Şirinov qardaşları: O maşındakı ailə erməni də ola bilərdi, yenə xilas edərdik – MÜSAHİBƏ

483

Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas edən qardaşlar barədə, yəqin ki, məlumatlısınız. Söhbət Umud və Sabir Şirinov qardaşlarından gedir. 20 ilə yaxındır, Ukraynanın Nikolayev vilayətində yaşayan və xırda ticarətlə məşğul olan qəhrəman qardaşlar Oxu.Az-a müsahibə verib.

Şirinov Umud Adil oğlu 1978-ci ildə, Şirinov Sabir isə 1984-cü ildə Zərdab rayonun Bəyimli qəsəbəsində anadan olub. Qardaşlar deyir ki, atalarının işi ilə əlaqədar Ukraynanın Nikolayev vilayətinə köçüblər:

Umud Şirinov: Ailədə beş uşaq olmuşuq – iki qardaş, üç bacı. Mənim 15 yaşım olanda Ukraynaya getmişik. Orada üç il qaldıqdan sonra vətənə borcumu yerinə yetirmək üçün Azərbaycana qayıdıb hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra yenidən Ukraynaya qayıtdım. Sabir də eyni qaydada. Valideynlərim hazırda Zərdabda yaşayırlar. Orta təhsilliyik. Hər ikimiz ailəliyik .Sabirin bir qızı, bir oğlu, mənim isə əkiz oğlum var.

– Son hadisələrə qədər Ukraynadakı həyatınız necə idi?

Sabir Şirinov: Sadə həyatımız və işimiz vardı. Biz 20 ilə yaxındır, Ukraynada çalışırıq. Özümüzə aid dünyamız var. Heç kimlə işimiz olmaz, evdən işə, işdən evə gedib gəlirik. Qeyri-adi heç bir hadisə olmurdu.

Umud Şirinov: Yanvar ayının 19-na qədər həyatımız olduqca sakit şəkildə davam edirdi. Məlum hadisə isə Ukraynanın Zayçevski kəndi yaxınlığında, axşam saat 19:00 radələrində baş verib. Maşın başqa maşınla toqquşaraq dərəyə yuvarlanıb. Biz yaxınlaşanda gördük ki, yolda adamlar yığılıb. Elə özümüz də az qala qəza şəraitindən qurtulduq. Maşından düşüb həmin adamlarla mübahisə etmək istəyirdik ki, niyə yolda qəza olduğuna dair işarə qoymamısınız.

Birdən uşağın qışqıraraq ağladığını eşitdim. Bir az yaxınlaşanda gördük ki, dərədən aşağı yuvarlanan maşın yanır, ətrafı tüstü bürüyüb. Uşaq da var gücü ilə qışqıraraq ağlayır. Daha vaxt itirə bilməzdik, uşağın o cür fəryadını eşidəndən sonra heç bir şey düşünmədik. Dərhal aşağı endik və maşının arxa şüşəsini sındıraraq uşağı içəridən çıxardıq. Birinci uşağı çıxardıb, tez dərənin yuxarısına qaldırdıq. Maşın qaz balonu ilə çalışırdı və hər an partlaya bilərdi. Mən uşağı yuxarı çıxarana qədər Sabir qadını xilas etdi.

Yenidən onu da qaldırdıq dərənin yuxarısına. Maşında yalnız kişi qalmışdı və o, ön oturacaqların arasında sıxılmışdı. Maşın artıq o qədər alovlanmışdı ki, sözün düzü, yaxınlaşmağa tərəddüd etdik. Amma qadının xahişi ilə bir dəfə də risk edib kişini maşından çıxardıq. Elə 1-2 dəqiqə fərq ilə avtomobil bir anda partladı. Biz dərəni çıxanda maşından qopan parçalar üstümüzə doğru gəldi. Amma şükür ki, heç bir xəsarət almadıq. Daha sonra hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqada cəlb edildi. Hər üçünü ayrı-ayrı xəstəxanalara apardılar. Vəziyyətləri ilə bağlı müntəzəm olaraq maraqlandıq. Səhər onları xəstəxanada da ziyarət etdik. Şükür ki, hazırda vəziyyətləri yaxşıdır.

– Hər ikiniz ailəlisiniz və iki övladınız var. O an uşağın səsi sizi odun içərisinə girməyə vadar edib. Bəs öz övladlarınızı düşünmədiniz?

Sabir Şirinov: Düzdür, hər birimizin iki övladı var. Orada partlayış olsaydı, biz də ölə bilərdik. Amma inanın ki, həmin anı sözlərlə ifadə etmək olmur. Sonradan uşağın adının Maksim olduğunu öyrəndik. Maksimin yanan maşının içərisindən var gücü ilə qışqırıb kömək istəməsinə biganə qala bilməzdik. Allah özü bizə kömək oldu ki, heç bir bədbəxt hadisə baş vermədən o ailəni oradan çıxardıq.

– Ailə sizə bu addımın qarşısında necə təşəkkür etdi?

Umud Şirinov: Biz səhər saat 07:00 radələrində onları xəstəxanada ziyarət etdik. Qadın durmadan təşəkkür edirdi. Ailə yaxınları da çox təlaşlı olsalar da, bizə təşəkkürlərini bildirirdilər. Lakin kişi hadisənin şokunda idi. Hətta ona deyəndə ki, biz səni yanan avtomobilin içərisindən çıxarmışıq, o deyirdi ki, xeyr, mən o avtomobilin içərisində olmamışam. Əsas odur ki, sağlamdırlar.

Sabir Şirinov: Ukraynada bizə qarşı olduqca fərqli münasibət bəsləyirdilər. Hər kəs bu addımı çox yüksək qiymətləndirdi. Ukrayna hakimiyyəti, mediası bizi çox diqqətdə saxladılar. Sağ olsunlar, Azərbaycanda da bizi olduqca xoş qarşıladılar. Harda görürdülərsə, yaxınlaşıb təşəkkür edirlər, şəkil çəkdirirlər.

Biz belə şeylərə öyrəşməmişik, heç kimin xətrinə dəymirik, şəkil çəkdiririk. Amma yenə də deyirik ki, biz insanlıq borcumuzu yerinə yetirmişik. Allah uzaq eləsin, bir də belə hadisə heç kimin başına gəlməsin. Amma yenə olsa, yenə də düşünmədən eyni addımı atarıq.

– Yanan avtomobildəkilər sizinlə ədavət aparan hər hansı şəxslər olsaydı, yenə də həyatınızı riskə atardınızmı?

Sabir Şirinov: O ailənin milliyyətini, kim olduqlarını bilmirdik. Biz bu işi xüsusilə o körpə uşağa görə tərəddüd etmədən görmüşük. Amma bilmirdik axı o maşının içərisindəki kimdir. Orada erməni də ola bilərdi, amma düşünürəm ki, o uşağın səsi, fəryadı daha çox güc gələrdi. Biz “Quran” əhliyik. Bu da bizi digər millətlərdən hər zaman fərqləndirən cəhətdir.

– Sizə heç kim kömək etmədi?

Ümid Şirinov: Mən uşağı və qadını dərədən yuxarı çıxaranda ətrafdakı insanlardan kömək istədim. Çünki onları dərənin üstünə qaldırıb yenidən aşağı düşmək vaxt aparırdı. Lakin kömək edən olmadı. Hər kəs canından qorxduğunu deyərək, kənara çəkilmişdi və bizi seyr edirdi. Biz ailəni çıxarandan sonra uşağı qucağımızdan alıb xəstəxanaya aparmaq istədilər, biz qoymadıq. Onu anası ilə birlikdə təcili tibbi yardım maşını ilə şəxsən yola saldıq ki, təhlükəsizliklərindən əmin olaq.

Uşağın ayağı sınmışdı, qadının da bədənində müxtəlif zədələr vardı. Kişi başından ağır zərbə almışdı.

– Ukraynadan gələn vətəndaşlıq təklifini rədd etməyinizin əsas səbəbi nə idi?

Sabir Şirinov: Əslində, bu gün də Ukrayna hakimiyyəti bizə onların vətəndaşlığını qəbul etməyimizi təklif edir. Lakin bir şərt var ki, biz gərək Azərbaycan vətəndaşlığından imtina edək. Biz isə heç vaxt öz ölkəmizin vətəndaşlığından imtina etmərik. Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman öz millətimizlə, vətənimizlə fəxr etmişik. Azərbaycanlı olduğumuzu hər yerdə deyirik. Bu səbəbdən Ukrayna vətəndaşlığını qəbul etmək fikrimiz yoxdur. Lakin Ukraynada istədiyimiz qədər yaşamaq hüququmuz var.

– Heç düşünürdünüzmü ki, ölkə başçısı İlham Əliyevlə görüşəcəksiniz?

Ümid Şirinov: Əslində, bu məsələyə öz ölkəmizdə də reaksiya veriləcəyini gözləyirdik. Amma ölkə başçısının şəxsən özünün bizimlə maraqlanacağını, görüşəcəyini ağlımıza da gətirməzdik. Bu, bizim üçün böyük şərəf oldu. Elə Azərbaycana da prezident İlham Əliyevin dəvəti ilə gəldik. Burada bizi çox xoş qarşıladılar. Çox böyük diqqət göstərdilər. Ölkə başçısı sağ olsun, bizi “İgidlik” medalı ilə təltif etdi. Biz ona dərin minnətdarlığımızı bildiririk.

– Valideynləriniz sizi görəndə dedikləri ilk söz, reaksiya necə oldu?

Ümid Şirinov: Anam bu hadisədən xəbər tutanda çox həyəcan keçirib. Narahat olub. Görən kimi bizə sarıldı. Atam bir az qapalı insandır. Biz də xasiyyət baxımından atama oxşamışıq. Harada yaşamağımızdan asılı olmayaraq, öz adət-ənənələrimizə sadiq insanlarıq. Övladlarımızı da öz adətlərimiz çərçivəsində tərbiyə edirik.

Sabir Şirinov: Anamız bizi  görəndə kövrəldi. Anam o qədər qorxmuşdu ki, zarafat üçün dedi ki, ikiniz də ölə bilərdiniz. Heç olmasa biriniz gedəydiniz. Niyə ikiniz girmisiniz o odun içinə? (gülür) Ana ürəyidir, nə deyəsən, narahat olur.

– Daha əvvəl bənzər hadisə ilə qarşılaşmısınız, yoxsa bu ilk idi?

Sabir Şirinov: Daha əvvəl də bir qadını yanan avtomobilin içərisindən çıxarmışam.

Təsadüfə bax ki, o da Xerson vilayətindən idi. Qış vaxtı idi, yolun bir hissəsi buz bağlamışdı. Lyuda adlı qadın idi. Maşın idarəetməni itirib yuvarlanmışdı. Qadının zərbədən beyni açılmışdı. Təsəvvür edirsiniz, onun vəziyyəti yadıma düşəndə hələ də pis oluram. Mən öz papağımı onun başına keçirdim ki, onun o vəziyyətdə olduğunu görməyim. Sonra xəstəxanaya aparanda həkimlər müayinə etdilər.

Çox sonra mənə dedilər ki, yaxşı ki, həmin an onun başına papaq keçirmisiniz. Yoxsa soyuqdan beyin hüceyrələri dona bilərdi. O zaman onun həyatını xilas etmək mümkün olmayacaqdı. Sadəcə, bu barədə çox danışmamışdıq. Bu hadisəni də həmvətənlərimiz sosial şəbəkələrdə yazdıqdan sonra mətbuata yayıldı.

– Vətəndən kənarda ən çox nə üçün darıxırsınız?

Ümid Şirinov: Azərbaycanın hər bir daşı üçün, burda yaşayan qohumlarımız üçün darıxırıq. Orda bizim elə də çox dost-tanışımız olmur. Burda bir qonşunun qapısını döyüb bir kömək istəyərsən, onun qarşılığını yüz dəfə artıq qaytarar.

Orda belə münasibət yoxdur. Bizim yeməklərin dadı, bizim millətimizin insana münasibəti heç müqayisə edilə bilməyəcək qədər üstündür. Bizi orada məcbur saxlayan da yoxdur. Sadəcə, həyatdır, belə gətirib. Uşaq yaşlarından atam gedib, bizi də aparıb. İki qardaş çiyin-çiyinə verib kiçik bir iş qurmuşuq.

– Bu gün (fevralın 12-də – red.) Ukraynaya geri qayıdırsınız. Nə vaxtsa ölkəmizə geri dönməyi düşünürsüzmü?

Sabir Şirinov: Vətənindən başqa harada yaşasan da, harada işləsən də, millət olaraq sən həmişə yerli camaatdan seçilirsən. Sənə ikinci şəxs kimi yanaşıldığını zaman-zaman hiss edirsən. Təbii ki, biz də istərdik ki, öz vətənimizdə çalışaq, övladlarımız bizim doğulub, boya-başa çatdığımız rayonu görsün. İşimizi orda qurmuşuq. Özümüz orta təhsilliyik. Bu hadisədən, bizə verilən dəyərdən sui-istifadə etmək istəmirik. Amma əgər normal iş təklifi olarsa, günü sabah ailələrimizi də götürüb Azərbaycana geri qayıdarıq.

Könül Cəfərli 
Foto: Ramil Zeynalov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər