vasitələri satılmasına qadağa qoyulub. Nazirlik maarifləndirmə işləri aparmaqla sahibkarlara, əczaşılıq şirkətlərinə xəbərdarlıq edir”, – E.Əzizov söyləyib.

Tələblərdən biri də qiymətlərlə bağlıdır. Sektor müdiri deyib ki, qiymətlərin tənzimləmnəsi məsələsinə xüsusi diqqət yetiriləcək. Dövlət tərəfindən tənzimlənmiş qiymətdən aşağı və ya yuxarı dərman satanlar cəzalandırılacaq. İnzibati Xətalar Məcəlləsində keyfiyyətsiz dərman satanlara qarşı cəzalar da nəzərdə tutulub.

E.Əzizov əlavə edib ki, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Amma vətəndaşlar bilməlidirlər ki, bioloji aktiv maddələr dərman vasitələri deyil. Bu vasitələr reseptə yazıla və dərman kimi satıla bilməz: “Bioloji aktiv maddə istehsalçılarına qablaşdırmanın üzərində onların dərman vasitəsi olmadıqları barədə bildirişin qeyd olunması ilə bağlı tələb qoyulub. Həkimlər bioloji aktiv maddələrin adlarını reseptə əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək. Bioloji aktiv maddələr müalicə məqsədi ilə istifadə olunmur”.

Həkim-firma işbirliyinə son qoymaq üçün tədbirlər də nəzərdə tutulub. Sektor müdiri deyir ki, dərman vasitələri resept blanklarında beynəlxalq patentləşdirilməmiş adı ilə yazılmalıdır. Bu tələbi pozan həkimlər cəzalanacaqlar: “Hələ də reseptlərdə dərmanların adları bu qayda ilə yazılmır, həkimlər tərəfindən resept blanklarında dərmanların ticari adla yazılması davam etdirilir. Apteklər də tələblərə uyğun yazılmayan resept əsasında dərman satmamalıdır. Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Belələri bilsinlər ki, cərimələnəcəklər”.

Sektor müdiri əlavə edib ki, tələblərin yerinə yetirilməsi ilə bağlı araşdırmalar aparılır, bilməyərək pozuntuya yol verənlərə hələlik xəbərdarqlar edilir. Şikayət daxil olacaqsa, cərimələr tətbiq olunacaq. Hələlik maarifləndirmə aparırıq.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbərlərini həbs edəndən sonra onlarla işbirliyində olan həkimlərin siyahısı ortaya çıxıb. E.Əzizov bildirib ki, nazirlik hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. “Təəssüf ki, bəzi vəzifəli şəxslər sahibkarlara yaradılan şəraitdən sui-istifadə edir, nəticədə sərt tədbirlər görülür. İstintaq orqanları əczaçılıq firması ilə əməkdaşlıq edən həkimlərin əməlində cinayət tərkibi müəyyən edəcəksə, bu şəxslərlə bağlı qərarı məhkəmə verəcək. Amma əməllərində cinayət tərkibi olmayacaqsa, nazirlik həmin həkimlərə qarşı inzibati tərbirlər həyata keçirəcək. Həmin şəxslər işdən azad edilə bilərlər”.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər