“Sən də QİÇS-ə “yox” de!”

753

Dünən Sumqayıt şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Sən də QİÇS-ə “yox” de!” layihəsinin təqdimat mərasimini keçirib. Layihənin koordinatoru Cavid Nəbiyev bildirib ki, 4 ay ərzində həyata keçiriləcək layihənin məqsədi maarifləndirmə və ən əsası tolerant yanaşmanı təbliğ etməkdir. Onun sözlərinə görə, bu gün bir çox insan QİÇS daşıyıcılarının ölümə məhkum olduğunu düşünür: “Digər tərəfdən, bu xəstələrə kömək etmək istəyənlər də az deyil. Ancaq ilk olaraq bu xəstələri cəlbetmə vasitələri düşünülməlidir. Onların cəmiyyətə inteqrasiyasına kömək etmək lazımdır. Bu böyük kampaniyanın bir hissəsidir və bu məqsədlə həyata keçirdiyimiz layihə dörd mərhələdən ibarətdir: Hazırlıq, iştirakçı seçimi, onun icrası və yekun (hesabat xarakterli təqdimat). İştirakçılar müxtəlif qurumları təmsil edə bilərlər. Layihənin sonunda 2- 5 dəqiqəlik (qısametrajlı) filmlər çəkiləcək və ictimaiyyətə təqdim ediləcək. Çunki bu gün insanlar belə mövzularda oxumaq istəməyə bilər. Lakin vizual gorüntü həmişə önəmlidir”.
C.Nəbiyev layihənin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Onun fikrincə, layihə həmçinin şəbəkə yaratmağı da özündə ehtiva edir. Layihənin koordinatoru iştirakçılar seçildiklər gündən müəyyən öhdəliklər götürmüş olacaqlarını vurğulayıb: “Bu öhdəliklərdən biri də onlara keçilən təlim əsasında özlərinin təlim proqramlarını hazırlayıb, digər insanlara ötürməli olacaq. Biz gözləmirik ki, bununla problem aradan qalxacaq. Sadəcə biz aktiv gəncliyin içərisindən ən fəallarını seçib, onların vasitəsilə problemin az da olsa, aradan qaldırılması üçün mümkün variantları tapıb insanlara çatdırmağa çalışacağıq”.
Xatırladaq ki, layihə çərçivəsində çəkilmiş filmlərin dekabrın 1-i- Ümumdünya QİÇS Günü ərəfəsində ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
BƏXTİYAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər