Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün III turun görüşləri baş tutub.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib.
Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb – 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var.
Digər görüşlərin nəticələri:
Levon Aronyan (Ermənistan) – Vladimir Kramnik (Rusiya) – 0:1
Sergey Karyakin (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
Uesli So (ABŞ) – Din Lijen (Çin) – 0,5:0,5
Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.
IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk – Lijen, Kramnik – Karuana və Karyakin – Aronyan görüşləri keçiriləcək.
İlk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.