Qənirə Paşayeva
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Bu gün Dünya Qadın Haqları Günüdür. Amma mən bu gün nə qadın haqlarından, nə qadın haqlarının bəlkə hər gün rastlaşdığımız pozuntularından, nə də qadına təhqir, həqarət etməyi özünə rəva bilən bəzilərindən danışmayacam. Mən bu gün bir KİŞİdən danışacam.
Bəli, Dünya Qadın Haqları günündə mən qadınlardan deyil, bir KİŞİdən danışacam və onu nə üçün bu qədər sevdiyimi anlatmaq istəyəcəm bu qısa yazımla.
O KİŞİnin adı Hüseyndir. Hüseyn Cavid!
Ona nə sevdam bitəcək, nə sayğım, nə də ruhuna etdiyim dualar!
Əziz Cavid!
Səni hər zaman sevəcəm.
Sənə hər zaman rəhmət oxuyacam. Qəlbimdə, ruhumda, düşüncəmdəki yerin bambaşqadır sənin. Təkcə mənimmi? Azərbaycan ulusunun, türk millətinin, dünyanın hər yerində sənin yaradıcılığını, düşüncələrini bilənlərin hamısının qəlbindəsən…
Yüzminlərlə qadın üçün sənin yerin bambaşqadır…
Qadının haqqını tapdayan, pozan (yaxud pozulmasına göz yuman!) hər adama baxanda səni xatırlayacam, səndən danışacam, səni anladacam…
Dünyanın hər yerində qadın haqları ilə bağlı tədbirlərdə, konfranslarda səni xatırlayıb, qürurla səndən danışacam… Bilirsənmi, niyə? Çünki məhz sən dünyanın çox yerində qadınlar adi hüquqlara belə malik olmayanda ondan danışdın, onun hüquqlarını müdafiə etdin və ona elə bir çağırış etdin ki… –
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbr-ü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Sən nəsən?.. Kəndini bil, zəfi burax!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah, eylə mükəddər, məhzun,
Ağla göz yaşların axsın, coşsun!
Ağla , fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm edələr.
“Ağla, həp ağla!” dedim, çox yanlış…
Çınlasın, mövcələnib yüksəlsin
O səsin qüvvəti, təsiri böyük…
Ağla, ta lərzəyə gəlsin yer, gög
Bax, bax insan nə qədər aldanıyor?
Xayır, əsla məni sən dinləmə, dur!
“Ağla, həp ağla!” dedim, çox yanılış.
Ağlamaqdan nə çıxar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qovğaya atıl!
Fəzlü ürfanla mücəhhəz olaraq
Cəhli yıx, qəfləti yax, əczi burax!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!
Sənin çox sevdiyin Anadolu ağzı ilə desəm, əvət, iştə bu! Hətta cəsarətli qadınların bəzi ölkələrdə yeni-yeni səsləndirməyə başladığı bu çağırışı sən bir KİŞİ olaraq etdin! Toplumu düşünməyə çağırdın… Sənin dediklərini qadın haqlarının ünlü müdafiəçisi, yazar, filosof Simona de Bovuar qadınlara müraciətlə illər sonra deyəcəkdi: “Xilasını başqa birində görmək yıxılmağın ən kəsə yoludur” . Sən təkcə Azərbaycan toplumunu, Türk millətini deyil, dünya insanını, bəşəriyyəti düşünməyə çağırdın.
Qadın gülərsə bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Sən Cavid idin və sö¬zünün çəkisi minlərlə insanı düşünməyə vadar edirdi və sən onları qadın haqları barədə düşünməyə çağırdın.
Bu gün Dünya Qadınlara qarşı zorakılıqla Mübarizə Günüdür və mən yenə səni xatırladım…
Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx!
Uyuyan daima mövtlə həmduş oluyor,
Zillü möhnətlə həmaquş oluyor,
İştə sıyrılmada həp zülmətlər!..
Ağarır dan yeri, qalx, iştə səhər!..
Oyan, ətrafını seyr et də düşün!
Bütün övladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bular ruha qida.
Ana övladını bəslər, böyüdür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən?!
***
Əziz qadınlar, sizə səslənən o böyük dahini duydunuzmu?
Əziz kişilər, sizə səslənən o böyük dahini anladınızmı?
Bəli, əziz qadınlar, Cavidin söylədiyi kimi bizim aləmdəki görəvimiz böyük və ağırdır. Mən sizin hamınıza can sağlığı, xoşbəxtlik, uğurlar və haqlarınızı daha yaxşı müdafiə edə bilmək gücü, əzmi, dünyada haqlarınızın daha yaxşı qorunacağı gələcək arzu edirəm!
***
Allah sənə rəhmət etsin, Cavid əfəndi!
Bu arada… 130 yaşın tamam oldu. Yubileyin qutlu olsun! Haqlarını müdafiə etdiyin qadınlar səni təbrik edir!
yazini cox beyendim. Mence de qadin ancaq ozune guvenmeli ve Allahdan basqa hec kimden komek gozlememelidir.