“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 1 aprel 2012-ci il tarixində Sumqayıt şəhər “British Council – Azərbaycan”-nın maliyyələşdirdiyi “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirəcəyi “Səyyar könüllülük məktəbi” layihəsinin təqdimatını etdi. Təqdimatı təşkilatın baş katibi Ramiz Əliyev giriş sözü ilə açıb qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verdi.
Hədəf qrupu 15-25 yaş arası gənclər olan “Səyyar könüllülük məktəbi” layihəsi 2 ay müddətində davam edəcək. Layihə ərzində Sumqayıt şəhərində 15 orta təhsil müəssisəsi və 2 ali təhsil müəssisəsi ilə iş birliyi nəzərdə tutulub. İlk öncə Sumqayıt Dövlət Universiteti və Müəllimlər İnistitutunda tələbələrə təlimlər keçiriləcək. Təlimlərdən seçilən 15 aktiv gəncə sonradan təlimçilər üçün təlim və könüllülük anlayışının əsasları öyrədiləcək. Təlimlərdə iştirak etmiş 15 gənc sonrakı mərhələdə hər biri bir orta məktəbdə 50 şagirdə informasiya sessiyaları keçəcəklər. Başlıca məqsədi Sumqayıt gənclərinə fəal vətəndaşlıq, aktiv həyat tərzi, könüllülük prinsipləri və könüllülük fəlsəfəsi haqqında məlumat verməkdir. Gənclərdə könüllü işə həvəs oyatmaq olan layihə müddətində ümumilikdə 800-ə yaxın gənc könüllülük haqqında məlumat əldə edəcək və layihənin sonunda hər qrup kiçik könüllülük fəaliyyəti hazırlayıb həyata keçirəcəklər.
Qeyd edək ki, bu layihə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının “British Council – Azərbaycan”-nın “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirdiyi ikinci layihədir. “Aktiv vətəndaşlıq məktəbi” adlı ötən ilkin layihədə 3 ay müddətində Sumqayıt gəncləri 8 müxtəlif mövzuda təlimlərdə iştirak ediblər.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Layihənin rəsmi informasiya dəstəyi “168 saat” həftəlik qəzeti və www.sumqayitxeber.com saytıdır.
Layihədə iştirak etmək istəyən gənclər bu linkdən qeydiyyatdan keçə bilərlər: http://bit.ly/HcChEf