“Simurq”un düşərgəsində olduğum 6 günü belə dəyərləndirə bilərəm: ölkə xaricində olduğum səfərlərdən ən maraqsızı… Bəlkə də Azərbaycan futbolunun (ya da azərbaycanlı futbolçunun) real üzünü ortaya qoyan acı fakt olmasaydı, zaqatalalılarla birgə olduğum müddət ərzində yaşadıqlarımı qələmə almağa utanardım. Tez-tələsik vətənə qayıtmaq üçün günləri sayan adam nə yaza bilər ki? Halbuki, ötən il məhz bu vaxt “Neftçi” ilə “Atlantis”də məskunlaşanda tam başqa ab-havanın şahidi olmuş, oteldən, ordakı insanlardan, istirahətdən və işimdən əməllicə zövq almışdım. Hər şey tam başqa cür ola bilərdi. Ancaq bir tərbiyəsizin ucbatından bütün kollektivin əhvalı korlandı. Söhbət “Simurq”un futbolçusu İlkin Qırtımovdan gedir. Keçək mətləbə…
İlkin kimdi?
İlkin İlham oğlu Qırtımov 1990-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Uşaqlıqda futbola nə dərəcədə maraq göstərdiyini təəssüf ki, öyrənə bilmədim. Ancaq son 5 ildə bu idman növünə xüsusi həvəslə yanaşması sonda sarı-qara forma geyməsi ilə nəticələnib. Anası deyilənə görə evdar xanımdı. Atası isə kənd məktəbinin direktorudu. Bəli, direktoru. Yəni, uşaqların tərbiyəsi ilə məşğul olan, onlara savad verən müəllim(ə)lərin başında duran bir şəxs. İlham müəllimlə səhv etmirəmsə, 2 il öncə Zaqatalada hansısa oyundan sonra bir süfrə arxasında əyləşməyim yadıma gəlir. Zənnimdə yanılmıramsa, alicənab, xöşxasiyyətli, “bəli-xeyirli”, aynində kostyum və qalsktuk olan ortaboylu, qaraşın kişi idi ata Qırtımov. Xeyli söhbət etdi, oğlunun futbola xüsusi həvəs göstərməsindən bəhs edib bu yolda ona dəstək verməyimizi istədi. “Müəllim, bacarıqlı futbolçuya canımı da qurban” deyib təcili Bakıya qayıtmalı olduğumu bildirdim.
Tanışalarının dediyinə görə, İlkin heç vaxt atasının puluna, adına, (həmçinin vermək istədiyi tərbiyəyə) ehtiyac duymayıb. Özünü tanıyandan pulu əlinin zəhməti ilə qazanıb, fəhləlik də edib, ofisiantlıq da. Kiminsə qabağına çay aparıb, kimin üçünsə masa təmizləyib.
“Futbolçu kimi 5 ildi “Simurq” və Zaqatala futbolunun uğuru naminə can vermişəm” deyir haqqında bəhs etdiyim cavan oğlan. Maraqlıdı, söhbət hansı zəhmətdən gedir? Pokoranın nailiyyətlərindən sonra tənəzzülə uğrayan “Simurq” son 2-3 ildə tarixinin ən çətin günlərini yaşayırdı. Elitada qalmaq uğrunda mübarizə aparan bölgə təmsilçisi hətta 2010-11 mövsümündə premyer-liqanı tərk etmişdi. Ötən mövsüm isə elitada qalmaq tapşırığının öhdəsindən zorla gəldilər. “Sarı-qaralar” yalnız bu mövsümdə nəisə etməyə çalışır ki, bunun nəticəsində Berti Foqts İlkini Dubayda sınamaq qərarına gəlib. İlkinin futbolçu kimi qazandıqları bundan artıq deyil. Bunları xatırlatmağımın səbəbsiz deyil.
Bəs Leyla?
Yanvarın 20-də Bakını tərk edən 5 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində “Simurq”un icraçı-direktoru Vaqif Əliyev, mətbuat katibi Rüstəm Allahverdiyev, fotoqraf Leyla Səttarova (“Leka” kimi tanınır), operator Nazim Əfəndiyevlə bəndəniz yer almışdı. “22 yaşlı xanım işçinin Antalyada, futbolçuların arasında nə işi var” sualı yolboyu başımdan çıxmırdı. Otelə çatana qədər səbr edib yanımdakılardan bu haqda heç nə soruşmadım. Ancaq elə həmin gün axşam yeməyindən çıxandan sonra klub rəsmilərindən biri ilə qısa dialoqda hər şey məlum oldu.
– Gənc qızın Antalyaya gətirilməsi, həm də futbolçularla eyni oteldə məskunlaşması nəyə hesablanıb?
– Fotoqrafdı, məşqlərdən, oyunlardan şəkil çəkəcək.
– Məgər bu işin öhdəsindən mətbuat katibi gələ bilməz? Axı digər klublar belə edir.
– Qardaş, Leyla şəhid qızıdı. Bunu nəzərə alıb onu işə götürmüşük. Həm də Antalyanı görsün, az da olsa, istirahət etsin deyə özümüzlə gətirdik.
“Lap yaxşı, belə klub rəhbərlərinə eşq olsun!” düşüncəsi ilə həmsöhbətimdən ayrılıb otağıma yollandım. Atam da Qarabağ uğrunda gedən savaşlarda ayaq barmaqlarını itirdiyindən və ikinci qrup müharibə əlili olduğundan, “Leka”ya olan münasibətim yaxşıya doğru dəyişdi. Onu harda görsəm yardım edəcəyimi, bilmədiklərimi başa salacağımı, darıxmağa qoymayacağımı özlüyümdə dəqiqləşdirmişdim. Ancaq…
“Qəhrəman”lar ikisi bir otaqda
Yol yorğunluğumu çıxarmaq və oteldəki ab-havanı bilmək üçün Litvada yaşayan həmkarım Rüstəm Mikayıllı ilə birgə xeyli söhbət edib, daha sonra “Atlantis”i ələk-vələk etdik. Əqrəblər yerli vaxtla saat 1.10-nu göstərdiyindən otağa yollanıb dincəlmək zamanı olduğunu yaxşı dərk edirdim. Beləcə Rüstəmlə birgə futbolçuların qaldığı 1-ci korpusdan çıxıb 2-ci korpusa tərəf yön aldıq (aradakı məsafə təxminən 100 metrdi). Bir də gördük ki, Leyla kefsiz halda əks-istiqamətə, yəni, futbolçuların qaldığı korpusa tərəf gedir. Səbəbini soruşduqda “darıxıram, həm də yuxum gəlmir deyə yata bilmirəm” cavabını eşitdik. Hollda oturmaq istədiyini eşitdikdə onu tək qoymaq istəmədik. Hər halda, mühafizəçilərin, qediyyat şöbəsində çalışanların, təmizlik işləri aparanların hamısının kişi olduğunu düşünüb gənc qıza “çənə yoldaşı” olduq. Bir xeyli söhbət etdikdən sonra kimlərinsə gecə vaxtı bizi birlikdə görüb haqqımızda pis düşünə biləcəyini Səttarovanın diqqətinə çatdırmışdıq ki, cavab gəldi: narahat olmayın, 10 dəqiqədən sonra zalda bir futbolçu görünəcək.
İnanılacaq bir şey deyil, axı gecə saat 2-nin yarısı futbolçunun qeydiyyat şöbəsində nə işi var? Rüstəm “gəlməyəcək”, Leyla isə “gələcək” deyib mərcə girdilər. Uduzan səhər yeməyində udana qulluq etməli idi. Cəmi bir neçə dəqiqədən sonra Rüstəmin xanıma uduzduğu dəqiqləşdi. Liftdən enən İlkin Qırtımov idi. Qolları bədənindən azı 20 sm, ayaqları biri-birindən 30-40 sm aralaşan futbolçunun yerişi adamı vahiməyə salırdı. Bu cavan oğlan sanki qaldığı 3-cü mərtəbədən işğal altında olan torpaqlarımızın geri qaytarılacağını həll edib enmişdi. Bilmirəm kefi yerində deyildi, ya qızı yanımızda görüb qanı qaraldı, hər nə isə, bizə salam vermədi. Telefon qulağında zalda 3-5 dövrə vurandan sonra bizə tərəf yaxınlaşıb arsızcasına oturdu düz Leylanın yanında. Həm də hər iki qollarını yana açaraq. Elə bil səhər saat 8.30-da yerimizdən qalxıb məşqə getməli olan biz idik, o yox. Özündənrazı şəkildə kim olduğumuzu öyrənəndə Rüstəm ona sual verdi: İlkin, gecə saat 2-3-də yatanda səhər necə məşq edirsən? Çox düşünmədən “mən 5-də də yatsam, problem yoxdu”…Aralarında 2 dəqiqəlik “pıç-pıç”dan sonra qız yuxusu gəldiyini deyib digər korpusun yolunu tutunca, millinin üzvü də bizimlə sağollaşmadan, üzr istəmədən, sanki belə də olmalıymış kimi, qalxıb Leylanın arxasınca yollandı. Korpusun qapısından içəri birlikdə daxil oldular, qızın qaldığı ikinci mərtəbəyə də qalxdılar. Futbolçunun fotoqraf xanımın otağına girməsini isə Rüstəm filmlərdəki kəşfiyyatçılara xas üsulla dəqiqləşdirdi. Gecə saat 1.40-da İlkinlə Leyla ikincinin otağında…
“Ayə, sən axşam oteldə olacaqsan, eləmi”
Gördüklərimizdən sonra həmkarımla heç cür özümüzə yer tapa bilmirdik. “Milliyə yenicə dəvət alan futbolçu bu qədərmi qudurub”, “İlkinin tərbiyəsi yoxdu, bəs şəhid qızına nə gəlib”, “indi bizi vecə almayan oğlan, sabah millinin aparıcı üzvünə çevrilsə, başımıza qapaz da vurar ki” kimi fikirlərlə gecə saat 4-də gözümüzü birtəhər yuxuya verdik (deyəsən, onlar hələ də yatmamışdı).
Səhər açılanda İlkini kənara çəkib, etdiyinin düzgün olmadığını, komandanın nizam-intizamına tüpürsə də, yaşımıza (hər ikimiz Qırtımovdan 7 yaş böyüyük) və işimizə hörmət etməyə borclu olduğunu çatdırmaq istəyirdik diqqətinə. Fikirləşdim ki, gecə məni adam yerinə qoymayan insan səhər dediklərimi onsuz da anlamayacaq. Beləcə dolayı yolla başverənləri rəhbərliyin diqqətinə çatdırdıq. Birinin yığmaya yeni dəvət olunduğunu, digərinin şəhid qızı olmasını nəzərə alıb başverənləri qəzet səhifəsinə çıxarmaqdansa, klub daxilində həll olunmasını istədim. Əksinə bundan sonra “qəhrəmanlar”ın bizdən üzr istəyəcəyini düşünürdük, hətta gözləyirdik də. Əvəzində ÇSKA ilə oyunda cəza səbəbindən meydana çıxmayacağını bilən Qırtımov klub rəsmilərinin yanında bəndənizə yaxınlaşıb “ayə, sən axşam oteldə olacaqsan, eləmi” soruşdu. Allaha and olsun, rəsmilərin heç birindən səs çıxmadı.
Oyundan sonra futbolçuların avtobusuna minib yerimizi bərkitmişdik ki, arxadan İlkinin səsi gəldi: başa düşmürəm, bu qə…ləri (pozğun qadınlara yönələn ifadə) avtobusa kim buraxıb? Sözü ünvanımıza götürməyib yenə susduq. Bu dəfə yeməkxanadayıq. Cavan oğlan şam yeməyini yedikdən sonra masadan aralaşıb üzünü biz tərəfə tutdu: nuş olsun, kişilərə. Hər halda, biz də kişiyik düşüncəsi ilə yenə susduq. Əslində atmacalar bizim ünvanımıza idi, sadəcə, 4 aylıq qızımı göz önünə gətirib küçədə böyümüş uşağın səviyyəsinə enməmək üçün dilimi dinc saxladım. Ancaq tərbiyəsizin qudurğanlığı yerə-göyə sığmırdı. Elə həmin gün axşam İlkin bilgisayar arxasında oturub “Simurq” – ÇSKA görüşündəki məqamları dərc edən Rüstəmin yanından keçərək küçə söyüşləri işlədib. Halbuki, evindəkilərə hörmət qoyan “ponyatkalı” oğlan belə etmir. Artıq bunun bir son olduğunu özümüzdə dəqiqləşdirdik.
Qıza görə futbolu atmağa hazırdı
Yeganə çıxış yolu prezident Anak Bəkirova yaxınlaşıb “bizim biletin vaxtını dəyişin, sabah Bakıya qayıdırıq” demək idi. Düşündük ki, klub rəsmilərini saya almayan, tərbiyə sahibi olmayan birini bəlkə prezident “adam edər”. Ehh, sən saydığını say… Gecə saat 12-də futbolçusunu otağndan çağırtdıran Bəkirov təxminən yarım saat onun fikirlərini dinlədikdən sonra üzləşmək üçün bizi də masa arxasına dəvət etdi. Vallah, mən bugünə kimi prezidentin qarşısında oturub ağzındakı burnu boyda saqqızı “gövşəyən” futbolçu görməmişdim. Amma gördüm. Rüstəmin ”əvvəla ağzındakı saqqızı çıxar” iradına İlkinin cavabı əsl səviyyəsinə uyğun oldu: sənlik deyil, özüm bilərəm. Söhbət açıldı, fikirlər dinlənildi, sıra çatdı, Qırtımovun etdiyi əməllərin izahına. Dedi ki, ailəmdə problem var idi deyə yuxum gəlmirdi, ona görə aşağı düşmüşdüm. Bəndənizin “gecə saat 2-də “Leka”nın otağında nə işin var” sualına aldığım cavab isə yetərincə “inandırıcı” göründü: şəkillərim var idi, onları götürməyə getmişdim. Söhbət qızışır, İlkin isə “ayə”, “qaquli”, “brat” kimi müraciətlərlə bizə haqlı olduğunu yeritmək istəyirdi. Yeməkxanada, avtobusda, hollda dediklərinin bizim ünvanımıza olmadığını qeyd edib “sizi söymüşəmsə, peysərəm” söylədi. Xeyli müddətdi utandığından başını qaldırmayan Anar Bəkirov dözməyib İlkini cəzalandıracağını, Leylanı işdən çıxaracağını diqqətimizə çatdırıb aranı sakitləşdirmək istəyirdi ki, ikinci barmağını masaya takkıldadan İlkin dözmədi: Anar müəllim, o qız işdən çıxsa, məni “Simurq”da görməyəcəksiz…
Bu da gecə saat 2-də şəkil götürmək üçün əks-cinsli həmyaşıdının otağına gedən futbolçunun prezidentə etdiyi hədə. Bəkirovun cavabı isə, futbolçusunu sakitləşdirməkdən ibarət oldu. Söhbətin sonunda bütün bunları onun gələcəyi üçün etdiyimizi deyib qəzet səhifəsinə çıxarmaq fikrində olmadığmızı diqqətinə çatdıranda cavabı belə oldu ki, ona nə “Simurq” lazımdı, nə də milli, əsas olan kişi kimi yaşamaqdı. Hətta futbolu atandan sonra yenidən ofisiant işləyə biləcəyini də xüsusi tonda vurğuladı.
Gözünüz aydın, Azərbaycan futbolunda kişi kimi yaşamağı gecə saat 2-də qızın otağına getməkdə görən növbəti tərbiyəsiz yetişir. Daha düşünmür ki, o cür “kişi kimi yaşamağı” it də bacarır, pişik də. Jurnalisti, prezidenti, klub rəsmilərini vecə almayan oğlan 2 il bundan öncəyə kimi atasının köhnə BMW-sini “fırladıb” Zaqatalanın küçələrində kef edirdisə, indi özünün təzə BMW-si var. İlham müəllim isə səhv etmirəmsə, “Prado” sürür.
Daha nə lazımdı, Qırtımov? Maşın var, “kişi kimi yaşamaq” üçün gecə saat 2-də qızın otağına girirsən, Zaqatalada hamı səni tanıyır, milliyə də dəvət almısan. Nəyinə lazım futbol, get, ofisiantlıq et!
Həbib, “Futbol+” qəzeti