“Son 5 ildə yalnız Azərbaycan çayı içirəm” — Rusiyalı nazir

1413

“Ölkə.Az” xəbər verir ki, bu barədə jurnalistlərə Moskva Hökumətinin naziri, Ticarət və Xidmətlər Departamentinin rəhbəri Aleksey Nemeryuk Moskvanın Tver meydanında Azərbaycan şəhərciyinin açılış mərasimində bildirib.

A.Nemeryuk qeyd edib ki, sərgidə çox gözəl çay növlərini görmək, Azərbaycanın mədəniyyəti, turizm potensialı ilə tanış olmaq, ustad dərslərində iştirak etmək olar. O deyib: “Azərbaycan çox maraqlı ölkədir, orada görməli çox şey var. Ümidvaram ki, bu günəşli günlərdə sərgiyə gələn moskvalılar daha sonra Azərbaycanı turist qismində ziyarət edəcəklər. Biz də öz adımızdan bütün azərbaycanlıları Moskvaya dəvət edirik”.

Moskva meriyasının nümayəndəsi Azərbaycan çayını çox xoşladığını bildirib. A.Nemeryuk deyib: “Son 5 ildə mən yalnız Azərbaycan çayı içirəm. Bu, çox keyfiyyətli və yaxşı məhsuldur. Sizdə hazırlanan nar şirəsi və mürəbbələr də mənim çox xoşuma gəlir. Rusiyada mürəbbəni sevirlər, əfsuslar olsun ki, bizdə bu qədər çeşid yoxdur. Bu səbəbdən mən ümid edirəm ki, moskvalılar sərgidə Azərbaycan məhsulları ilə tanış olacaq, daha sonra onları paytaxt mağazalarında əldə edə biləcəklər”.

Moskva Hökuməti Departamentinin rəhbəri paytaxtda çoxlu sayda azərbaycanlıların yaşadığını xatırladaraq deyib: “Artıq tarixən yaranmış müəyyən sahələr var ki, orada biz azərbaycanlılar olmadan keçinə bilmirik. Əlbəttə, biz çox şadıq ki, səfir bu məsələyə böyük diqqət ayırır və bütövlükdə, Moskva və Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət mövcuddur. Ümidvaram ki, əməkdaşlığımız çərçivəsində atılan növbəti addım olan bu sərgi mütəmadi hal alacaq. Burada həm Azərbaycandan gəlmiş istehsalçılar, həm də artıq moskvalı və respublikanın Moskvada, ümumilikdə Rusiyada nümayəndələrinə çevrilmiş azərbaycanlılar iştirak edirlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər