Sənətində özündən uca olan aktyor

2379

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov səhnəyə sanki oynadığı rolların ifaçısı kimi yox, prototipi kimi çıxır

Onun 28 il ərzində yaratdığı 100-dən çox səhnə obrazlarının hamısını, təbii ki, görməmişəm. Çünki Habil Xanlarov onları müxtəlif illərdə, müxtəlif şəhərlərdə – Füzulidə, Horadizdə, Sumqayıtda “dünyaya gətirib”. Ancaq gördüklərimdən ən çox yadda qalanı məni öz əzabları-sarsıntıları ilə “silkələyən” iki obraz – onun qardaş və oğul rolları olub. Habili yox, o “qardaş”ı, o “oğul”u hər dəfə yada salanda “o dünyanı” görüb-gəlirəm. Çünki onların heç biri Habilin özü deyil, onlar bir bacının ərk edib-güvəndiyi, şəxsi həyatında yol verdiyi səhvə görə onu… öldürməyə qəlbi yol verməyən sevimli Qardaşı, o biri isə dərdi yeri-göyü parçalayan, ruhu ilə müqəddəs olan, əziz, istəkli olduğu qədər də çarəsizlik içərisində çırpınaraq, bu çaxnaşıq dünyaya nifrət edən bir Ananın ağır, məhşər günündə ona dayaq durmağa qüdrəti çatmayan, xilas edə bilməyən Oğuldur.  Bəli, onlar Habil deyil, Habilin dərdli, yaralı ürəyidir. Bütünlüklə həmin obrazlara verdiyi ürəyi! O ürək ki, vətən-yurd həsrətinin, doğmalarla ayrılığın ən ağrılı anlarını, illərini yaşayıb.

Onun “həyat verdiyi” oğul da, qardaş da əsl Azərbaycan oğullarıdır!

…O gün – bu ilin 25 fevralında bu gen, ucsuz-bucaqsız dünyanın uca göylərinin altında, əlimizin yetmədiyi bir tərəfdə – çox uzaqlarda dağıdılaraq, yerlə yeksan edilmiş, sakinləri amansız, dəhşətli soyqırıma məruz qalmış Xocalının kimsəsiz, köməksiz qaldığı, göylərin bu biri tərəfində – Xəzər sahilindəki qübbəsi altında isə Xocalının harayının hələ də bütün dəhşəti, ağrı-acısı ilə səsləndiyi gün idi, soyuq bir qış günü…

Xocalı şəhidlərinin xatirəsini yad etməyə gəlmiş minlərlə sumqayıtlı burda tarixin heç zaman bağışlanmayacaq o müdhiş soyqırımı sanki öz gözləri ilə görüb, onun dözülməz ağrı-acısnı, sarsıntılı anlarını yaşadılar. Azərbaycanın Əməkdar artisti İlahə Səfərovanın ANA obrazı və istedadlı aktyor Habil Xanlarovun OĞUL rolu o qədər inandırıcı idi ki, sanki aktyorlar rolda deyildilər, Xocalının köməksiz qalmış, bütün dünya tərəfindən unudulmuş biçarələri idilər. Onların ANA-OĞUL doğmalığı-sevgisi, çarəsizlik, çıxılmazlıq içərisindəki sarsıntıları heç kəsi biganə qoymayaraq, Xocalı faciəsini bütün dəhşətləri ilə diqqətə çatdırırdı. Bu iki aktyorun əsl sənətkarlıqla təqdim etdikləri qısa, lakin hamını həyəcanda saxlayan fraqment o qədər təsirli idi ki, bütöv bir faciə tamaşası təsiri bağışlayırdı.

…Ana Oğul ayağına yıxılaraq, düşmən əlinə keçməməsi üçün ondan öz sevimli övladının əli ilə… güllələnməsini, öldürülməsini xahiş edib, yalvarsa da, Oğul bir vaxt onu xoşbəxtliklə, sevinclə dünyaya gətirmiş Ananı dünyadan yox etməyi ağlına belə gətirməyərək, əlində avtomat düşmən üzərinə yürümək, yüzlərlə şəhidin qisasını almaq, Anasını qorumaq, düşməndən xilas etmək istəyir. Fəqət, Ana göz yaşları içərisində yalvararaq, özünü öldürmədən oğlunu təkbaşına düşmən üstünə getməyə qoymaq istəmədiyi məqamda əziz, sevimli övladıı erməni gülləsinə tuş gəlir. İllərlə sevə-sevə böyütdüyü, indi isə al-qan içində çırpınan əziz oğlunu dizləri üstünə, qucağına alan Ananın fəryadı ərşə ucalır…

İstedadlı aktyorların ümumiləşdirilmiş Ana və Oğul obrazlarlnın psixoloji-sarsıntılı daxili aləmlərinə bacarıqla nüfuz edə bilməsi 26 il əvvəlki müdhiş Xocalı faciəsini bütün ağrı-acılı reallığı ilə əks etdirirdi.  Məhz ona görə idi ki, Xocalı dəhşətləri sanki elə indicə baş verirmiş kimi, həmin faciəvi səhnəyə baxanları qəlbən sarsıdır və çoxları özlərini kövrəlməkdən saxlaya bilmir, bəziləri isə hətta göz yaşlarına hakim olmağı bacarmırdılar. Rejissorun sanki əvvəlcədən belə bir dəhşətli səhnənin yaradacağı ağrılı ovqatı əvvəlcədən bilərək, respublikanın Əməkdar artistləri Rauf Ağakişiyevin və Cəlal Məmmədovun diktor monoloqlarına daxil etdiyi, xalqı dözümlü olmağa, mübarizəyə səsləyən “kişilər ağlamaz” çağırışları da bəzi kövrək qəlbli kişilərə “kar etməmişdi”…

Hətta o faciə səhnəsi o dərəcədə ağır idi ki, həmin dramatik “səhnəcik” başa çatdıqdan sonra da aktyorlar obrazlardan, onların psixoloji sarsıntılarından silkinib çıxa bilmirdilər – Ana İlahə xanım Oğul Habili “səhnədən” qucaqlayaraq, çiyninə söykəyərək çıxartmışdı. Bütöv bir tamaşa təsiri bağışlayan, tədbirin ən yadda qalan hissəsi olan həmin faciəvi səhnədən sonra da hamının diqqəti yaxınlıqdakı ağaclıqda qəmli sükunətlə baş-başa dayanmış Ana və Oğulda idi. Və yaxşı ki, onlar sonadək özləri olmadılar, Ana-Oğul oldular. Bu isə hər iki aktyorun yüksək sənətkarlıqları, obrazların psixologiyalarını dərindən duymaları, özlərini unudaraq, qəhrəmanlarının həyatlarını yaşamaları sayəsində mümkün olmuşdu.

Habilin türk dramaturqu T.Özakmanın pyesi əsasında H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, Azərbaycanın Xalq artisti Firudin Məhərrəmovun (“Xocalı” səhnəsi də onun ssenarisi əsasında hazırlanmışdır) səhnələşdirdiyi “Ocaq” pyesindəki Fazil obrazı da bacısı Sevda ilə bağlı qardaş qayğısı və narahatlığı ilə, öz psixoloji  təsiri ilə yadda qalandır. Habilin həmin tamaşada yaratdığı zəhmətkeş və qeyrətli, ata-ana, qardaş-bacı sevgisi ilə yaşayan oğul obrazı öz səmimiliyi, tipikliyi ilə çox ailələr üçün xarakterikdir. Aktyor həyatın sıxıntıları, çətinlikləri ilə üz-üzə qalmış ailəsinin qayğıları ilə yaşayan, onun bütün problemlərini, ağırlığını öz çiyninə götürmüş Fazilin daxili narahatlıqlarını, psixoloji  vəziyyətini, ovqat və düşüncələrini, ürək çırpıntılarını tamaşaçıya sirayət edəcək dərəcədə güclü çatdırmağı, onu səhnədə baş verən hadisələrin bilavasitə iştirakçısı (laqeyd olmayan iştirakçısı!) etməyi özünəməxsus təmkinli səhnə hərəkəti (bəzən də düşüncəli sükutu), davranışı ilə çox məharətlə bacarır. Mühüm anda ailəsi ilə məsləhətləşməməsini, Fazilin xəbərdarlığına baxmayaraq şəxsi həyatında atdığı səhv addım qardaşını qeyrət qisasına təhrik etdiyi bir vaxtda obrazın psixoloji sarsıntılarını, tərəddüdlərini bütün dolğunluğu ilə çatdıran aktyor şikəst, həm də çox sadəlövh bacıya (tamaşada Sevda rolunu gənc, ümidverici aktrisa Şəhla Məmmədova, Ana rolunu isə istedadlı aktrisamız Sədaqət Nuriyeva çox gözəl, təbii, inandırıcı oynayırlar) olan qardaş məhəbbətinin daha güclü olduğuna, buna görə də bəlkə də onu qətlə yetirmək fikrindən son anda daşındığına inandıra bilir. Habilin layiqli, düşüncəli oğul, qeyrətli, qayğıkeş qardaş obrazını – Fazili tamaşaçı az qala birbaşa səhnəyə qalxaraq, bağrına basıb, təşəkkür etmək istəyir.  Aktyorun məharəti də, sənət xoşbəxtliyi də elə budur!

Parta arxasından birbaş Dövlət Teatrının səhnəsinə.

Atasızlıqdan, didərginlikdən, yurdsuzluqdan keçən sənətkar yüksəlişi

…Son 30 ildə nadir bir hadisədir ki, Habil böyük, peşəkar teatr səhnəsinə institut auditoriyasından deyil, birbaşa orta məktəbdən, parta arxasından gəlib, lakin “əliboş” yox, istedadı, psixoloji-həssas duyum bacarığı ilə gəlib. Özü də çox zaman olduğu kimi nə işıqçı, nə də səhnə maşinistinin köməkçisi kimi yox,  20-25 ilin aktyorları ilə bərabər, tam hüquqlu, ştat üzrə çalışan aktyor kimi.

Bu, bəlkə də bir ucu Habilin bəxtinə, zərurətə bağlanan, onun o qədər də boy verəcəyi gözlənilməyən, çox kiçik bir rüşeym şəklindəki istəyindən doğan qəribə, qətiyyən ağla gəlməyən, bəlkə də sanki xüsusi olaraq “qurulmuş” təsadüf nəticəsində olmuşdu.

…O vaxt Habil Füzuli rayonundakı doğma Babi kəndinin orta məktəbinin sonuncu sinfində oxuyurdu. Və onun üçün məktəb illərinin sonuncu, mart tətili idi. Kiçik qardaşının saçını düzəldərkən birdən gözü onun oturduğu stulun yan-yörəsinə sərdiyi “Araz” adlı rayon qəzetində iri hərflərlə verilmiş elana sataşmışdı. Orda bildirilirdi ki, yeni yaradılmış (1989-cu ilin avqustunda) Füzuli Dövlət Dram Teatrı aktyor ştatını tutmaq üçün müsabiqə keçirir. Məktəbin əlaçılarından olan, bədii özfəaliyyət, dram dərnəyində tez-tez çıxış edən, aktyorluğu uzaq xəyal kimi belə fikrinə gətirməyən Habil üçün bu, lap göydəndüşmə olur. Səhər tezdən 35 km. aralıda olan rayon mərkəzinə, Teatra gedib müsabiqənin keçiriləcəyi günü və şərtləri təfsilatı ilə öyrənib, adını iştirakçılar siyahısına yazdırıb, kəndə qayıdır. Və başlayır səylə hazırlaşmağa.

Mayın əvvəllərində keçirilən müsabiqəyə 35-dən çox gənc, hətta orta yaşlı adamlar da gəlmişdi. Habilin C.Cabbarlıdan xüsusi intonasiya ilə ifa etdiyi “Ana” şeiri, Flora Kərimovanın “Bu qatarın dalınca baxma” mahnısına bacarıqla parodiya etməsi və ən başlıcası – ssenarisini özünün hazırladığı “Ana həsrəti” səhnəciyində Ana və Oğulun dilindən onların səsinə uyğun şəkildə, kəskin səs dəyişikliyi ilə (Ananın həlim qadın, oğulun uşaq səsi ilə) danışması imtahan götürənlərin – Teatrın o zaman sevilən aktyorları olan Mələksima Həsənovanın, Allahyar Əliyevin, həmçinin görkəmli xanəndə Ağabala Abdullayevin qardaşının böyük marağına səbəb olur. Habilin istedadı alqışlanıb, razılıq edilsə də, ona heç nə bildirilmir. Yalnız bir gün sonra məlum olur ki, Habil birinci yeri tutaraq, müsabiqənin qalibi olmuşdur. İkinci yeri isə onun sinif yoldaşı, məktəbin dram dərnəyində Habillə birgə “artistlik” edən Tahirə adlı qız tutmuşdu. Və artıq avqustun sonlarında Habilə rəsmi məktub göndərilmişdi ki, sən sentyabr ayından etibarən aktyor kimi Füzuli Teatrına işə qəbul edilirsən. O gün 17 yaşlı Habilin sevincinin həddi-hüdudu yox idi.

Haşiyə. Habilin atası oğlunun incəsənətə, teatra həvəsi olduğunu bilirdi. Ona görə də həmişə ona tövsiyə edirdi ki, dərslərinə yaxşı fikir ver. Və heç vaxt da ailənin böyük oğlu olan Habili ev-eşik, kənd isləriylə məşğul olmağa qoymazdı. Onun üst-başının, geyim-geciminin də qayğısına xüsusi olaraq qalardı. Hətta sinif yoldaşları Habilə paxıllıq, qısqanclıq etmədən, dostcasına deyirdilər ki, sən lap şəhər uşaqlarına oxşayırsan. 

– Bütün qaygılarım, çətinliklərim atam rəhmətə gedəndən sonra başladı, – deyə Habil gözlərinin nəmini gizlətməyə çalışır. – Mənim müsabiqədən uğurla keçərək, Füzuli Teatrına aktyor kimi işə qəbul olunduğumu biləndə atam çox sevinmişdi.  Ancaq ona nə ilk rolumu, nə də ilk maaşımı görmək qismət olmadı. Ağır avtomobil qəzasına düşdüyündən mən işə qəbul olunandan qısa müddət sonra – sentyabrın 19-da həyatla vidalaşmalı oldu.

Habilin Füzuli Dövlət Dram Teatrında ilk rolu tanınmış rejissor-dramaturq Ağalar İdrisoğlunun “Çarəsiz oyun” tamaşasındakı Ötkəm obrazı idi. Özü də həmin rol epizodik yox, baş rol idi! Bu isə teatrda yenicə işə götürülmüş hər gənc aktyora, həm də belə tezliklə nəsib olmur. Bu, teatrda Habilin aktyorluq istedadına verilən ilk böyük qiymət olmaqla yanaşı, həm də yüksək etimad idi. Gənc olmasına baxmayaraq, tapşırılan obrazın xarakterini düzgün, ən kiçik detallara, jestlərə qədər məharətlə göstərə bildiyini nəzərə alan teatrın o vaxtkı baş rejissoru Aqil Novruzov sonradan yeni bir tamaşada – S.S.Axundovun “Eşq və intiqam” əsərindəki baş rolu – Çingiz rolunu da məhz Habilə həvalə edir. Bir müddət sonra isə Habil həmin tamaşada digər bir rolu da – İbadı da oynamalı olur.

Füzuli tamaşaçıları səhnəyə gənc aktyorun gəlişinə sevinərək, onun yaratdığı ilk obrazları maraqla, alqışlarla qarşılayırlar. Lakin aktyorun və onun pərəstişkarlarının sevincli, teatrlı günləri uzun sürmür.

Arazın o tayında, Saatlıda, Horadizdə keçən,

Sumqayıtda davam edən köçgünlük həyatı

1993-cü ilin avqustunda erməni faşistləri Füzuliyə hücum edəndə gənc aktyorun cəmi 20 yaşı vardı. Onların köməksiz qalan kənd camaatı rayonun digər sakinləri kimi əlacsız olaraq İrana, Cənubi Azərbaycanın sərhədə yaxın kəndlərinə, çöllərinə üz tutmuşdular. Arazı körpüdən maşınla, traktorla, piyada keçən qoca-cavan hamının qorxu-təlaşı o qədər böyük idi ki, körpüdə çox böyük sıxlıq, gərginlik yarandığından çaya yıxılanlar, həlak olanlar da az deyildi. Ermənilərin “Alazan” tipli raketləri isə ara vermədən adamların sıx olduğu  yerlərə, hətta İran ərazisinə də düşürdü. Azyaşlı övladlarını xilas etməyə çalışan anaların, ağbirçək nənələrin fəryadı ərşə dirənmişdi. Bakı isə sanki “lal-kar” idi, ordan heç bir kömək yox idi. Digər qarabağlılar kimi Habilgilin ailəsi də İran ərazisində bir qədər toxtadıqdan sonra Saatlı rayonuna pənah gətirməli olmuşdular.

– Ağır, dəhşətli günlər idi, – deyə Habil o sarsıntılı, üzücü günləri ürək ağrısı ilə xatırlayır. – Sağ olsun Saatlı camaatı, bizə əllərindən gələn köməyi etməyə çalışırdılar. İlk vaxtlarda bəzi humanitar təşkilatların formal yardımı ilə bizə sığınacaq üçün çadırlar verilsə də (bizim 7 nəfərlik ailəmizə iki çadır verilmişdi), onlar kiçik ölçülü olduğundan, gecə yatarkən ayaqlarımız çadırdan çöldə qalırdı. Çarpayı-zad olmadığından elə quru, soyuq yerdə yatmalı olurduq. Bizə yardım kimi verilmiş solyarka ilə işləyən kiçik sobalar isə qışda yalnız özlərini isidə bilirdi. Çox acınacaqlı, dözülməz vəziyyət idi. Köməyimizə yenə yerli sakinlər çatırdı. Bizim camaat onlara həmişə minnətdardırlar. Onlardan kimisi çörək, biş-düş, kimisi isti pal-paltar, yorğan-döşək, elektrik peçi gətirir, kimisi çarpayı və s. bağışlayırdı.

