Sonu ölümlü… – ARAŞDIRMA

817

Varlı-kasıb tanımayan xəstəlik Azərbaycan üçün də təhlükəli bəlaya çevrilir

4 Fevralın – Xərçəngə Qarşı Mübarizə günüdür. Xərçəng xəstəliyi, başqa sözlə, bədxassəli şiş bu gün dünyanın ən qorxulu bəlaları sırasındadır. Varlı, kasıb tanımır. Hətta “Apple” kimi dünyanın ən varlı şirkətinin rəhbəri Stiv Cobsun da yaşam mücadiləsi nəticəsiz oldu. Proqnozlar da qorxuludur. Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ildə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayının 24 milyona yüksələcəyini, bu xəstəlikdən ölənlərin sayının isə 16 milyona çatacağını proqnozlaşdırır.

 

 

Azərbaycan reallığı

 

 

Azərbaycanda da vəziyyət fərqli deyil. 2012-ci ilin statistikası barədə rəsmi məlumat açıqlanmayıb. Ancaq 2007-ci ildən 2011-ci ilə qədərki statistikaya nəzər salmaq da yetərlidir. Əgər 2007-ci ildə ölkədə 24 min 431 nəfər onkoloji xəstə olubsa, 2011-ci ildə 28 min 685 belə xəstə olub. Yaxud 2010-cu ildə ilk dəfə qoyulmuş diaqnozla 7 min 626  belə xəstə qeydiyyata alınıbsa, 2011-ci ildə bu göstərici 8 min 672 nəfərə çatıb. Yəni 1 il ərzində 13 faizdən artıq artım müşahidə olunub. Xərçəng qadınla kişiyə də fərq qoymur. 2011-ci ildə xərçəngə mübtəla olanların 4 min 233 nəfəri kişi, 4 min 439 nəfəri qadın olub. Mənzərənin daha aydın olması üçün onu da deyək ki, hər 1 milyon qadından 973-ü, hər bir milyon kişidən  943-ü xərçəngdən əziyyət çəkib.

Xərçəng xəstəliyindən əziyyət çəkənlərin yaş bölgüsü də diqqət çəkir. 2011-ci ildə Azərbaycanda 40-59 yaşlı insanlar arasında 4 min 91 nəfərə, 60 yaşdan yuxarı insanlar arasında 3 min 775 nəfərə belə diaqnoz qoyulub.

 

Azərbaycanda qadınlar və kişilər arasında yayılan xərçəng xəstəliyinin növləri də dünya statistikasından ciddi surətdə fərqlənmir. Dünya üzrə orta statistik göstəricilərə görə, süd vəzisi xərçəngi üzrə hər 100 xəstənin 98-i qadındır, 1-2-si kişidir. Mədə xərçəngi 3:2 nisbətindədir.  Yəni 3 xəstə kişiyə 2 xəstə qadın düşür. Ağciyər xərçəngi üzrə hər 100 xəstənin 90-ı kişidir, 10-u qadındır. Bu göstəriciləri Azərbaycana da aid etmək olar.

 

 

Çarəsi…

 

 

Bu gün bir çox dünya ölkələrində olduğu kimi, elə Azərbaycanın özündə də əhali arasında belə söz-söhbət gəzir ki, əslində xərçəng xəstəliyinin çarəsi tapılıb, lakin xərçəng xəstəliyindən milyardlar qazanan tibb-dərman şirkətləri şəbəkəsi gəlirlərini itirməmək üçün bunu açıqlamır. Lakin həkimlər bunu inandırıcı saymırlar. Məsələn, Türk Tibbi Onkoloji Dərnəyinin sədri professor Pınar Saip bildirir ki, öncə xərçəngin tək bir xəstəlik olmadığını nəzərə almaq lazımdır, yaranması, xarakteri, müalicəsi çox fərqli olan xəstəliyə verilən bir addır. Ona görə də tək bir dərmanla bütün xərçəng xəstəliklərinin müalicəsi mümkün ola bilməz. Hətta qadınlarda tez-tez rast gəlinən süd vəzi xərçənginin belə beş növü var. Digər tərəfdən, əgər xərçəngi tam müalicə edən bir dərman kəşf olunubsa, bunu kəşf etmiş dərman şirkəti nə üçün dərhal bunun satışına başlayıb, milyardlar əldə etməsin, dünya dərman bazarında şəriksiz liderə çevrilməsin?! Üçüncüsü, dünyanın bugünkü inkişaf səviyyəsində belə məlumatları gizli saxlamaq imkansızdır. Dördüncüsü, müasir dövrdə dərman kəşfi ilə bağlı araşdırmalar aparmaq çox çətindir, ən azı 1 milyard dollar vəsait tələb edir. Nəhayət, xərçəngin müalicəsi ilə məşğul olan professorlar və məşhur dərman şirkətlərinin rəhbərlərinin də bu xəstəliyin qurbanı olduğu hallara az rast gəlinməyib. Deməli, xərçəngin çarəsi tapılsaydı, o insanlar ölməzdilər.

Üstəlik, dərman şirkətlərinin rəhbərlərinin də yaxın qohumları, ailə üzvləri xərçəngdən sığorta olunmayıb.

 

 

Önləmək yolları

 

 

Dünya tibb elminin gec-tez xərçəng xəstəliyinə çarə tapacağına hər kəs inanır. Hüceyrə ilə bağlı araşdırmalar, genetika ilə bağlı əldə olunan uğurlar buna əsas yaradır. İndiki mərhələdə isə inkişaf etmiş dövlətlərdə və cəmiyyətlərdə səhiyyə sistemində əsas diqqət bu xəstəliyi önləməyə, yaranmasının qarşısını almağa istiqamətlənib. Birinci tövsiyə odur ki, insanlar il ərzində ən azı 1-2 dəfə müayinədən keçməlidirlər. İlkin mərhələdə tətbiq edilən müalicə formaları nəticəsində xəstəlikdən qurtulmaq şansı yüksəkdir. Orta və ağırlaşmış mərhələdə isə bu şans minimuma enir. Lakin hansısa formada qidalanma yolu ilə bu xəstəliyin qarşısının alınmasının məsələsində birmənalı qənaət yoxdur. Məsələn, son zamanlar genetika sahəsində böyük uğura imza atan, DNT-nın şifrələrini çözən Nobel mükafatı laureatı bioloq Ceyms Vatsonun antioksidanlarla bağlı araşdırması buna ən yaxşı misaldır. Araşdırmasının nəticələrinə əsaslanan Vatson bəyan edib ki, tərkibində antioksidan olan meyvə-tərəvəzlərin xərçəngin qarşısını aldığı barədə fikirlər yanlışdır, hətta belə meyvə-tərəvəzdən çox istifadə edilərsə, bunun özü də xərçəngə yol açır.

Dünya tibb elmi bir zamanlar C vitaminin də xərçəngin qarşısının alınması və müalicəsində ciddi rol oynayacağına inam olub, lakin bu ümid özünü doğrultmayıb. Məsələn, kimyəvi müalicə zamanı xəstəyə C vitamini verilən zaman bu müalicənin təsirinin azaldığı üzə çıxıb. Yaxud bir dönəm həkimlər yüksək dozada A vitaminin insanları ağciyər xərçəngin qoruduğuna inanılıb, lakin xərçəng xəstələrinə yüksək dozada A vitamini verilən zaman onların bir çoxunun səhhəti ağırlaşıb.

Həkimlərin hazırda ümumi fikri budur ki, ekoloji cəhətdən təmiz mühitdə yaşamaq və ekoloji cəhətdən təmiz qidadan istifadə etmək bu xəstəlikdən qorunmağa yardımçı olur. Tərəvəzin yetişdirilməsində kimyəvi gübrələrin geniş istifadə edildiyi cənub rayonlarımızda, o cümlədən ekoloji durumun ürəkaçan olmadığı paytaxt Bakıda xərçəng xəstələrinə daha çox rast gəlinməsi də ekoloji təmiz mühit və qidanın nə dərəcədə mühüm olduğunu göstərir. Ancaq Vatsonun yuxarıda qeyd etdiyimiz araşdırmalarını da unutmamalı, ekoloji təmiz hər hansı qida növündən də həddən artıq istifadə etməyin xərçəng kimi təhlükəli xəstəliyə zəmin yaratdığını da nəzərə almalıyıq./lent.az/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər