“Son 17 ildə Azərbaycanda səhiyyə xərcləri dəfələrlə artıb” – TAHİR MİRKİŞİLİ

1463

Prezident İlham Əliyev  6 iyul 2020-ci ildə yerli telekanallara verdiyi müsahibədə bir çox məqamlara toxundu. Ölkə rəhbəri müsahibəsində son illər səhiyyə sektorunun inkişafı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr,  pandemiya dövründə Azərbaycan iqtisadiyyatının vəziyyəti, bu il büdcə xətti ilə reallaşan sosial layihələr və digər mühüm məsələlər ətrafında geniş məlumat verdi.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsini şərh edib.

Tahir Mirkişili bildirib ki, ölkə əhalisinin keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrə uyğun olaraq ötən 17 il ərzində ciddi naliyyətlər əldə olunub: “Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı məhz prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. 2003-cü ildə səhiyyəyə ayrılan xərclər təqribən 70 milyona yaxın idi. Həmin dövrdə mövcud səhiyyə infrastrukturu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək mümkün deyildi. Prezidentin ölkədə səhiyyə sistemini dirçəltmək üçün müəyyən etdiyi kursun əsas istiqamətlərindən birini hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin artırılması təşkil etdi. 2008-ci ildə – yəni İlham Əliyevin birinci prezidentlik müddətinin sonunda dövlət büdcəsindən səhiyyəyə ayrılmış vəsaitlər 558 milyon manata çatdı. Bu, beş il ərzinə səhiyyənin büdcəsinin 8 dəfə artması demək idi. Dövlət büdcəsindən səhiyyə sektoruna yönəldilən vəsaitlər ilk növbədə ən zəruri ehtiyaclara – xəstəxanaların əsaslı təmir olunmasına və yenilərinin tikilməsinə, köhnəlmiş tibb avadanlıqlarının yenilənməsinə, tibb kadrlarının hazırlanmasını təkmilləşdirməyə yönəldildi.

Millət vəkili vurğuladı ki, son 17 ildə Azərbaycanda səhiyyə xərcləri dəfələrlə artıb: “2020-ci il  səhiyyə sahəsinə ayrılan vəsait 2019-cu illə müqayisədə 31 faiz artaraq təqribən 1 milyard 400 milyon manat təşkil edir. Beləliklə, prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin nəticələrindən biri olaraq  2003-cü illə müqayisədə Azərbaycanda səhiyyə xərcləri dəfələrlə artmış oldu. Məhz bunun nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi altında son 17 il ərzində ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikildi və ya əsaslı şəkildə təmir edildi. Bölgələrimizdə 2004-2020-ci illər ərzində 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edildi. Prezident İlham Əliyevin ötən 17 il ərzində səhiyyəyə ayrılan xərcləri müntəzəm olaraq artırması nətəsində Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti həmin dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

T.Mirkişili qeyd edib ki, Covid-19 pandemiyası dövründə də dövlət lazımi tədbirlərə davam etdirir: “Modul tipli beş xəstəxana qısa müddət ərzində hazırlanaraq istifadəyə verildi. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Fevral ayında ölkəmizdə cəmi altı laboratoriya var idi. Bu gün ölkəmizdə laboratoriyaların sayı 29-a çatıb və qısa müddət ərzində labaratoriyaların sayının 44-ə çatacaq ki, bu da koronavirusla mübarizədə çox önəmlidir”.

Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.

Tahir Mirkişili bu məsələyə də toxunaraq bildirib ki, 2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 ABŞ dolları olub: “Bu 19 milyard manatdan 11.3 milyard manatı dövlət büdcəsinə köçürülüb, 200 milyon manatı isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib. Əgər neftin qiyməti 14 ABŞ dolları  olsa idi, nə baş verərdi? Təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən 3 milyard manat olacaqdı. Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunu gəlirləri 7.4 milyard manat olacaqdı. Heç bir xərcləri ixtisar etməsək və neft fondundan dövlət büdcəsinə köçürmələri 2019-ci ildəki kimi yüksək səviyyədə saxlasaq, onda təqribən 4 milyard manat çatmayacaqdı (11.4-7.4). Bu da 2.35 milyard dollar edir. Heç bir əlavə tədbirlərin görülməməsini fərz etsək, Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard  dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqin illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etməzdi. Yəni, neftin qiymətinin 14 ABŞ dolları olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq islahatları və qeyri-neft sektorunu inkişadı tempini nəzərə alsaq onda mənzərə xeyli daha yüngülləşir”.

Tahir Mirkişili mətbuata açıqlamasında Pandemiyanın iqtisadiyyata vurduğu zərər və bu sahədəki mövcud vəziyyəti də şərh edib: “Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Xatırladım ki, hələ bir neçə ay əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və bu məbləğ 3,5 milyard manata çatdırılıb. Hazırlanmış proqramlar əsasən 3 istiqaməti özündə birləşdirir. Birinci istiqamət pandemiyadan zərərçəkmiş sahibkarlara birbaşa verilən kompensasiyalardır ki, artıq həyata keçirilib. Üstəlik, fərdi sahibkar kimi 130 min sahibkar bu dəstəkdən faydalanıb. Bu mexanizm çərçivəsində pandemiyadan zərərçəkmiş sahələrdə çalışan sahibkarlara işçilərini ixtisar etməməsi üçün əməkhaqqının böyük bir hissəsi dövlət tərəfindən ödənilib, təxminən 210 min muzdlu işçi bundan faydalanıb. İkinci istiqamət daha uzunmüddətli, bütövlükdə 2020-ci ili əhatə edən vergi və sosial sığorta haqlarının ödənilməsini əhatə edir. Qanunvericilikdə edilən dəyişikliklərə görə cari il ərzində sahibkarların böyük bir hissəsi üçün vergi dərəcələrinin, sığorta haqlarının aşağı salınması, vergi ödənişlərində müddətlərin verilməsi və cərimələrin hesablanması təmin edilib. Üçüncü istiqamət yeni layihələr həyata keçirməyə çalışan, yeni iqtisadi artım mənbələri yaradan, eyni zamanda, postpandemiya dövründə iqtisadi artıma dəstək verə biləcək sahələri əhatə edir. Pandemiyanın təsirinə məruz qala biləcək sahələrin dəstəklənməsi üçün əlavə maliyyə resurslarının, xüsusilə güzəştli maliyyə resurslarının sahibkarlara təqdim edilməsi aktual vəzifələdəndir. Sahibkarlar bir çox hallarda kredit götürdükləri zaman ya zəmanət mexanizmlərindən çətinlik çəkirdilər, ya da faizlərin yuxarı olmasından şikayət edirdilər. İndiki halda sahibkarların daha qısa müddətə daha güzəştli kreditlər əldə etmələri üçün yeni mexanizmlər hazırlanıb və bu da İqtisadiyyat Nazirliyi Sahibkarlığa İnkişaf Fondunun kredit vermək qaydalarında dəyişikliklərdə öz əksini tapıb”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər