Sizin də dayəniz poliqlotdur?

692

Düzdür, bəzi valideynlər övladlarını dayəyə əmanət etmək fikrindən həmişə uzaq olurlar, ancaq bağça və məktəbəqədər tədris evləri bu sahədə çoxlarının köməyinə çatır.

Elə valideynlər də var ki, övladlarını kollektiv şəraitdə yox, fərdi tərbiyə ilə böyütmək istəyirlər. Bu zaman yada dayə düşür. Siz özünüz, ətrafınızdakı qohumlar, tanışlar dayə seçəndə nəyə üstünlük verirsiniz? Xarici görünüşünə? Bacarığına? Xasiyyətinə? Səbrinə? Davranışına? Dilinə?

Bu gün xaricidilli dayələrdən yazmaq qərarına gəldik.

İndi istənilən işədüzəltmə bürosuna müraciət etsən, “Mən dayə kimi fəaliyyət göstərmək istəyirəm” desən, səndən təcrübəndən çox, dil bilib-bilməməyin barədə soruşulacaq. Belə ki, rus, ingilis və ya başqa bir dili bilən dayələrə tələbat getdikcə artdığından işədüzəltmə agentlikləri daha çox bu cür bacarığı olan dəyələrlə işləməyi üstün tutur. Çünki onları işə düzəltməklə daha çox qazana bilir. Dayələr indi bir növ şəxsi pedaqoq rolunu oynayırlar. Onların çoxu uşağın gündəlik bütün tələbatlarını – yeməyini, geyməyini, gəzməyini, təmizliyini – bir sözlə, bütün istəklərini yerinə yetirməklə yanaşı, ona dil də öyrədir.

2 yaşlı əkizlərin anası Anya Naumova deyir ki, uşaqları rusdilli olduqlarından onlara qulluq edəcək dayə də rus dilini bilməlidir. Amma rus əsilli ana övladlarına rus dayənin baxmasını istəmir: “Rus qadınlar içki içdiklərinə görə belə dayələrə ümid edə bilmirəm, amma azərbaycanlı qadınlar az-az hallarda içki qəbul edirlər, uşaq onların yanında güvəndə olur. Düzdür, bəzi rus dayələr daha intellektlidir, amma yenə də iş vaxtı içə və uşağı nəzarətsiz qoya bilərlər. Dayəmiz azərbaycanlıdır, amma rusdillidir. Bizə əsas olan da bu iki amildir, üstəlik, bir qədər də ingilis dili bilir, uşaqlar böyüdükcə öyrədəcək”.

Dayəni işədüzəltmə agentliyi vasitəsi ilə tapdığını deyən gənc ana bu xidmət üçün ödədiyi pulun miqdarını açıqladı: “Dayəyə 400 manat məvacib ödəyirik, amma işədüzəltmə agentliyinə də 100 manat verdik, çox alırlar”.

Yazımız üçün internetdə bir qədər “gəzişib” işədüzəltmə agentliklərinin saytlarındakı elanlara da nəzər saldıq. Bir neçə nömrə götürüb əlaqə də saxladıq. Özünü Valeriya Sergeyevna kimi təqdim edən dayə olduqca mülayim və mehriban səslə söhbət etdi. Ona övladıma dayə axtardığımı dedim, həm öz evində, həm də bizim evimizdə uşağa baxa biləcəyini dedi. Dayənin sözlərinə görə, uşaqla yalnız rus dilində ünsiyyət quracaq və valideynlərdən də yalnız bu dildə danışmağı tələb edəcək: “Oğlunuza həm də məktəbəqədər hazırlıq dərsləri verəcəm, məktəbə getməmişdən bütün hərfləri tanıyacaq. Siz də bilirsiniz ki, indi xaricidilli dayə tapmaq həm çətindir, həm də bahadır. Mən yalnız 400 manat tələb edirəm, bu, gördüyüm işin müqabilində çox az məbləğdir”.

Agentliklərdən başqa, fərdi elan yerləşdirən dayələr də var və onlar öz əlaqə nömrələrini saytlarda, bloqlarda qoyublar. Belə nömrələrdən bir neçəsi ilə əlaqə saxladıq. Özünü Aleksandra kimi təqdim edən rus dayə 8 ildir dayəlik etdiyini dedi. Onun sözlərinə görə, əvvəlcə Türkiyədə, Kiprdə, İranda işləyib, Azərbaycanda cəmi bir ildir fəaliyyət göstərir: “Burada yaşamaq və işləmək üçün icazə almaq bir qədər çətindir, sənədləşmə uzun çəkdi. Amma indi bütün sənədlərim qaydasındadır və rahat işləyirəm. Uşaqlara onların evində baxıram, çünki burada kirayə yaşayıram və mənzil şəraitim evimdə baxmağa imkan vermir. Valideynlər rusdilli olduğuma görə uşaqlarını verirlər baxmağa, yeganə üstünlüyüm də yəqin ki, budur”.

Başqa bir nömrəyə zəng edirəm, bu dəfə öz dilimizdə cavab eşidirəm. Özünü Mehriban kimi təqdim edən həlim səsli bir qadınla danışdıq. Dayə axtardığımı və ən azı, iki xarici dil bilən dayəyə ehtiyacım olduğunu dedim. Cavabında bildirdi ki, o, rus və alman dillərini bilir: “Bu iki dili mükəmməl şəkildə bilirəm, amma mən 4 yaşından kiçik uşaqlara baxmıram, kiçiklərlə işləmək, dil öyrətmək çətindir”.

Oğlumun 5 yaşı olduğunu və rus dilini bir qədər bildiyini deyirəm. Mehriban xanım razılaşır: “Onda çətin olmayacaq, alman dili üçün də vaxt qalacaq. Həm də oğlan uşaqları ilə dil öyrənmək asan olur, qızlar oynamağa, əyləncəyə meylli olurlar”.

Həftədə 6 gün, gündə 8 saat uşağa baxa biləcəyini deyən dayə bunun müqabilində 500 manat tələb edir: “İnanın ki, bu çox az məbləğdir, iki dil öyrətmək, üstəlik, bütün tələbatlarını ödəmək asan deyil. Bu qiymətə iki dil öyrədən dayə tapmağınız da çətin olacaq”. Mehriban xanıma təşəkkür edib, ona yenə zəng edəcəyimi deyib dəstəyi asıram.

Növbəti zəngi dayələrin işə düzəldilməsi və peşəkarlığının artırılması üçün xüsusi kurslar təşkil edən bir agentliyə etdim. Onun telefonunu da internetdəki elandan götürmüşdüm. Səlis danışan, mehriban səsli bir qız təəssüflə hazırda xaricidilli dayələrinin olmadığını dedi. O bildirdi ki, belə dayələrə tələbat çoxdur, ona görə də heç vaxt boş qalmırlar: “Amma bir ay gözləsəniz, sizə yeni kurslarımızın məzunlarından yaxşı bir dayə ayırarıq, lap gəlib özünüz seçərsiniz”.

Dayəlik xidməti göstərən başqa bir büro ilə də əlaqə saxlayıram. Bu dəfə telefonuma bir kişi cavab verir. O özünü büronun rəhbəri kimi təqdim edir. Ən azı, bir xarici dil bilən dayə axtardığımı deyirəm. O, təəssüf etdiyini deyir: “Hazırda boş olan 6 peşəkar dayəmiz var, amma onların hamısı yalnız azərbaycandillidir”.

Sosioloq-alim Əhməd Qəşəmoğlu deyir ki, kiçikkən hər bir uşağın formalaşmasında, özünü və milli kimliyini dərk etməsində öz ana dilinin böyük rolu var. Çünki uşağın öz doğma dilini necə öyrənməsi onun bütün həyatına təsir edir. Ə.Qəşəmoğlu deyir ki, uşaqları rusdilli, ingilisdilli və ya digər dildə tərbiyə verən dayəyə əmanət etdikdə özümüz də bilmədən onu çox vacib və mühüm olan bir sərvətdən məhrum edirik: “Bu sərvət energetik sahədir. Çünki danılmaz faktdır ki, əgər insan öz dilini daha mükəmməl, dərindən bilirsə, onda həmin energetik sahə daha güclü olur”.

Sosioloq deyir ki, dilə olan sevgi vətənə olan sevgidir: “Siz bir təsəvvür edin: dili heç bilməyən adam və yaxşı bilən bir adam. Onların ikisi arasındakı fərq bilirsinizmi nədir? Onların fərqi ondadır ki, birinci ikinciyə nisbətən daha az vətənsevərdir. Daha aydın desəm, öz dilini mükəmməl bilməyən gənc “görəsən, necə azərbaycanlı olmaq olar?” sualına cavab tapa bilmir”.

Dayələrin dil məsələsinə gəlincə isə alim bildirir ki, xaricidilli dayələrin olması mənfi yox, müsbət tərəfdən də dəyərləndirilməlidir. Çünki onların uşaq tərbiyəsinə və tədrisinə müsbət təsiri danılmazdır. Sosioloq deyir ki, əsasən rusdilli dayələr daha çox mütaliə edir, dünya və hadisələr haqda daha məlumatlı olurlar. Buna görə də belə dayələr hərtərəfli inkişaf etmiş insanlardır. Alim deyir ki, öz dilindən başqa dil bilməyən uşaqların gələcəyi və dünyagörüşü də çərçivələnmiş olur.

Nilufər
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər