Sevgililər günü

2160

Sevgi həyatdır, sevgi yaşamaq deməkdir. Allah yaratdığı canlılardan yalnız insana

sevmək istedadı bəxş etməklə onu canlılar arasında ən yüksək səviyyəyə qaldırıb. İnsan özünü dərk edəndən sevgi də mövcud olub və onun haqqında dünyanın sonuna qədər də yazılsa yenə  az olacaq. Bir insanın əks cinsdən olan insana qarşı yaşadığı hisslər dünyanın ən müqəddəs hisslərindəndir. İnsanın qarnı ac da olsa əgər bir təmiz sevgisi varsa həyatdan zövq ala, “mən xoşbəxtəm” deyə biləcək qədər xoşbəxt ola bilər.

Bəzən deyirlər ki, sevgi nakam olanda daha gözəl, yadda qalan olur. Amma əslində hər şeyin bir məntiqi nəticəsi olduğu kimi, sevginin də məntiqi sonluğu olmalıdır və bu ayrılıq yox, məhz toy olmalıdır.

Amma təəssüf ki, bu gün cəmiyyətmizdə sevgiyə münasibət necədirsə, toya da münasibət elədir. Bəzi oğlanların yalanları sayəsində qızların sevgiyə inamı da tükənib. Çox az sayda qız tapmaq olar ki, onun qəlbi yaralı olmasın, xəyanətin qurbanı olmasın. Çünki əksər oğlanlarımız bu gün daha çox qızla tanış olub “sevgi oyunu” oynamaq yarışına qoşulub. Hamı SMS yazır, amma bu SMS-lər adətən nikah masasına deyil, göz yaşlarına aparır. Hamı sevdiyini deyir, amma çox az bir qism əsl sevginin nə olduğunu dərk edir. Sevgimiz necədirsə toylarımız da elədir. Bu gün Azərbaycan cəmiyyətində toy bir şənlik səviyyəsindən vəzifə, borc səviyyəsinə enib. Yolla gedərkən bir neçə dəfə salamlaşdığın bir nəfərdən toy dəvətnaməsi alanda təəccüblənmək qalıb keçmiş əyyamda. İndi belə şeylər çox adiləşib.

Toylarımız isə cılızlaşaraq iyrənc, gülünc vəziyyətə düşüb. Toya yığışanlar deyib gülsələr də bir çoxları üzündəki riyakarlığı gizlədə bilmir.

Hətta toy sahibini “vaxt tapdı da toy etməyə” deyib qınayanlar da tapılır. Əksər soydaşlarımız toya “pul yazdırıram, gərək doyunca yeyib içim” düşüncəsilə getdiyindən mədəsini zibilxana kimi o qədər doldurur ki, bir neçə gün özünə gələ bilmir. Halbuki toy yemək üçün yox, dost və qohumların əylənməsi, ailə quranların sevincinə şərik olması üçündür. Təəssüf ki, bizim cəmiyyət hələ də toya qarın otarmaq, verdiyi pulu çıxarmaq prinsipi ilə gedir.

Bu stereotipləri dağıtmaq müasir gəncliyin vəzifəsidir. Müasir gənclik feodalizmdən qalma toy ənənəsindən tutmuş yengəyədək keçmişin bütün qalıqlarından imtina etməyi bacarmalıdır. Əgər iki gənc sevib ailə qurursa qapıda kimisə pusquda qoymaq Oksford, Kembric təhsilli Azərbaycan gəncinə, Avropaya inteqrasiya olunmaq istəyən və bu məqsədlə hər il külli miqdarda vəsaiti Avropa Şurası və s. bu kimi qurumlara üzvlük haqqı olaraq ödəyən bir cəmiyyətə yaraşarmı? Əgər yengə institutu sevənlərin bir-birinə etimadından üstündürsə hansı sevgidən danışmaq olar, bilmirəm.

Belə köhnəlik qalıqları ilə həmişəlik vidalaşmaq zamanıdır. Amma bunu qanunlarla etmək olmaz. Bəsdir hər şeyi dövlətdən gözləmək. Dövlət kiminsə toy məsələsinə qarışmırsa heç olmasa onu müasir səviyyəyə özünüz qaldırmağı bacarın. Kredit götürüb toy etməkdənsə, 100-150 manat verib həyatında bir dəfə limuzində gəlin gətirməkdənsə 50-60 nəfərlik yığıncaq keçirin, evə piyada, yaxud taksi ilə gedin, amma xoşbəxt olun, qoy heç olmasa toy axşamı beyniniz maddi problemlərlə yüklənməsin. Axı nə mənası var ki, bu gün Hummerə minib, sabah dayanacaqda saatlarla avtobus gözləyirsən.

Əsl Azərbaycan qızları sevəndə maşına, pula görə deyil, ürəyə görə sevir və onlara layiq olduqları sevgini vermək, diqqət göstərmək lazımdır. Fevralın 14-ü, iyunun 30-u hamısı boş şeylərdir. Sevən üçün bunların heç birinin mənası yoxdur. Sevənlərin günü olmur. Bütün günlər, saatlar sevənlərindir və hər bir cütlüyün öz Sevgililər günü var. Zorla hansısa günü kiməsə Sevgililər günü kimi qəbul etdirmək mümkün deyil. Belə günlər olsa-olsa, sadəcə hədiyyə satanların və manısların işinə yaraya bilər.

8 Mart Qadınlar bayramı nə qədər qadınların bayramıdırsa, 14 Fevral və ya 30 İyun da bir o qədər Sevgililərin günüdür. Kimsə iyunun 5-də tanış olubsa, sevgisinə də cavab alıbsa hansı məntiqlə onlara başqa tarixi Sevgililər günü kimi qəbul etdirmək olar? Azərbaycanın İlham və Fərizə kimi oğul və qızları minlərlədir və bizi qarşıda hələ çox sınaqların gözlədiyini nəzərə alsaq şübhəsiz ki, Sevgililər günümüzün tarixini tez-tez irəli, yaxud geri çəkmək məcburiyyətində qalacayıq. Ona görə də, başqalarının həyatına müdaxilə edib hansısa günü Sevgililər günü kimi qeyd etdirməkdənsə gəlin öz sevgimizə sadiq olaq və heç kimin qəlbini yaralamayaq, yaralı qəlblərə məlhəm olmağı bacaraq.

Qoy sevənlər üçün hər gün Sevgililər günü olsun. Onu bir günlə məhdudlaşdırmayın. Sevdiyiniz xanıma ildə bir dəfə hansısa gün münasibətilə deyinə-deyinə bahalı ətir almaqdansa hər gün səmimi, xoş bir söz deyin, çiçək verin və ən əsası sevginizə sadiq olun. Onlara bundan artıq heç nə lazım deyil.

Xanlar Xoca

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • vero
    Dekabr 17, 2009 - 20:27

    Chox beyendim!Super!(hem movzu,hem de fikirler).Amma bizim cemiyyetin bunu derk etmesi,yani,yaranmish mentiqsiz “pasli zenciri” qirmaq ucun,teessuf ki,iller,belke de,esr:)))lazimdir…

  • GeribAZER
    Dekabr 24, 2009 - 20:53

    Masallah olkemizde her gunun oz ehemiyyeti var…gurtulus,dircelis,baglanis,acilis…oramiza yarasir sevgililer gunu…goresen o gun gelecek ki,Garabag gunu tarixe yazilacag,verdiyimiz torpaglari her il teqvimde girmizi gun kimi goruruk,insallah o ag gun 20-30 ile geler,adlar tegvimden siliner…

  • Lale Mehrali
    Fevral 8, 2010 - 19:54

    Duz fikirlesmirsiniz. 14 fevral beynelxalq exlaqsizliq gunudur. Tarixi oxumaq lazimdir. 30 iyun kimi gwnwmwz ola-ola niye o gunu qeyd etmeliyik?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər