BIR ÖMRÜN QISA TARIXÇƏSI.
(Portret cizgiləri)
Sahib Fərzəliyev: “ Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd, sədaqətli olmağı öyrətdi”.
Bir şəhərdə yaşamaqla 20 ildən çox tanışlığımız olsada, Sahib müəllimlə daha yaxından təmas-larımızın tarixçəsi bir neçə ildir. Bizi “Dostlar klubu” və bu klubda olan çox dəyərli insanlar birləşdirir. Biz, tez-tez dostlarla birlikdə bir yerdə oturub, çoxlu məsələləri müzakirə edirik. Bütün bu söhbətlərdə, müzakirələrdə Sahib müəllim öz ağlına, təfəkkürünə, düşüncə tərzinə, insanlarla münasibət qurmasına görə seçilir. Ona görə də biz onun söhbətlərinə, dünya məsələlərilə bağlı orijinal fikirlərinə maraqla qulaq asırıq. Bu, bəlkə də bir də ondan irəli gəlir ki, Sahib Fərzəliyev müəllimdir. Hər gün dərs dediyi Memarlıq və İnşaat Universitetinin tələbələri qarşısında çıxış etdiyinə və həmişə onların hər bir sualın cavabına hazır olduğuna görə bizimlə söhbətlərində də çalışır ki, pedaqoq təfəkkürünü qoruyub saxlasın. Bizi özünün məntiqi fikirlərinə yönəltsin. Sahib Fərzəliyev yol yoldaşı kimi də çox maraqlıdır. Çünki, yol boyu onun maraqlı lətifələrini, söhbətlərini, avazla Azərbaycan xalq mahnıları oxumasını biz böyük maraqla dinləyirik.
Bir müddət idi ki, dostum Sahib Fərzəliyevi oxuculara daha yaxından tanıtmaq istəyirdim. Amma macal tapa bilmirdik, nəhayyət biz bu imkanı əldə edə bildik.
Çox maraqlı həyat tarixçəsi olan ziyalımız Sahib Fərzəliyevlə oxucuları qısa da olsa tanış etmək istəyirəm.
Qısa arayış: Sahib Abduləli oğlu Fərzəliyev 1960-ci il may ayının 23-də Cəbrayıl rayonun Minbaşılı kəndində anadan olub. 1977-ci ildə Minbaşılı kənd orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub və “sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirib. Əmək fəaliyyətinə Sumqayıtdakı 3 saylı Evtikmə Kombinatında başlayıb. 1983-1987-ci illərdə, evtikmə kombinatının 103 saylı tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışıb. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna Baş elmi işçi-bölmə rəhbəri vəzifəsinə keçib. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olub, namizədlik dissertasiyasını tamamlayıb və müdafiə edərək, alimlik dərəcəsi alıb. 1987-1990-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Dəmir beton konstruksiyaları” kafedrasında saat hesabı, 1990-2011-cı illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 2011-ci ildən “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində işləyir. “İnşaat” fakültəsinin və Universitetin Elmi Şuralarının üzvü, Universitetin Elmi Şurası yanında “Elm və Təhsil üzrə Komissiyasının” sədridir. Sahib müəllim elmi-pedaqoji fəaliyyəti dövründə 150-ə yaxın elmi məqalənin, 17 tədris proqramın, 5 metodiki və 7 dərslik və dərs vəsaitinin müəllifidir. Həmçinin respublikamızın bir sıra aparıcı layihə İnstitutları ilə əməkdaşlıq edir. Respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində yaxından iştirak edir. Sahib Fərzəliyev respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1990-cı ildə Bakı şəhər sovetinin deputatı olub. 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər” Birliyini təsis edib və hal-hazırda həmin Birliyin sədridir. Birlik 21 ildir xeyirxah, humanist bir fəaliyyətlə məşğul olur. Bu dövrdə yerli və beynəlxalq təşkilatların- Böyük Britaniyanın OXFAM, ABŞ səfirliyinin Demokratiya Komissiyası, Avrasiya Fondu, Norveç qaçqınlar şurası, BMT QAK, Norveç səfirliyi, ABŞ-ın World Vision, Conterpart, USAİD, ACİ Budapest, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və sairələrin dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olub. Sahib müəllim pedaqoji sahədə uzun illər əmək sərf etdiyinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, müharibə veteranıdır. Bu xidmətlərinə görə də bir sıra orden, medal və dövlət təltifləri var. “Avrasiya” Memarlar Evinin qızıl medal mükafatçısıdır. Sahib Fərzəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlilidir. 2 oğlu, 4 nəvəsi var.
– Sahib müəllim maşallah zəngin tərcümeyi halınız var. Söhbətimiz əsasında qeyd etdiniz ki, elmi -pedaqoji fəaliyyətlə yanaşı respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində də yaxından iştirak edirsiniz. Onlardan bir necəsinin adını çəkə bilərsinizmi?
– İlk öncə istərdim bu tikinti layihələri anlayışına bir balaca aydınlıq gətirəm. İnsanlar tikinti layihələri dedikdə yalnız layihə müəllifi kimi memarları və konstruktiv həlləri verən konstruktorları düşünürlər. Onu deyim ki, bu layihələndirmə tikinti prosesinin yalnız 10-15 %-ni əhatə edir. Qalan 85-90 % -i onun tikinti istehsalatına aiddir. Mən tikiləcək obyektin “Tikintisinin təşkili layihəsini” işləyirəm. Bu layihə çərçivəsində tikinti üçün lazım olan resursların (material, işçi qüvvəsi, maşın mexanizm və vəsait) müəyən edilməsi və onlar arasındakı qarşılıqlı əlaqələri həll edirəm. O ki, qaldı sualın ikinci hissəsinə, mən bu dövrdə yüzlərlə iri tikinti layihələrinə imza atmışam. Onların sırasında gündə yanından ötüb keçdiyiniz Bakı şəhərindəki Beynəlxalq avtovağzalı, Bakı şəhərində Heydər Əliyev prospekti 102 ünvanında 32 mərtəbəli Biznes mərkəzi, Dövlət Neft Şirkətinin (SOCAR) 43 mərrtəbəli yeni inzibati binası, Heydər Əliyev prospektində respublikamızın ən hündür binasi (249 m) olan “Baku Tower” 52 mərtəbəli inzibati binası və sairəni qeyd edə bilərəm.
– Elmi- pedaqoji fəailiyyət ağır bir işdir. Bəs bunlarla yanaşı bu layihə işlərinə necə vaxt ayırırsınız?
– Onu deyim ki, əgər istənilən elm adamı öz işlərini istehsalatda tətbiq etmirsə o mənasız bir fəaliyyət olur. Bu baxımdan bu mənim üçün çox maraqlıdır. Həm də əsas qazancımız bu işlərdəndir. Bəzən bir layihədən bir illik elmi-pedaqoji fəaliyyətdən çox vəsait qazana bilirəm. Belə olan halda niyə də vaxt ayırmamalıyıq? Həm də mən yuxarıda qeyd etdim ki, bir sıra layihə institutları ilə əməkdaşlıq edirəm. Onların sırasında AzMİU-nun “Layihə İnstitutu” mənim üçün daha önəmlidir. Mən həm də ekspert kimi də fəaliyyət göstərirəm. Bu da pullu bir xidmətdir. Respublikamızın tikinti istehsalatında çoxlu problemlər və mübahisəli məsələlər mövcuddur. Belə işlərdə professional mütəxəssislərə ehtiyac olur.
-Çox yaxşı. Sahib müəllim siz həm də ali təhsil müəssisəsində dərs deyirsiniz, alimsiniz, kafedra müdirisiniz bəs elm, təhsil sahəsində vəziyyət necədir?
– Bu çox geniş bir mövzunun sualıdır. Ancaq qısa fikrimi bildirə bilərəm. Sovetlər Birliyi dağılandan sonra bu sahədə də baş verən dəyişikliklər və onlardan doğan problemlər hələ də özünü göstərir. Təhsil hər bir xalqın inkişaf göstəricisi deməkdir. Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili, strateji üstün sahə elan edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edirlər. Keyfiyyətli təhsil ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi, insan kapitalının məqsədyönlü inkişafı deməkdir. Nə qədər çətin olsa da biz, hökmən təhsilimizi inkişaf etdirməliyik. Bu, bizim yeganə çıxış yolumuzdur. Orta məktəblərlə bağlı aparılan islahatlar məni sevindirir. Çünki, orta məktəblərdə çoxlu problemlər mövcuddur. Ali təhsil üçün baza orta təhsil müəssisələridir. Onun səviyyəsi nə qədər yüksək olsa o zaman ali təhsilin də keyfiyyəti artar. Əlbəttə, ali təhsil müəssisələrinin də öz problemləri mövcuddur. Keçid dövrü üçün bu problemlər labuddur. Dövlət də bu istiqamətdə çoxlu işlər görür. Bunları danmaq olmaz. Bunların sırasında son illərdə qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı və sairə belə önəmli qərarların adını çəkə bilərəm. Təkcə sonuncu Dövlət Proqramda Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası üçün ikili diplom proqramlarının həyata keçirilməsi, xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili, tədris proqramlarının beynəlxalq standarlara uyğunlaşdırılması, əcnəbi tələbə və professor-müəllim heyətininin tədrisə cəlb etməsi və s. kimi məsələləri nəzərdə tutulmuşdur. Bu fakt da çox ürək açandır. Bu ildən isə dövlət sifarişli yerlərin sayı 12 mindən 20 minə qaldırıldı. Bu o deməkdir ki, 66,1 % imkansız ailələrin uşaqları ali təhsil almaq imkanı əldə edəcəkdir.
Amma elm sahəsində işlər heç də ürək açan deyil. Yaşlı nəslin nümayəndələri artıq qocalıblar, yeni nəsl isə yaranmayıb. Bu, əlbəttə, yaxşı hal deyil. Bu, həm təhsilimizə, həm də elmi potensialımıza öz mənfi təsirini göstərir. Ancaq bununla belə dövlətin qəbul etdiyi son Proqram göstərir ki, dövlət bu sahədə də öz dəstəyini əsirgəmir. Məhz buna görə də biz, gənclərimizi xarici ölkələrə göndərib onların elmi potensialını gücləndirməliyik və ölkəmizdə yeni bir nəslin yetişməsinə hamılıqla dəstək verməliyik.
-Hər dəfə sizinlə söhbət əsnasında qeyd edirsiniz ki, hərbi xidməti Əfqanıstanda keçirmisiniz. Müharibə veteranısınız. Odun alovun içindən keçmisiniz. O illəri necə xatırlayırsınız?
– Açiğı hec xatırlamaq istəmirəm. Həyatımın ən ağır illəri olub o, illər. Nə bilim bəlkə də alın yazım olub. Əfqanıstan müharibəsi ilə bağlı Sovet dövründə danışmaq bizə yasaq olub. Demək olar biz, o dövrün siyasətinin qurbanları olmuşuq. Ancaq indi danışmasaq bəs nə vaxt danışarıq?.. Düz 40 il əvvəl Sovet ordusu Əfqanıstana daxil olmuşdur. Tarixən qeyri-sabit bu regiona qoşunların yeridilməsinə o illərdə olduğu kimi, indi də müxtəlif səbəblər gətirilir. Sovet ordusunun oradakı fəaliyyətinə beynəlmiləl borcu, işğal, silahlı müdaxilə, dostluq köməyi, aprel inqilabını qorumaq və sairə kimi adlar verilir. Həmin illərdə Sovet ordusu Əfqanıstanda olduğu müddət 620 minə yaxın (Azərbaycandan – 10000 nəfərə yaxın) zabit, gizir, çavuş və əsgər 416 iri miqyaslı əməliyyatlarda iştirak edib. Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak ediblər. Ümumi döyüşlərdə iştirak edən Sovet ordusunun Əfqanıstanda itkiləri 14 453 (Azərbaycandan – 208) nəfər olub, 417 nəfər əsir və itkin düşüb (Azərbaycandan – 7 nəfər), onlardan 119 nəfəri sonradan əsirlikdən azad olunublar. 86 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, onlardan 25 nəfəri ölümündən sonra, 200 min nəfər isə müxtəlif orden və medallarla təltif olunublar.
-Bunlar çox maraqlı faktlardır. Bəs necə oldu sizı Əfqanıstana apardılar?
-1979-cu ildə aprelin 21-də bizi Macarıstana hərbi xidmətə yola saldılar. Hərbi xidmətimiz ilk günündən çox çətin keçirdi. Mən sonralar bunu xatırlayanda deyirəm: “Sanki əvvəldən bilirdilər ki, bizi Əfqanıstana aparacaqlar, ona görə də bu dərəcədə ciddi hərbi hazırlıq aparılırdı”. Hərbi xidmətə sıravi əsgər (pulemyotçu) kimi başlamışam. Lakin, Əfqanıstanda hərbi xidmətdə nümunəvi xidmətimə görə baş serjant rütbəsinə qədər yüksəlmişəm. Bölüm komandiri olmuşam. Biz, Macarıstanda 1980-cı il yanvarın 12-də səfərbər olduq, amma demədilər, hara gedirik. Yalnız Özbəkistanın Termez şəhərində bizi təpədən dırnağa qədər silahlandıranda bildik ki, Əfqanıstana gedirik. Orada qorxusundan özünü güllələyənlər də oldu. 1980-cı il fevral ayının 2-də gecə yarısı bizi oyatdılar və “Cəbhəyə gedən polk, düzlən” komandası verildi və elan olundu ki, biz, Əfqanıstanda aprel inqilabının nailiyyətlərini qorumaq üçün şərəfli bir vəzifəni icra etməliyik. Əfqanıstan sərhədlərini keçərək bu ölkəyə daxil olduq. Həmin gecə bizi Məzari Şərif əyalətinə gətirdilər, hansı ki, burada SSRİ-nin 5 respublikasını qazla təchiz edən qaz emalı zavodu yerləşirdi. Bizə bu zavodun mühafizə olunması tapşırıldı. O zaman bizi təlimatlandırdılar ki, “düşmənlər” çox çalışacaqlar ki, bu zavodu partlatsınlar. Həmin vaxtı da çox ağır günlər idi, qış ayı idi, zirehli maşında yatırdıq, bu da çox əzablı idi. İsti yemək, içmək də yox idi. Gecələr siqaret yandırmaq belə qadağan idi. Hər işığa, işıltiya güllə atırdılar. Biz, may ayına qədər burada qaldıq.
– İlk hərbi əməliyyatı necə xatırlayırsınız?
– İlk hərbi əməliyyat polkumuzun yerləşdiyi Puli-Xumri əyalətində mart ayının 5-dən 7-dək həyata keçirildi. O günü heç vaxt unutmaram. Təkcə ona görə yox ki, ilk dəfə canlı döyüş səhnəsi görürdüm. Yaxşı yadımdadır ki, polkumuzun komandiri martın 8-də şəxsi həyat qarşısında çıxış etdi, polkun döyüş hazırlığını yüksək qiymətləndirdi. Sonda təəssüf hissi ilə qeyd etdi ki, “müharibənin belə reallıqları da var. Bu gün biz bu bayram günündə analara 7 əsgərimizin tabutunu göndərəsi olduq…” Mən ilk dəfə əfqanların “kışlaklarını” (kəndlərini) görəndə təsəvvürüm çox dəyişdi və elə zənn etdim ki, başqa bir planetə düşmüşəm. Onların insanları çox binəva idi. Ümumilikdə, insanlar çox qorxurdular, çünki heç vaxt belə amansız zirehli maşınlar, tanklar, toplar, döyüş vertalyotları və sairə görməmişdilər. Bizim dövrdə Sovet qoşunları çox amansız idi. Bütün son dövrün silahları sınaqdan keçirilirdi.
-Bu müharibədə nə itirdiniz, nə qazandınız, aldığınız dərslər nə oldu?
– Müharibədə ən çox itirdiyim sağlamlığım oldu. 2 ilə yaxın bir dövrdə qurudulmuş çörək və konservləşdirilmiş yemək yeyən adamın sağlamlığı necə olardı? Müharibə mənim həyatımda çox böyük bir sınaq imtahanı oldu. Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd, sədaqətli olmağı öyrətdi. Bu müharibədə iştirak etdiyimə görə məndən çox, əsasən, yaxınlarım, dostlarım, qohumlarım və övladlarım qürur hissi keçirirlər. Qohumlarım, yaxınlarım həm də məni ona görə çox istəyirlər ki, mən müharibə veteranıyam.
– Birdə nə vaxtsa Əfqanıstanda olmaq istəyərsinizmi?
-Heç vaxt olmaq istəmərəm. Bir Alman şirkəti film çəkmək istəyirdi. Orda Əfqanıstan və sovetlər tərəfindən vuruşan döyüşçülərin görüşü nəzərdə tutulmuşdu. Heç kəsə o görüş maraqlı olmadı. Mənə də təklif gəlmişdi. Mən də həmin təklifdən birmənalı imtina etdim. Çünki, o anları bir də xatırlamaq istəmirəm. Bizim kənddə bir Bəndiyalı kişi vardı. Muharibə veteranı idi. Müharibədən söz düşəndə qaçırdı. Biz də uşaq vaxtı ona gülürdük. Müharibəni görəndən sonra bildim ki, niyə Bəndiyalı kişi müharibədən söz düşəndə qaçırmış.
-Qarabağ müharibəsində Əfqan veteranlarından istifadə olunurdumu?
– Əlbəttə. Azərbaycan Milli ordusunun yaranmasında əsas baza hissi kimi Əfqanıstan Veteranlarından istifadə olunub. Bu müharibədə Azərbaycan “Milli Qəhrəmanı” adına 7 nəfər, “Azərbaycan Bayrağı” ordeninə 37 nəfər Əfqanıstan müharibəsi veteranı layiq görülüb. Elə bu 2 rəqəm çox məqamdan xəbər verir.
– Bu gün doğulub boya başa çatdığınız Cəbrayıl rayonu işğal altındadır. Doğma yurdunuz yadınıza düşürmü?
– Hə… Təəssüf ki, bu belədir. Bu işğaldan çəkdiyim əzab Əfqanıstanda çəkdiyim əzabdan qat-qat çoxdur. Bunu da hər adam hiss etməz. Necə ki, baba olmayan nəvə hissini yaşaya bilməz.
-Doğma yurdunuz yadınıza düşürmü, yuxularınıza gəlirmi?
-Mən, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədriyəm və biz Sumqayıtda çoxlu layihələr icra etmişik. Onların sırasında məcburi köçkünlərlə bağlı da kifayət qədər işlər görmüşük. Bu dövrdə bir həmyerlimlə tanış olmuşdum. Vaqif Tumaslı. Allah rəhmət eləsin indi dünyasını dəyişib. O, iki gözdən əlil idi. Ancaq çox gözəl şerləri vardı. O, deyirdi, qızı Çinarə onun şeirlərini yazıya köçürürdü. Sonra mən onun kitabının çap olunmasına da yardımçı oldum. Onun bir şeri yadıma düşdü. Şeiri əzbər bilmirəm, ancaq məzmunu belə idi “gecələr yuxuma gələydi kaş, bir quş olub havasında uçaydım kaş, Füzulidən Cəbrayılacan dizin-dizin gedəydim kaş, gözü doyunca da baxıb sonra öləydim kaş” və sairə kimi fikirlər vardı. İndi də mən.. nə deyim?..
– Əfqanıstan müharibəsinin iştirakçısı kimi Qarabağ probleminin həlli ilə bağlı nə düşünürsünüz?
– Qarabağ probleminin bir həlli var. O da torpaqlarımızı döyüşlə işğaldan azad etmək. Vəssalam. Ermənilər heç vaxt bizə elə belə torpaq verməyəcək. Bunun üçün də indiki qədər hec vaxt şanslı olmamışıq.
-Siz Potensial Sumqayıt Mütəxəssislər Birliyindən danışdınız. Bu dövrdə orada nə işlər görmüsünüz?
-Birliyimiz fəaliyyəti dövründə çox işlər görüb. Bunu Sumqayıtlılar çox yaxşı bilirlər. Çünki, ən çox faydalananlar da onlardır. Bizim Birliyin yaratdığı “Pulsuz Hüquqi Yardım Mərkəzi”ndən 20 mindən çox soydaşımız bəhrələnib. Bunları pula çevirsək bu o deməkdir ki, biz 20 ildə şəhərimizə hər il yarım milyon investisiya qoymuşuq. Respublikamızın 25 rayonunda fəaliyyətimiz olub. Respublika səviyyəli layihələrin iştirakçısı olmuşuq. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının” respublika üzrə monitorinqini həyata keçirmişik. Bu çox böyük işdir. Nazirlər Kabinetinin Katibliyində təmsil olunmuşuq. Birliyimiz Respublikada seçilmiş 7 Dəstək QHT-sindən biridir. Yəni, ən inkişaf etmiş, güclü QHT-lərdən biridir. Bir sözlə, bu dövrdə yüksək intellektual potensiallı mütəxəssisləri bir təşkilatda birləşdirərək оnların inellektual pоtеnsialından istifadə еtməklə hüquqi, dеmоkratik, dünyəvi dövlət quruculuğu yоlunda оlan Rеspublikamızın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində, dövlət idarəçilik sistеminin təkmilləşdirilməsində və ölkədə vətəndaş cəmiyyətinin fоrmalaşmasında həmişə fəal iştirak еtmişik.
-70 yaşını qeyd etməyə hazırlaşan yaşadığınız Sumqayt şəhəri haqqında nə demək istərdiniz?
-Mənim aktiv həyatımın 42 ili Sumqayıtla bağlıdır. Övladlarım bu şəhərdə doğulub, onlar sumqayıtlıdır. Mən də özümü artıq sumqayıtlı hesab edirəm. Sumqayıtımız günü-gündən gözəlləşir, inkişaf edir. Yuxarıda qeyd etdiyim kimi, bu illərdə mən də Sumqayıt üçün az iş görməmişəm. Sevinirəm ki, bu doğma şəhərimiz üçün mən də nə isə edə bilmişəm. Gəlin onu da danmayaq ki, son 4 ildə 70 illikə Sovet hökumətinin görə bilmədiyi işlər görülüb. Şəhər simasını tamam dəyişib. Bakıdan insanlar böyük həvəslə Sumqayıt Bulvarına gəzməyə gəlirlər. Ümumiyyətlə, Sumqayıtın son 4 ili ilə bağlı çoxlu belə nümunələr göstərmək olar. Ona görə də deyirəm: “Sumqayıtımızın 70 yaşı mübarək olsun!”.
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi.