Soçi görüşünün nəticələri Azərbaycanın maraqlarına tam uyğundur!

657

Ötən həftə dünyanın diqqəti Rusiyanın Soçi şəhərində idi. 26 noyabr tarixində Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Üçtərəfli görüşdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş oldu. Söçidə keçirilən hər bir görüş müzakirə olunan məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşlərdə mühüm məqamlara, eləcə də  Rusiya Azərbaycan münasibətlərinə toxunuldu, eyni zamanda üçtərəfli görüşdən sonra birgə bəyanat imzalandı.

Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Münasibətlər bütün istiqamətlərdə qarşılıqlı maraqlar əsasında sürətlə inkişaf edir. İki ölkə arasındakı ticarət dövriyyəsi ildən-ilə artır. İqtisadi əməkdaşlığa, o cümlədən işgüzar dairələr arasında böyük qarşılıqlı maraq var. Münasibətlər bir çox sahələri əhatə edir. Hazırda iqtisadiyyat, nəqliyyat və humanitar əməkdaşlığın əksər sahələrində 7 yol xəritəsi icra olunur.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı ikitərəfli münasibətlərin inkişafına toxunaraq bildirdi ki, ikitərəfli formatda çox məsələləri həll edilib və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik.

Ölkə başçısı görüş zamanı bildirdi ki, ötən il ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli formatda çox məsələlər həll olunub. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında münasibətlərin normallaşmasına səy göstərilir.

Görüşdə vurğulandı ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır.

Çıxışlarda qeyd olundu ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib. Bütün bunlar göstərir ki, iki ölkənin rəsmi şəxsləri arasındakı qarşılıqlı səfərlərin dinamikası yüksəkdir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ötən il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Ölkə başçısı Soçidə bir daha bəyan etdi ki, Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın.

Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkə arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.

Ölkə başçısı mətbuata bəyanatla çıxış zamanı humanitar normalara riayət olunmasının vacibliyini vurğuladı: “Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik”.

26 noyabr Bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üç tərəfli görüşün nəticələri ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Beləliklə, Azərbaycan qarşısına qoyduğu məqsədlərə Soçidə nail oldu.Belə ki, Bəyanatda Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsir və girovlar məsələsinə toxunulmur, Qarabağ ifadəsi isə yoxdur. Eyni zamanda bəyanatda sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub.

Ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər.

Beləliklə, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb. Rusiya prezidentinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətməsi Azərbaycanın maraqları baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin artırılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, habelə Rusiya Federasiyasının köməyi ilə sərhədlərin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində addımların atılması öz əksini tapıb.

Bəyanata əsasən 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir.

Noyabrın 26-da imzalanmış sənəddə Minsk Qrupu ilə bağlı bir dənə də olsun bənd öz əksini tapmayıb. Həmsədrlər institutu koordinasiyalı fəaliyyət göstərə bilmir və nəticədə onun fəaliyyəti formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha fəal və təşəbbüskardır. Beləliklə, status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəmindən çıxarılıb. Sənəd Azərbaycan dövlətinin qətiyyətli mövqeyini bir daha nümayiş etdirir.

Beləliklə Soçi görüşünün nəticələrinə nəzər saldıqda deyə bilərik ki, bu görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir. Bəyanat, eləcə də Soçidə səslənən fikirlər Azərbaycanın mənafeyinə tam cavab verir və qalib ölkə kimi maraqlarına uyğundur.

Soçi görüşü eyni zamanda Azərbaycanın illərdir əməkdaşlıq və regional sülhə dair təkliflərinin doğruluğunu təsdiqlədi . Görüşdə Ermənistan tərəfi də anladı ki, Rusiya onların istədikləri mövqedən çıxış etməyəcək.

Mönsüm Alışov, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü,  pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər