Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərin suallarını cavablandırıb
Bu gün məktəblilərdən ibarət hərbi paradda iştirak edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə şəhərdə həyata keçirilən yeniliklərdən danışıb: “Bu günlərdə cənab prezidentlə telefon danışığımız oldu. Şəhəri gözəlləşdirmək və genişləndirmək üçün öz tövsüyələrini verdi, əlavə vəsait də ayırıb ki, şəhərin mərkəzində çoxmərtəbəli binalar daha da gözəlləşdirilsin. Bakı şəhərindən xüsusi briqada gəlib, onlar layihələr hazırlayırlar, bizə təqdim edəcəklər, cənab prezidentə təqdim olunacaq. Bir sözlə onun tapşırığı əsasında proqram hazırlanıb və realizə olunur”
Qarşıda hansı tədbirlərin həyata keçiriləcəyi ilə bağlı suala cavab olaraq E. Əzizov bildirib ki, şəhər günləri keçirilməsi gözlənilir: “Biz bu ilin sentyabr ayında Sumqayıt günü keçirtmək niyətindəyik. Hesab edirəm ki, Sumqayıt kriativ şəhər kimi çıxış etməlidir. Gənc şəhərdir, maraqlı və əhəmiyyətli şəhərdir. Bu şəhəri ənənələri olan şəhər səviyyəsinə çıxartmaq qarşımıza məqsəd qoyulub və biz bunu icra edirik.”
Şəhərdə yeni islahatların aparılmasına gəlincə Eldar Əzizov bildirib ki, ilk öncə sahibkarlar təbəqəsinin möhkəmləndirilməsi qarşımıza məqsəd qoyulub: “Sahibkarların işinə müdaxiləni yox səviyyəsinə salaq. Bizdə bu yaxınlarda anonim sorğu keçirildi. Demək olar ki, bir-iki anket çıxmaqla bu gün normal əhval ruhiyyə hökm sürür. Amma bu heç də o demək deyil ki, problem yoxdur. Problemlər var, biz onları görürük, bəzilərini yerlərdə açıq mikrafon vasitəsilə hiss etməyə başlayırıq. Bir sözlə işləməliyik. ”.
İcra başçısı Sumqayıt şəhərində məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət “Yeni Sumqayıt” yaşayış massivi salınması xəbərinə də münasibətini bildirib. “Sumqayitxeber.com”-un əməkdaşına açıqlamasında bildirib ki, binalar da insanlar kimidir, ömrünün əvvəli və axırı var:”Kimyaçılar qəsəbəsi adlandırılan yerdə 46-47-ci illərdə müvəqqəti xarakterli 2 mərtəbəli binalar tikilib. Hər birində 8 ailə yaşayır. Bu gün belə bir təklif var ki, dövlət başçısı bu tapşırığı verib, bu binalar gələcəkdə sökülsün, orda yaşayan insanlar üçün dövlət tərəfindən yeni mənzillər alınsın və onun yerində “Yeni Sumqayıt” massivi salınsın.”
Eyvaz Qocayev