“Ölkə.Az”ın məlumatına görə, Bakı şəhərində anadan olan 1991-ci il təvəllüdlü Elvar Əmiraslanov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstəsinin üzvləri Şəmkir rayonunda iyrənc cinayətlərə imza atıblar.
Elvar Əmiraslanov Bakı şəhərində yaşasa da, Şəmkir rayonunun Şiştəpə kəndində qeydiyyatda olub. O, hər dəfə həmin kəndə qonaq gəlib. Amma sonuncu səfərinin məqsədi başqa olub.
“Namus keşikçiləri”nin əməlləri
Elvar Əmiraslanov Şiştəpə kəndinin sakinləri Yasif Həsənov, Vüqar Süleymanov, Elsevər Həsənov, Natiq Əmiraslanov, Taryel Qasımov, Vüsal İsayev və Rauf Xəlilovdan ibarət mütəşəkkil dəstə yaradıb.
Məqsədləri isə rayondan Rusiyaya çörəkpulu qazanmağa gedən kişilərin həyat yoldaşlarının əxlaqsız hərəkətlər etməkdən çəkindirmək, başqa-başqa kişilərlə görüşmələrinə mane olmaq olub.
Onlar yaşadıqları Şəmkir rayonunun Şiştəpə kəndindən qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş şəxslərin özgə kişilərlə gizli görüşərək intim münasibət quran bəzi arvadları müəyyən ediblər. Həmin qadınların əxlaqsız hərəkətlərinin qarşısını almaq üçün dəstə üzvlərinə cüzi səbəb kifayət edib.
Ər Rusiyada pul qazanır, qadın isə başqa kişilərlə kef sürür
Elvar Əmiraslanov və onun yaratdığı dəstə üzvləri 2012-ci ilin sentyabr ayının 14-ə keçən gecə, saat 03 radələrində yaşadıqları Şiştəpə kəndində Rauf Xəlilovun idarə etdiyi “BMV-X5” markalı və Taryel Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlarla Şəmkir şəhər sakini Emin İsgəndərovun idarə etdiyi “VAZ-21015” markalı avtomaşını təqib ediblər. Onlar Emin İsgəndərovun sürdüyü maşını saxladıblar, ona zor tətbiq edərək telefonunu əlindən alıblar.
Əxlaqsızlıq edən qadın evində üzləşdirildi
Onlar Emin İsgəndərovun həmkəndliləri Samirə Vəliyeva (ad və soyad şərti verilib) ilə görüşə gəldiyini öyrəniblər və sonra avtomaşını Samirənin yaşadığı evin yanına sürməyi tələb ediblər.
Dəstə üzvləri Eminlə birlikdə saat 4 radələrində həmin evin qarşısına gəliblər. Ev sahibəsinə xəbər etmədən qrupun üzvü Yasif Həsənov hasarı aşaraq həyətə daxil olub.
Yasif Həsənov daha sonra Samirənin evinə daxil olub.
Bu zaman Yasif Həsənov onlarla evə girməkdən imtina edən Emin İsgəndərovu yumuruqla vurub, nəticədə sonuncunun burnu qanayıb.
Yasif Həsənov və dəstənin digər üzvləri Samirə Vəliyeva ilə Emin İsgəndərovun arasında olan münasibətlə bağlı üzləşdiriblər. Bu zaman Samirənin azyaşlı qızı Nurayə yuxudan oyanıb.
Qızının yuxudan oyandığını görən Samirə Vəiyeva hirslənib. Samirə Vəliyeva Elvar və digər şəxslərin evini tərk etməsini tələb edib.
Dəstənin üzvləri evi tərk etsə də, Elvar Əmiraslanov evdə qalıb, bayıra çıxmayıb. Az sonra qrup üzvləri təkrar heç bir qanuni əsas olmadan evə giriblər. Onlar yenidən Samirə Vəiyevanı sorğu-sual ediblər, daha sonra hadisə yerini tərk ediblər.
Eyni senari rayonun başqa kəndlərində də davam edib
Dəstə üzvləri eyni hərəkətlərini davam etdiriblər. Onlar ərləri Rusiyada olan qadınlara hücum edib, döyüb və xəsarət yetiriblər. Dəstə üzvləri adətən gecələr küçədə peyda olublar. Onlar rayonunun Şiştəpə, Morul, Sərxanlı kəndlərində evlərə hücum ediblər. Hücum nəticəsində xəsarət alanlar da olub. Onlar yalnız qadınlara xəsarət törətməklə kifayətləniblər. Adları çəkilən kəndlərin sakinləri uzun müddət qorxu, xof içərisində yaşayıblar.
8 nəfərlik dəstəyə hökm oxunub
Dəstənin üzvləri Yasif Həsənov, Vüqar Süleymanov, Elsevər Həsənov, Natiq Əmiraslanov, Taryel Qasımov, Vüsal İsayev və Rauf Xəlilov 2014-cü ildə həbs olunub. Onlar müxtəlif müddətlərə məhkum olunublar. Elvar Əmiraslanovun barəsində axtarış elan edildiyi üçün cinayət işi ayrıca icraatda araşdırılıb.
Elvar Əmiraslanov isə 2015-ci ilin avqustun 5-də Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsində saxlnılıb.
O, 2016-cı ildə Şəmkir rayon Məhkəməsində mühakimə olunub. Məhkəmənin hökmü ilə Elvar Əmiraslanov 8 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Prokurorluq hökmdən narazı qalıb və Elvar Əmiraslanovun cəzasının ağırlaşdırılması üçün apellyasiya protesti verib. Zərərçəkmiş Samirə Vəliyeva da apellyasiya şikayəti verib.
Nazilə Babayeva Elvar Əmiraslanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq etmək) maddələri ilə razı olmayıb. Bildirib ki, həmin maddələrlə yanaşı Elvar Əmiraslanova Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 144.2.4-cü (adam oğurluğu, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələrinin əlavə ittiham kimi verilməsini istəyib.
Tərəflərin şikayəti Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti həm prokurorluğun protestini, həm də zərərçəkmiş şəxsin şikayətini təmin etməyib.
Bu qərardan narazı qalan Samirə Vəliyeva kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın kassasiya şikayəti təmin edilməyib.