Baxdığım hansısa film haqqında yazmağı düşünməmişdim. Doğrusu, çox film də izləyən biri deyiləm, filmlər mənə oxuduqlarımdan daha az təsir edib. Bir az da filmlərin təsiri altına düşməkdən qorxmuşam, onları həqiqi bir sənət əsəri kimi qiymətləndirməyə mane olmasın deyə, həyatımın bir parçası yox, məhz film kimi qalmasını istəmişəm. Bu, istər bədii film olsun, istər sənədli yanaşmam eyni olub.
Lakin eyni yanaşmanı Sənanın Hekayəsi filminə tətbiq edə bilmədim. Çünki həm mövzu həssas idi, həm də gözləyirdim ki, əyilmiş qəddimizi düzəldənlərlə bağlı monoton təqdimatdan fərqli bir şey bizə göstərilsin. Və nəhayət ki mən istədiyimi tapdım. Ölümlü-itimli dünyada ölümlərin ən şərəflisinə nail olanların mülki həyatlarında da necə ucada olduqlarını göstərdi bizə bu film. O ucalıq ki, onların görünməsi üçün parıltıya ehtiyacı olmayıb, çoxumuz heç əhəmiyyət verməmişik, bəlkə də suni parıltılar içində ucalığı görmək bizə çətin olduğu üçün. Elə filmin başlanğıcında iş yoldaşının dediyi kimi, onu tanıyana qədər mən özüm haqqında çox yüksək fikirdəydim. Bəli şəhidlər əməlləri həm də bizim eqomuzu sındırdı.
Kinorejisor Elcan Məmmədovun çəkdiyi filmin əvvəlindən Sənanın elə mülki həyatdakı böyük ürəyi məni göz yaşlarına qərq elədi. Həm də bu onu göstərdi ki, onlar təkcə yaxınlarını yox elə bütöv cəmiyyəti tək qoyub getdilər. Çünki onların həyatlarına toxunduğu insanlar onların tanıdıqlarının əhatəsindən çox geniş imiş. Müharibə meydanında düşmənə qarşı amansız olmağı bacaran insanların həm də necə də zərif qəlbə malik olmasının hekayəsi buna bir daha sübutdur. Bir atanın imkansızlıq ucbatından uşağına bəhanə ilə çanta ala bilməməsini bu böyük insanın zərif qəlbi dərhal hiss edərdi. Bəlkə hiss edənlər çox olardı amma Sənan təkcə qəlb yox həm də əməl adamı olduğunu göstərdi və o atanı da, övladını da sevindirdi.
Biz neçə-neçə Sənan kimi, fikri, qəlbi və əməli bir və sayı da aramızda çox olmayan insanımızı itirdik. Sənan həm də cismən yaraşıqlıdır, elə digər şəhidlərimiz kimi. Hərdən şəhidlərimizə baxanda, sanki həm də xalq olaraq yaraşığımızı qurban verdiyimizi hiss edir adam. 3000 yaraşıqlı, fikri, qəlbi, əməli, yaraşığı zirvədə olanlarımızın ruhu da zirvəyə yüksəldi
Filmdə bu yaraşıqlılıq özü ilə bərabər başqa acı hekayəni gətirdi ki, bu barədə detallara varmaq adama ağır gəldiyindən sadəcə izləməyi tövsiyə edirəm.
Film Bektaşinin sözü ilə başlayır. “Oxunacaq ən böyük kitab insandır” O Bektaşi ki, təlatümlü dünyamıza çəki düzən verəcək aşağıdakı konsepsiyanın müəllifidir:
“Sevgi varken nefret niye. Barış varken savaş niye. Kardeşlik varken didişmek niye. Dostluk varken düşmanlık niye. Hoşgörü varken bağnazlık niye. Özgürlük varken tutsaklık niye. Adalet varken, haksızlık niye”
Biz xalq olaraq, elə yuxarıdakıların mübarizəsinə qalxdıq. Bəlkə bu haqq davasına görə, bu mübarizəyə layiq ola biləcək ən gözəl övladlarımızı qurban verdik. Amma edəcəyimiz bir şey qaldı. Onları unutmamaq. Necə deyərlər ki, onları unutmayaq ki, Allah da bizi unutmasın. Sənanları unutmamaq, sadə bir şey deyil. Onu unutmamaq elə onun kimi olmaqdır. Lazım gəlsə, bu vətən üçün canından keçəcək qədər cəsur, bir ehtiyac sahibi tanıyacaq qədər həlim, ona yardım edəcək qədər səxavətli olmaqdır. Elə Uca Allahın bizdən istədiyi kimi.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları daima şad olsun
Şəhriyar Əhmədov