O günlər Habil üçün ikiqat ağır və dəhşətli idi. Çünki Füzuli hələ işğal olunmazdan əvvəl atası xəstələnərək, vəfat etmişdi. Evin kişi böyüyü 20 yaşlı Habil olduğundan ailənin bütün ağırlığı, qayğıları da onun üzərinə düşmüşdü. Bu yandan da İrandan Saatlıya qayıdarkən oğlunun ermənilər tərəfindən əsir götürüldüyünü eşidərək, buna dözə bilməyən xalasının ürəyi partlamışdı. Dərd üstünə dərd gəlmişdi. Bütün varlıqları ilə elə-obaya bağlı olan kənd camaatı Habilgilin ailəsinin o bədbəxt, talesiz qadını doğma kənddə dəfn etmək istəyinə qoşularaq, hər addımda düşmənlə üzləşəcəklərindən, məhv ediləcəklərindən qorxmayaraq, kəndə qayıdaraq, xalanı orda el adəti ilə dəfn edib, geri qayıtmışdılar. Bir-neçə gündən sonra isə ara qarışan zaman itkin düşmüş xalaoğlu sağ-salamat qayıdıb gəlmişdi… Ana ürəyi övlad həsrətinə heç bir ay da dözə bilməmişdi…

Ümumilikdə isə ermənilərlə döyüşlərdə Füzuli rayonunun 1100-dən artıq oğlu-qızı şəhid olmuş və itkin düşmüş, 113 nəfər girov götürülmüş, 1500 nəfərə yaxın  isə əlil olmuşdur. 1993-cü ilin dekabrında xalqımızın cəsur oğlu, ermənilərin “qara polkovnik” adlandırdıqları Fətulla Hüseynovun bilavasitə rəhbərliyi ilə Horadiz qəsəbəsi və rayonun bir-neçə kəndi işğaldan azad edilmiş, ermənilər xeyli itki verərək, geri çəkilməyə məcbur olmuşdu.

Bir müddət sonra mənfur düşməndən təmizlənmiş doğma kəndlərinə qayıdan Habil böyük ürək ağrısı ilə ata yurdunun – bir vaxt böyüyüb boya-başa çatdığı evin yandırıldığının şahidi olmuşdu. Yalnız atasının vaxtilə atın ayağını bağladığı, kənddən çıxarkən isə  Habilin evin qapısına vurduğu buxov yanıb-qaralsa da, bir nisgilli nişanə olaraq qalmışdı…

Habilin dərdli-nisgilli xatirəsi:

– Evdə 6 uşaq idik, qardaş-bacılarım məndən kiçik idilər. Ona görə anama həm böyük oğul, həm də ən yaxın dost olmusam. Həmişə ailəsini düşünən, biz uşaqların hər bir qayğısını çəkən atamdan sonra biçarə anamla əziyyətli günlərimiz cox oldu. Talenin üzü dönüklüyündən kəndimiz, rayonumuz düşmən tərəfindən işğal olunanda evsiz-eşiksiz qalıb, qışın şaxtasında, yayın qızmarında çöllərdə – ağır, dözülməz şəraitdə yaşamalı olduq, çox müsibətlər çəkdik. Daha bir müsibətimiz isə 2007-ci ildə anamı da itirməyimiz oldu. Atam kimi o da sentyabrda, ayın 11-də dünyadan köçdü… Gözlənilmədən xərcəng xəstəliyinə tutulmuşdu. Çox ağır əməliyyatdan keçməli oldu. Lakin taleyin amansızlığına bax ki, düz bir il sonra, qardasımın toyuna bir gün qalmis qəflətən təzyiqi kəskin şəkildə azaldı və komaya düşdü. Təəssüf ki, bir daha ayılmadı. Toy üçün gördüyümüz hazırlıq onun yas mərasiminə qismət oldu. Hələ də anamın 40 mərasimindən sonra yuxuma girib, mənə az qala yalvara-yalvara “o gəlinin əli xınalı qalıb, oğul, toy elə, gəlini evimizə gətir” deməsi yadıma düşəndə istər-istəməz kövrəlirəm.  Elə anam deyən kimi də eləməli oldum. “İl”inin çıxmasını gözləməyib, qardasımın toyunu edib, gəlini evimizə gətirdim. O gündən sonra anam yuxuma ancaq gülə-gülə, çox razı görkəmdə gəlirdi (necə də inanmayasan “o dünya” ilə bu dünyanın əlaqəli, bağlı olduğuna?). Yaxsı ki, bu aktyor sənətim var, yoxsa, vallah, bu qədər agılara-əzablara dözmək olmazdı… Anamdan sonra bir bacıma və iki qardasıma da toy elədim. Üçünü də Sumqayıt məktəblərinin birinin həyətində bu gün də yasadıgım bir otaqlı evdən yola salmışam – gəlin, bəy paltarinda!.. Şükür Xudaya! Bu da, görünür, mənim alın yazımdır. Bilirəm ki, .ALLAHın sevimli bəndəsiyəm, ona görə də məni ağır sınaqlara çəkib. Çətinliklə də olsa, bütün sınaqlardan çıxdıqca, “Allahım, Sənə sükürlər olsun!” demişəm. Çünki Anamdan sonra dərdimi dediyim, məsləhət aldığım, yol göstərənim Allahımız olub.

Köçkün Teatrın  didərgin düşmüş kollektivi, didərgin aktyoru 

Hələ 1991-ci ildə, ilk atışmalardan sonra Horadizə köçən Füzuli Teatrı 1993-cü ilin ortalarınadək – erməni işğalınadək orada fəaliyyət göstərmişdi. Habil orada çalışarkən müxtəlif tamaşalarda oynamış, maraqlı səhnə obrazları yaratmışdı. Onun oynadığı baş rollar – “Aydın” tamaşasındakı (C.Cabbarlı) Aydın, “Nəsrəddin”dəki (Y.Əzimzadə) Nəsrəddin, “Hacı Qəmbər”dəki (N.B.Vəzirov) Hacı Qəmbər, “Dərvişin harayı”ndakı (N.B.Vəzirovun hekayəsi əsasında) Dərviş və digər rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, gənc aktyoru daha yaxşı tanıtmış və sevdirmişdi.

1993-cü ilin sonlarında Teatrın direktoru Vaqif Vəliyev respublika televiziyası ilə teatrın işğaldan sonra pərakəndə düşmüş aktyorlarına, kollektivin digər üzvlərinə müraciət edərək, onlardan Sumqayıta gəlib, bir yerə yığılmağı xahiş etmişdi. Habil də doğma teatrın çağırışına qoşularaq, Sumqayıta üz tutmalı olmuşdu. Mədəniyyət Nazirliyinin və şəhər rəhbərliyinin birgə qərarı ilə kollektivin üzvlərinə fəhlə yataqxanasında yer ayrılmışdı. Bir müddət sonra Habilin ailəsinə Sumqayıt məktəblərdən birinin yanında baxımsız qalmış, bərbad vəziyyətdə olan yardımçı bir otaq verilmişdi. Ancaq o vaxt artıq ailəli olan aktyorun ona kömək duracaq bir imkanlı dostu-tanışı da yox idi. Damı yağış sularına tab gətirməyən, qapı-pəncərəsi sınıq-sökük olan həmin tikiliyə isə əməlli-başlı əl gəzdirmək lazım idi. Odur ki…

Gecələr avtodayanacaqda rolların məşqi…

Vəzifəli bir tamaşaçı Habilə baxıb, başını bulayaraq niyə “düz” getdi?..

Həm ailəni dolandırmaq, həm də bərbad vəziyyətdə olan tikilini az da olsa, ev şəklinə salmaq lazım idi. Aktyor maaşı ilə buna nail olmaq mümkün deyildi. Nə etməli? Nəsə bir çıxış yolu tapmalı idi… və tapdı. Gecələr maşın dayanacaqlarından birində gözətçi işi. Ancaq necə olsun? Axşamdan səhər saatlarına kimi gözətçi durub, səhər yuxulu-yuxulu teatra, məşqlərə getmək? Ancaq yaxşı ki, tam yuxusuz qalmayacaqdı – avtodayanacaqda iş günaşırı idi. İki gündən bir kifayət qədər yatıb-dincəlmək imkanı olacaqdı. Bir də ki, axı, rolları əzbərləmək, məşq etmək üçün avtodayanacaqdan daha münasib yer harda tapmaq olardı ki? Beləcə gecələr avtodayanacaqda, gündüzlər isə – Teatrda.

Bir dəfə gecə növbəsini Habilə təhvil verən iş yoldaşı ona demişdi ki, “Habil, bir vəzifəli, yaxşı adam xahiş elədi ki, onun maşınını yuyum, ancaq çatdıra bilmədim. İnciməzsən, onu səhərə kimi yuyub, hazır qoyasan? Zəhmət haqqını verəcək”.

Səhər həmin adam maşınını götürməyə gələrək, onun par-par parıldadığını görüb, məmnunluqla əlini cibinə salıb, gözətçiyə pul vermək istəyəndə qarşısındakının Habil olduğunu görüb, duruxmuş, gözünə inanmayaraq  soruşmuşdu:

– Bu maşını… Siz yumusunuz?

Habil qarşısındakını sürücü kimi yox, daimi bir tamaşaçı kimi yaxşı tanıdığından (o, hər tamaşadan sonra səhnə arxasına gələrək aktyorları, o cümlədən Habili şəxsən təbrik edirdi) bir qədər çəkinərək, “bəli” deyəndə həmin adam nəsə düşünüb, başını silkələyərək, uzatdığı pulu qeyri-ixtiyari qaytarıb cibinə qoyaraq, maşını sürüb getmişdi. Habil fikirləşmişdi ki, yaxşı bir ziyalı kimi tanıdığı həmin abırlı adam bundan sonra onu utandırmamaq üçün daha heç vaxt nə Teatra, nə də bu avtodayanacağa gələcək.

Bir gün sonra isə axşam işə gələn Habillə görüşən növbə yoldaşı ona demişdi ki, o adam dünən gəlmişdi, sənin sənətini çox sevdiyindən səni burda işləyən görüb, çaşıb qalmış, inanmamışdı ki, doğrudan da burda işləyirsən. Düşünmüşdü ki, yəqin burda kinoya çəkilirsən, nədi… Ancaq ona həqiqəti deyəndə kiminsə dalınca söylənərək, əsəbiliklə demişdi ki, heç rəvadır ki, belə istedadlı, bacarıqlı bir aktyor qiymətli vaxtını belə bir yerdə keçirtsin? Onu da demişdi ki, axı, niyə aktyorlara, müəllimlərə, həkimlərə, şair və yazıçılara, jurnalistlərə xaricdəki kimi elə maaş verilmir ki, onların heç nəyə ehtiyacları olmasın, ancaq öz sənətləri ilə məşğul olsunlar? Axı, bu adamlar yaradıcı adamlardır, onların xaricdəki  həmkarları onlardan 5-10 qat artıq maaş alırlar, çox yaxşı da dolanırlar, daha ailəsini yaşatmaq xatirinə gedib gecə-gündüz orda-burda kiminsə maşınını, çəkməsini yuyub-təmizləmirlər.

Sonra iş yoldaşı həmin adamın qat-qat artıqlaması ilə ödədiyi “zəhmət haqqını” Habilə vermişdi. Həmin pulun heç də bütünlüklə “zəhmət haqqı” yox, onun aktyor sənətinə göstərilən hörmət və diqqət nümunəsi olduğunu başa düşmək Habil üçün heç də çətin deyildi…

Bu yaxınlarda həmin əhvalatla bağlı söhbət açanda Habil bildirdi ki, “düzdür, həmin vaxt ilk anda mən bir qədər sıxıldım, öz kasıb taleyimə görə üzüldüm, ancaq bununla belə, xoşagələn olmasa da, hər halda mən öz halal zəhmətimlə pul qazanıb, ailəmi, uşaqlarımı dolandırmağa çalışırdım. Və bu, heç də utandırıcı, qəbahət bir şey deyil…”

Onun səhnə devizi:  özünü unudaraq, obrazın daxili aləmi ilə yaşamaq,

süni effekt yox, təbiilik, inandırıcılıq

Füzuli Dövət Dram Teatrı təxminən 10 ilə yaxın Sumqayıt Dövlət Dram Teatrı ilə eyni binada fəaliyyət göstərdiyindən Habil hər iki Teatrın tamaşalarında müxtəlif rollar oynamalı olmuşdu. Ona görə də mehriban qonşu olan bu teatrların kollektivləri Habili “iki teatrın qəhrəmanı” adlandırırdılar. O, Sumqayıt Teatrında tamaşaçıların sevimli aktyorları – Azərbaycanın  Xalq artistləri Valeh Kərimov, Məzahir Süleymanov, Əməkdar artistlər Kazım Abdullayev, Kamil Məhərrəmov (o, Əməkdar artist olmasa da, Habilin nəzərində ondan da yüksək idi!), İlahə Səfərova, Rauf Ağakişiyev, Fəranə Musayeva, İzaməddin Bağırov və digərləri ilə eyni səhnədə çalışmaqdan qürur duymaqla yanaşı öz rollarını da “yüksək planka”ya uyğun oynamağa çalışmışdır.

Yüksək istedadının və teatr “okeanariyası”na yaxşı bələd olmasının, yaradılan obrazların  psixologiyasını həssaslıqla duyub, tamaşaçılara çatdıra bilmək bacarığının nəticəsidir ki, Habil bu gün də demək olar ki, əksər tamaşalarda rol ala bilir. Özü də qəribədir ki, Teatra təqdim edilən hər bir pyesin oxunuşu zamanı Habil özünü hansı rolda görə bilirsə, məhz həmin rolu da rejissor ona tapşırır. Çünki elə rejissorlar özləri bu və ya digər pyesə təklikdə ilkin nəzər yetirərkən, yaradıcılıq potensiallarından, fiziki – “görkəm fakturasından” asılı olaraq obrazları kimlərin yarada biləcəyini artıq dəqiqliklə müəyyən edə bilirlər.

…Habildə rejissorluq istedadının da olduğunu hiss edən Mədəniyyət Nazirliyinin rəhbərliyi 2003-cü ildə onu iki illik müqavilə üzrə baş rejissor kimi işləmək üçün bir vaxt – hələ 17 yaşında ikən səhnəsində aktyorluq debütünü etdiyi Füzuli Dövlət Dram Teatrına – Horadizə ezam etmişdi. Lakin hər bir teatrın özülünü təşkil edən aktyor sənətinə Habilin vurğunluğu o dərəcədə güclüdür ki, o, Füzuli Teatrında baş rejissor kimi bir-birindən maraqlı əsərləri səhnələşdirməklə yanaşı həmin tamaşalarda ruhuna yaxın olan rolları ifa etməkdən də özünü saxlaya bilməmişdi.

2005-ci ildə yenidən Sumqayıt Teatrına qayıdan Habil o vaxtdan indiyədək bu sənət ocağının fədaisi kimi çalışmaqdadır. O, yaratdığı Surxay (“Toy”, S.Rəhman), Zaur (“Təhminə və Zaur”, Anar), Tehran (“Ağ bayraqlar”, Nodar Dumbadze), Yetim (“Milyonçunun dilənçi oğlu”, Şıxəli Qurbanov), Hüseynqulu xan (“Xacə şah”, Jan Kevr), qoca fermer (“Qarağaclar altında məhəbbət”,  Yucin Onil), Uruz (“Oğuzlar”, “Dədə Qorqud” dastanı əsasında işləyən – F.Məhərrəmov) və s. maraqlı obrazları ilə tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Habilin Qarabağ mövzusu əsasında səhnələşdirilmiş tamaşalardakı rolları da xüsusilə yaddaqalandır. Çünki Habil özü Qarabağda baş verən faciəli, dəhşətli hadisələrin bilavasitə iştirakçısı, qurbanı olmuşdu, torpağı əldən getmiş qarabağlının sarsıntıları, iztirabları onun canından, qanından keçmişdi və o, həmin iztirabları tamaşaçıya daha təsirli çatdıra bilirdi.

Son illərdə müxtəlif televiziya və kino rejissorları da diqqətlərini istedadlı, geniş  spektrli aktyor yaradıcılığına malik Habilə yönəldib.  Artıq o, 10-a qədər çoxseriyalı filmlərdə çəkilib və daha bir-neçə film üzərində çəkilişlər davam etdirilir.

Habilin bu il yaratdığı obrazlardan ən maraqlısı, yadda qalanı isə Azərbaycanın repressiya qurbanı olmuş üç qüdrətli şairin – Hüseyn Cavidin, Məhəmməd Hadinin və Mikayıl Müşfiqin nakam həyatlarından bəhs edən “Zülmətdə nur” tamaşasında  H.Cavidin mükəmməl obrazını yarada bilməsi idi. Həmin tamaşa haqqında geniş danışmayaraq, yalnız onu demək istərdim ki, səhnədə aktyor Habil Xanlarov yox idi, orda… dahi Hüseyn Cavid vardı.  Məncə, elə bu Habil istedadı haqqında çox şey deyir.

Sonda yalnız onu qeyd etmək istərdim ki, Habil vaxtilə çox çətin, ağır günlər yaşasa da, mətin iradəsi və istedadı ilə özündə güc taparaq, ayağa qalxa bilmiş, peşəkar aktyor, gözəl insan, zəhmətkreş və qayğıkeş ailə başçısı kimi (o, 5 övladın atası, 3 nəvənin babasıdır!)  hamının rəğbətini qazanmışdır.

Habilin bir aktyor kimi uğurlarının davamı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi və “BP”-Azərbaycan şirkətinin sponsorluğu ilə 50-dən artıq aktyorun iştirakı ilə çəkilmiş tarixi əhəmiyyətli, kino salnaməmizdə mühüm yer tutacaq “Son iclas” filmində yaratdığı Parlament sədri M.Cəfərov obrazı da onun yüksək peşəkarlığının, aktyor potensialının, sənət ampluasının genişliyinin daha bir təsdiqidir.

 Sənətin ucalıqlarına doğru uğur olsun, Habil müəllim!

Rəhman ORXAN.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər