“SOCAR Polymer” zavodları Azərbaycanın qeyri-neft gəlirlərini 19 faiz artıracaq

1407

Son bir neçə il ərzində Azərbaycanda dövlətin və fərdi investorların sərmayəsi nəticəsində neft-kimya sənayesi yeni dirçəliş mərhələsinə qədəm qoyub. Bu gün ölkədə 20-yə yaxın nəhəng kimya müəssisəsi işləyir ki, onların da dörddə üçü dövlətə məxsusdur.

Oxu.Az xəbər verir ki, “Azərkimya” neft-kimya kompleksinin əsas müəssisələrinin modernləşdirilməsinə paralel olaraq Sumqayıt Kimya Sənaye Parkında (KSP) yeni və daha perspektivli kimya müəssisələri yaradılır.

Təkcə “SOCAR Polymer” layihəsi çərçivəsində tikilmiş polipropilen zavodunun il ərzində ölkəyə 350 milyon dollar gəlir gətirəcəyi bildirilir.

Qeyd edək ki, bu məhsullarda əsas xammal neft və qaz olduğundan yüksək dəyər zəncirinə malikdir. Yəni Azərbaycan xammal şəklində ixrac etdiyi neft və qazı artıq özü məhsula çevirərək, 2-3 dəfə baha qiymətə sata və gəlirlərini daha da artıra biləcək.

Neft sahəsində tanınmış ekspert İlham Şabanın sözlərinə görə, əlavə dəyərin formalaşması qazda 2,5-3 dəfə, neftdə isə iki dəfə təşkil edir.

“Biri var ki, xam neftin tonunu 500 dollara satasınız, bir də var, neft məhsulu şəklində 900-1000 dollara. Açıqlamalara görə, 5-6 il müddətində çəkilən xərclər ödəniləcək və müəssisələr tam mənfəətə keçəcək”.

İ.Şabanla söhbətimizə əsasən, Azərbaycan 2005-2014-cü illərdə neftdən 100 milyard dollardan artıq gəlir əldə etmişdi. Bu vəsaitlərin bir hissəsi infrastrukturun qurulmasına sərf olunsa da, bir hissəsi Azərbaycana yüksək gəlir gətirəcək sənaye sahələrinin yaradılmasına yönəldildi və bu, düzgün strateji hədəf idi.

“Çünki hökumət bilirdi ki, bir müddət sonra neft hasilatı azalacaq və ölkənin əsas gəlirləri karbohidrogenlərin xam şəkildə satılmasından formalaşdığından gəlirlərin həcmi kəskin azala bilər. Çünki klassik baxımdan 60-70-ci illərdə neft-qaz ölkələri bu cür çətinliklərlə üzləşiblər.

Belə bir yol götürüldü ki, Azərbaycanda sənayeləşmə prioritet hədəf olsun, çünki bu, həmin gəlirləri müəyyən qədər əvəzləyə bilər, həm də əhalinin məşğulluğu, gəlirlilik səviyyəsi baxımından daha səmərəlidir.

Düzdür, tez bir zamanda effekt vermir, çünki hər bir zavodun açılması böyük vəsait tələb edir və yatırılan sərmayənin geriyə qayıdışı 10 ilədək vaxt çəkir. Ancaq bu, inkişaf etmiş ölkələrin keçdiyi bir yoldur”.

Azərbaycanın ən böyük sənaye şəhəri olan Sumqayıtın potensialından istifadə edilməsi, burada neft kimyası, yeniliklərdən biri kimi qaz-kimya sənayesinin inkişafı nəticəsində “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının fəaliyyətə başlaması Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.

Ekspert hesab edir ki, sənaye potensiallı texnoloji parkların istifadəyə verilməsi öz növbəsində bir iqtisadi zəncirdir.

“SOCAR Polymer” istehsalatda xammal kimi naftadan istifadə edir, hansı ki, Heydər Əliyev adına zavod ona bu məhsulu verir.  Nəticədə, yüksək sıxlıqlı polietilən və digər kimya məhsulları istehsal edilir. Vurğulamaq istərdim ki, nə sovet dövründə, nə də sonra Azərbaycanda o cür polimerlər istehsal olunmuşdu.

Karbamid zavodu isə xam qazı gübrəyə çevirir ki, Azərbaycan hər il təqribən 100 milyon dollaradək mineral gübrəyə vəsait xərcləyirdi, ancaq indi həm daxili tələbatı ödəyəcək, həm də mineral gübrələrin ixracından 150 milyon dollaradək gəlir götürəcək.

Görürsünüz, bu iki müəssisənin ölkə üçün nə qədər xeyri var?! Bu da hələ son deyil, “SOCAR Metanol” zavodu istifadəyə verilib. Zavod xam qazı neft məhsuluna çevirir və qonşu Türkiyə və Qara dəniz hövzəsi ölkələrinə sataraq, ölkəyə valyuta gətirir”.

Xatırladaq ki, “SOCAR Polymer” şirkəti 2013-cü ildə ölkədə kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə yaradılıb: 25 oktyabr 2015-ci ildə “SOCAR Polymer”in birinci mərhələsinin təməli qoyulub və üç ildən də az müddət keçəndən sonra dövlət başçısının iştirakı ilə müasir və yüksək texnologiyalı obyektlər istifadəyə verilib. Bu, son 40 ildə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk bu cür irimiqyaslı layihədir.

Sumqayıtdakı yeni zavod ildə 19 növdən 184 min ton polipropilen və 12 növdən 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Yüksək sıxlığı olan polietilenin təxminən 70%-i Türkiyənin, Çinin və Avropanın iritutumlu bazarlarına ixrac ediləcək.

Ümumiyyətlə, “Azərkimya” İB modernləşmə çərçivəsində son 5-6 il ərzində etilen-propilen zavodunun yenidən qurulması və avadanlıqlarının yenilənməsi prosesini gerçəkləşdirib. 2020-ci ilin birinci yarısında müəssisələrin modernləşdirilməsinin və yenidən qurulmasının bütün mərhələlərini başa çatdırmaq planlaşdırılır.

Beləliklə, il yarımdan sonra Sumqayıtda tam tsikldə yüksək əlavə dəyər payına malik məhsullar istehsal edən ixracyönümlü neft-kimya müəssisələri kompleksi işləyəcək. İlkin hesablamalara görə, “SOCAR Polymer” zavodlarının fəaliyyətə başlaması ilə Azərbaycanın qeyri-neft sektorunun ümumi ixrac gəlirləri 19% artacaq.

Qeyd edək ki, “SOCAR Polymer” ölkənin neft-kimya sənayesində dövlət və özəl sektorların əməkdaşlığı şəraitində qurulan ilk şirkətdir. Belə ki, sərmayələrin 60%-i Rusiyanın “Qazprombank”ı tərəfindən təmin edilib, qalan hissə uyğun olaraq SOCAR, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq”ə məxsusdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər